Rusiyada dələduzluq epidemiyası: telefon fırıldaqçıları, "Dolina effekti"
04 Dekabr 2025
Rusiyada dələduzluq epidemiyası yaşanır: telefon dələduzları milyardlar qazanır, mənzilləri, əmanətləri ələ keçirirlər.
Rusiya Ukraynanın işğal etməyə başlayanda telefon dələduzlarının vurduğu ziyan on milyardlarla rublla ölçülürdü. "Sberbank"ın hesablamasına görə, 2024-cü ildə bu məbləğ 3 milyard dolları keçib. Günə rekord sayda – 20 milyon zəng olunur.
Bankların təhlükəsizlik xidmətlərinin ekspertləri çoxsaylı zəng-mərkəzlərinin (call-center) Rusiyadan kənarda yerləşdiyini deyirlər. Müasir avadanlıq isə nömrələri saxtalaşdırmağa, dövlət xətləri kimi görünməyə imkan verir. Səsləri dəyişmək, Maldivdən, Polşadan, Ukrayna ərazisindən əməliyyat aparmaq imkanları var.
"Larisa Dolina effekti"
AzadlıqRadiosunun rus xidmətindən Mumin Şakirov bu problemi mütəxəssislərlə müzakirə edib. Onların dediyinə görə, hazırda ən təhlükəli sxemlərdən biri daşınmaz əmlak bazarında geniş yayılıb. Yaşlı satıcı razılaşma əldə olunandan sonra deyir ki, dələduzun təsiri altında sənədi imzalayıb. Məhkəmə onu yeganə qurban sayır, müqaviləni ləğv edir. Qanuni alıcı isə həm mənzilsiz qalır, həm də pulsuz. Bu presendentə "Larisa Dolina effekti" də deyirlər. Tanınmış müğənni 2024-cü ilin yayında evini satıb, sonradan deyib ki, bunu dələduzların təsiri altında edib, mənzilini geri alıb, amma alıcılara pulu qaytarmayıb.
"Radio Svoboda"nın iqtisadi şərhçisi Maksim Blantın fikrincə, Mərkəzi Bankın maliyyə nəzarəti dələduzlar qarşısında mənasını itirir. Məsələ ondadır ki, bu nəzarət sxemi hakim orqanlara sosial müavinətlər üçün müraciətlərin nə dərəcədə əsaslı olmasını, qohumların hesablarından hərəkətliliyi təhlil etmək, terrorçuları, xarici agentləri bloklamaq imkanı verir: "Yəni, onlar oğurlanmış pulları adamlara qaytarmağın yolunu tapa bilərlər, ya bunu istəmirlər, ya da bacarmırlar".
Müasir texnologiya və qorunma yolları
Ekspertlər təcrübəli dələduzun adamlara səslə də təsir göstərdiyini deyirlər. Klinik psixoloq Yekaterina Artyomonko deyir ki, adətən onlar özlərini bank işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edirlər.
Maliyyə analitiki Sergey Qolubitskinin sözlərinə görə, üç il öncə orijinal ilə saxta videonu ayırmaq olurdu. Müasir dövrün texnologiyaları isə mətni səsə çevirmək, səsin oxşarını yaratmaq imkanı verir.
Dələduzlardan necə qorunmağa gəlincə, mütəxəssis onlarla təması dərhal dayandırmağı məsləhət görür: "Onlar adətən "orqanlar"dan zəng edirlər – FSB, DİN, Mərkəzi Bankdan... Sovet adamı da genetik qorxaqdır, dərhal gərginləşir. Sizə oradan zəng gələn kimi, dəstəyi yerinə qoyun və bir daha qaldırmayın".
O, həmçinin zəng zamanı hansısa proqram yükləməməyi, heç kəsə PİN-kod verməməyi, kartla məsafədən pul göndərmək xidmətini söndürməyi, ikifaktorlu təsdiqləmədən (2FA) istifadəni tövsiyə edir.