Rusiyadan ABŞ-yə dizel aparan 8 tanker yola düşüb
05 Noyabr 2026
Ukrayna hakimiyyəti 300 min tondan çox Rusiya dizel yanacağı daşıyan səkkiz tankerin ABŞ-yə yol aldığını bildirir. Ukrayna hökumətindəki mənbələr bu barədə noyabrın 3-də AzadlıqRadiosuna məlumat veriblər.
Gəmilərdən yeddisi təyinat məntəqəsi kimi ABŞ-ni göstərib. Yunanıstan bayrağı altında üzən "Athina M." adlı səkkizinci gəminin də eyni istiqamətdə hərəkət etdiyi ehtimal olunur.
Mənbələr "Leruo", "Primorye", "Manta" və "Feliks" adlı dörd tankerin Avropa İttifaqı, Böyük Britaniya və Ukraynanın sanksiyaları altında olduğunu bildiriblər.
Oktyabrın 9-da ABŞ Maliyyə Nazirliyi Rusiya dizel yanacağının dünya bazarlarına tədarük edilməsinə dair ümumi lisenziya verib. Bu addımın məqsədinin qiymət artımı təzyiqlərini azaltmaq olduğu bildirilib.
Sözügedən gəmilər yüklərini oktyabrda Rusiya limanlarında vurublar. Onların ABŞ-yə noyabrın 7-dək və ya 18-dək çatacağı gözlənilir.
13 gəmi
ABŞ-dəki iki ictimai təşkilat isə ABŞ limanlarına Rusiya dizel yanacağı çatdıra biləcək 13 gəmini izlədiklərini bəyan ediblər.
Amerika Ukrayna Koalisiyası (American Coalition for Ukraine) və "Razom for Ukraine" təşkilatları "Taurus" və "Agioi Fanendes" gəmilərinin böyük ehtimalla Rusiya yanacağı daşıdığını deyirlər.
"Taurus" gəmisi Rusiya dizel yanacağı daşısa da, yüklə bağlı heç bir rəsmi sənəd yoxdur. "Agioi Fanendes" tankerinin isə tərkibində kükürdün miqdarı olduqca aşağı olan, təxminən 40 min ton Rusiya istehsalı dizel yanacağı daşıdığı güman edilir. Ukrayna hökumətində adının açıqlanmasını istəməyən mənbələr isə bu gəminin 35 min 700 ton yanacaq daşıdığını və Atlantik okeanı boyu qərbə doğru hərəkət etdiyini bildiriblər.
Ekspertlər bu daşımaların hüquqi riskləri barədə xəbərdarlıq ediblər.
Amerika Ukrayna Koalisiyasının siyasət üzrə direktoru Yevgeni Qonçarov AzadlıqRadiosuna bildirib ki, Rusiya dizel yanacağının idxalı ABŞ üçün iqtisadi baxımdan o qədər də əhəmiyyətli deyil, amma bu, Moskvaya gəlir qazandırır.
"Dizel yanacağı ilə bağlı bu sövdələşmə sözün əsl mənasında absurddur", – deyən Qonçarovun fikrincə, bu tədarüklər amerikalı istehlakçılar üçün qiymətləri aşağı salmayacaq.
O, ABŞ-nin özünün də dizel yanacağı ixracatçısı olduğunu xatırladaraq, bu addımın yaradacağı presedentdən narahat olduqlarını vurğulayıb.
Hüquqi məsələ
Nyu-Cersi ştatından olan konqresmen Miki Şerrill liman rəsmilərinə və terminal operatorlarına xəbərdarlıq edib ki, Rusiya dizel yanacağının qəbulu federal qanunvericiliyin pozulması sayıla, həmçinin onlara mülki və cinayət məsuliyyəti yarada bilər.
Maliyyə Nazirliyinin lisenziyası 2027-ci il aprelin 7-dək Rusiya mənşəli dizel yanacağı ilə bağlı əməliyyatlara, o cümlədən onun ABŞ-yə idxalına icazə verir.
Amma 2022-ci il də qanunu Rusiyadan enerji məhsullarının idxalını qadağan edir. Qanuna əsasən, bu qadağa yalnız o zaman ləğv edilə bilər ki, prezident Rusiyanın qoşunlarını geri çəkməyə və Ukraynadakı hərbi əməliyyatları dayandırmağa razılaşdığını təsdiqləsin. Qadağanın ləğvi üçün həmçinin 90 günlük gözləmə müddəti də nəzərdə tutulur ki, bu müddət ərzində Konqres qərarı əngəlləyə bilər.
Tramp administrasiyası isə qərarını müdafiə edib. Ağ Evin sözçüsü bildirib ki, bu sövdələşmənin məqsədi bazarda təklifi artırmaq və amerikalı istehlakçılar üçün yanacaq qiymətlərini aşağı salmaqdır.