Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rial ucuzlaşır, İran qışda yanacaq qıtlığı barədə xəbərdarlıq edir

Sentyabrın 29-da İranın sərbəst valyuta bazarında ABŞ dolları rekord həddə — bir saatın içində 2.5 milyon riala yüksəlib.

Bazar məlumatlarına əsasən, dolların məzənnəsi bir saat ərzində 2 milyon 495 min rialdan 2 milyon 500 min 200 riala qədər artıb. Sentyabrın 28-də dolların 2 milyon 437 min riala satıldığını nəzərə alsaq, bir gün ərzində artım 63 min rial təşkil edib.

Avro da 2 milyon 830 min rial həddini keçib, Britaniya funt sterlinqi isə 3.3 milyon riala çatıb.

Qızıl və sikkələrin qiyməti də artıb. "İmami" qızıl sikkəsinin qiyməti sentyabrın 28-də 2 milyard 480 milyon rialdan aşağı olduğu halda, sentyabrın 29-da 2 milyard 520 milyon riala yüksəlib.

Bu arada, ABŞ prezidenti Donald Tramp Tehrana müəyyən güzəştlər qarşılığında sanksiyaları yumşaltmağı təklif etməsi ilə bağlı xəbərləri yalanlayıb. "Mən onlara HEÇ NƏ təklif etməmişəm", – Tramp "Truth Social"da yazıb.

"The Wall Street Journal"ın yazdığına görə, ABŞ rəsmiləri dəniz blokadasının İran iqtisadiyyatına ciddi təzyiq göstərdiyini düşünürlər. ABŞ və Körfəz ölkələrinin rəsmiləri həmçinin İranın Hörmüz boğazına nəzarəti itirdiyini vurğulasalar da, bu nəzarətin səviyyəsini göstərən hər hansı müstəqil qiymətləndirmə yoxdur.

İranın cənubundakı Əsəluyə limanı yaxınlığında yerləşən "Cənub Pars" qaz yatağı

Qaz qıtlığı xəbərdarlığı

İran hökumətinin sözçüsü Fatimə Mühacirani sentyabrın 29-da bildirib ki, müharibə vaxtı enerji infrastrukturuna dəyən ziyan bu qış ölkənin şimal vilayətlərində qaz təchizatında problemlər yarada bilər.

"Enerji sektoruna hücumlardan zərər görmüşük. Hücumlar nəticəsində 230 milyon kubmetr qaz itirilib və hazırda bunun 100 milyon kubmetrini bərpa etməyə çalışırıq”, – Mühacirani həftəlik mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, hökumət qaz qıtlığının qarşısını almaq üçün addımlar atır. Bununla belə, o, şimal vilayətlərində fasilələrin yarana biləcəyini etiraf edib, yerli rəhbərliklərə xəbərdarlıq olunduğunu bildirib.

Bundan əvvəl Gülüstan vilayətinin qubernator müavini Seyid Mehdi Mahiyai Gülüstan, Mazandaran və Şimali Xorasan vilayətlərində qaz təchizatında 60-90 günlük məhdudiyyətlərin və ya fasilələrin ola biləcəyini demişdi. İran Milli Qaz Şirkəti sonradan bu müddətin rəsmi proqnoz olduğunu təkzib edib.

Buna baxmayaraq, Gülüstan rəsmiləri alternativ yanacaq növlərini sınaqdan keçirmək üçün çörəkxanalarda qazın kəsilməsi ilə bağlı xüsusi təlimlər təşkil ediblər.

İran Tələbələrinin Rəy Sorğusu Mərkəzinin (ISPA) sorğusunda iştirak edənlərin 66.1 faizi enerji qıtlığı və enerjinin limitlə verilməsi ehtimalından ciddi və ya çox ciddi narahat olduqlarını bildiriblər.