
Rusiya Kurskun azad edildiyini iddia edir, Ukrayna isə Belqorodda irəlilədiyini açıqlayır
20 Aprel 2025
Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə “Şimal” qoşun qruplaşmasının Kursk vilayətinin rayonlarının azad edilməsi üçün hücum əməliyyatları apardığını, ərazinin əsas hissəsinin azad edildiyini məruzə edib.
Bunu müdafiə nazirinin birinci müavini Rusiya lideri ilə görüşü zamanı bildirib.
“Şimal” qoşun qruplaşması Ukrayna silahlı qüvvələrinin müdaxilə etdiyi Kursk vilayətinin rayonlarının azad edilməsi üçün hücum əməliyyatları aparır. Müdaxilə edilmiş vilayət ərazisinin əsas hissəsi – 1 260 kv. km, yəni 99,5 %-i hazırda azad edilib. Döyüş əməliyyatlarının getdiyi iki sahə qalıb. Bu, Oleşnya və Qornal yaşayış məntəqələri ərazisidir. Onlar birbaşa Ukrayna ilə sərhəddə yerləşir”, – Gerasimov deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətində irəlilədiyini açıqlayıb.
“Az öncə baş komandan Oleksandr Sırski məruzə edirdi. Qüvvələrimiz bu gün Kursk vilayətində fəallığı davam etdirir və mövqeləri qoruyur”, – Prezident vurğulayıb.
Eyni zamanda, o, ukraynalı hərbçilərin Belqorod istiqamətindəki uğurlarını da qeyd edib.
“Belqorod vilayəti ərazisində hərbçilərimiz irəliləyib və nəzarət zonamızı böyüdüb”, – ölkə başçısı söyləyib.
Xatırladaq ki, ötən ay Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin kəndini zəbt etmişdi.