Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Bakının xarici "məsləhətçilərə" ehtiyacı yoxdur, təzyiqlər nəticə verməyəcək" - Fərhad Məmmədov

"Ermənistanda parlament seçkiləri başa çatdı. Mövcud mənzərəni qiymətləndirərkən konstasiya etmək olar ki, bu ölkədə hakimiyyətdə yenə də Azərbaycanla sülh gündəliyini razılaşdıran qüvvə qaldı. Bu isə sülh prosesinin davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Bu barədə tanınmış politoloq Fərhad Məmmədov Ermənistandakı seçkilərdən sonra regionda formalaşan yeni siyasi reallıqları şərh edərkən bildirib.

Sülh sazişinə gedən yolda yeganə maneə

Politoloq qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi konkret addımlar ardıcıllığı üzərində qurulub və bura Ermənistanın yeni Konstitusiyası üzrə referendumun keçirilməsi də daxildir:

"Bu yeni Əsas Qanunda Azərbaycana qarşı ərazi iddiaları yer almamalıdır. Hazırda Ermənistanın hakim partiyasının parlamentdə referendum elan etmək üçün prosedurları başlatmağa kifayət qədər deputat yeri yoxdur. Lakin bu, referendumun keçirilməsinin qeyri-mümkün olması demək deyil. Ermənistanın ərazi iddialarından təmizlənmiş Konstitusiyası sülh sazişinə gedən yolda yeganə maneədir və bu maneə mütləq dəf olunmalıdır".

F.Məmmədovun sözlərinə görə, bu prosesin nə qədər vaxt aparacağı birbaşa Ermənistan hökumətindən asılıdır: "Baş nazir Nikol Paşinyan özü bəyan etmişdi ki, yeni Konstitusiya “Qarabağ hərəkatı”na son qoymalıdır. Prosedur məsələləri başa çatdıqdan sonra Ermənistanın yeni hökuməti ötən il razılaşdırılmış və ardıcıllığı müəyyən olunmuş sülh gündəliyi ilə bağlı mövqeyini dəqiqləşdirməli olacaq".

Ekspert vurğulayıb ki, Azərbaycan tərəfi əldə olunmuş razılaşmalara həmişə məsuliyyətlə yanaşır. Rəsmi Bakı Ermənistandakı seçki kampaniyası dövründə maksimum təmkin nümayiş etdirərək, sülh gündəliyi çərçivəsindəki addımları adi rejimdə reallaşdırıb.

"Bu, böyük bir həyasızlıqdır!"

Bununla belə, politoloq Ermənistandakı seçki nəticələri bəlli olan kimi bəzi avropalı siyasətçilərin və ekspertlərin yenidən fəallaşmasına kəskin reaksiya verib:

"Təəssüf ki, seçki nəticələri açıqlanandan dərhal sonra bir sıra avropalı siyasətçilər, jurnalistlər və ekspertlər referendumun keçirilməsinin qeyri-mümkünlüyünü tirajlamağa başladılar. Onlar Azərbaycana ağıl öyrədir, referendum olmadan sülh sazişi imzalamağı tələb edirlər. Hətta bəziləri öz məqalələrində bizə diktə edən tonla "bunu etmək lazımdır" kimi ifadələr işlədirlər. Bu, böyük bir həyasızlıqdır! Biz bunu onlara hələ xatırladacağıq".

Fərhad Məmmədov xatırladıb ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesi tamamilə ikitərəflidir: "Hər kəs öz məsləhətini özünə saxlaya bilər! Ən azından Bakının heç kimin məsləhətinə ehtiyacı yoxdur. Biz bunu 2021-2024-cü illərdə də görmüşdük. İndi haradadır o "məsləhətçilər"? Yaxın keçmişin səhvlərini təkrarlamaq lazım deyil".

"Bakı və İrəvanın razılaşdığı məsələyə xarici müqavimət təsir edə bilməz"

Politoloq bəzi xarici şərhçilərin Azərbaycana və Prezident İlham Əliyevə təzyiq göstərmək çağırışlarını da təhlükəli meyl adlandırıb:

"Təcrübə göstərdi ki, Azərbaycan hər bir təzyiqə sinə gərir və bu cür cəhdlərin heç bir effekti yoxdur. Əksinə, xarici təzyiqlər ikitərəfli danışıqlar formatındakı müsbət atmosferi poza bilər. Hansı ki, bu format artıq konkret nəticələr verməkdədir və bu nəticələr gündəlik xəbər lentinin normal axarına çevrilib".

F.Məmmədov sülh prosesində hazırda "imkanlar pəncərəsi"nin olduğunu iddia edən xarici oyunçuların regionun reallıqlarından uzaq olduğunu qeyd edib:

"Həmin kəmfəhm dairələr anlamırlar ki, bu imkanlar pəncərəsini açan məhz Azərbaycan və Ermənistanın özüdür. Bu pəncərənin nə qədər açıq qalacağı isə ilk növbədə Bakı və İrəvandan asılıdır. Sülh prosesində Aİ, ABŞ, Rusiya və ya İrandan asılı olan heç nə yoxdur. Bu ölkələr prosesə yalnız kömək edə bilər və ya mane ola bilərlər. Əgər Bakı və İrəvan sülh gündəliyində nəyisə razılaşdırıblarsa, heç bir xarici dövlətin müqaviməti nəticə verməyəcək. Sülh prosesini dəstəklədiyini bəyan edən ölkələr yalnız razılaşdırılmış ardıcıl addımların reallaşmasına kömək etməlidirlər, vəssalam".

Şərhinin sonunda ekspert vurğulayıb ki, Ermənistandakı seçkilərin nəticələri sülh prosesi üçün yeni bir sınaq və çağırış yaradıb: 

"Lakin bu çağırışlar yalnız Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar yolu ilə, həmçinin Ermənistanda Konstitusiya referendumu da daxil olmaqla, bütün ardıcıl addımların yerinə yetirilməsi ilə dəf oluna bilər".

Turqut