Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Qoşunların geri çəkilməsi” yalan çıxdı, daha 7 min hərbçi sərhədə yeridildi

Rusiya Müdafiə Nazirliyi Ukrayna sərhədlərinə cəmləşdirilmiş qoşunların “təlimləri başa vuraraq” öz daimi dislokasiya yerlərinə qayıtmağa başladığı haqda məlumatlar yaysa da yerlərdən daxil olan məlumatlar bunun tam əksini göstərir. virtualaz.org xəbər verir ki, “qoşunların geri çəkilməsi” barədə xəbərlərdən sonra Rusiya Ukrayna sərhədlərinə daha 7 min nəfərlik qüvvə cəmləşdirib. Bu barədə ABŞ administrasiyasındakı mənbə ABC News kanalına bildirib.

“Rusiya Ukrayna sərhədləri boyu öz hərbi iştirakını son günlər daha 7 min nəfər hərbçi ilə genişləndirib, üstəlik onların bir hissəsi ötən gün fevralın 16-da gəlib”, - yüksək rütbəli mənbə bildirib.



Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken də Rusiya qoşunlarının geri çəkilməsini hələlik qeydə almadıqlarını açıqlamışdı.

Bu arada Böyük Britaniya kəşfiyyatı qeydə alıb ki, Rusiyanın dərinliklərindən Ukrayna sərhədlərinə əlavə zirehli texnika kalonları, döyüş vertolyotları və səhra hospitalları daşınır. Böyük Britaniya kəşfiyyatının rəhbəri Cim Hokenhall bildirib ki, Moskvanın qoşunların geri çəkilməsinə dair bəyanatlarına baxmayaraq regionda cəmləşmə davam edir.

“Biz Rusiyanın qoşunlarını Ukrayna sərhədlərindən geri çəkməsinə dair sübutları görməmişik. Rusiyanın hazırda kifayət qədər hərbi gücü var ki, Ukraynaya müdaxiləni həyata keçirsin”, - Hokenhall bildirib.



Ukraynalı jurnalist Yuri Butusov da sərhədboyu cəmləşmənin davam etdiyini yazır. “Situasiya olduqca təhdidedicidir. Belə şey hətta 2014-cü ildə olmamışdı. Qoşunların geri çəkilməsi müşahidə olunmur, hazırda Ukrayna sərhədlərinin bilavasitə yaxınlığında 56 batalyon-taktiki qruplaşması var. Daha 13 batalyon isə sərhədin 400 kilometrə qədər məsafəsində yerləşdirilib. Onların ehtiyat qüvvə olduğu təxmin edilir, zərurət yaranarsa bir neçə günə sərhədə gətiriləcək”, - jurnalist bildirib.

Onun məlumatına görə əsas cəmləşmə şimal sərhədlərində müşahidə olunur. 14 batalyon-taktiki qruplaşması Voronej vilayətinin Valuyki rayonunda cəmləşib, buradan Luqansk vilayəti istiqamətində hücum gözlənilir. Xarkov istiqamətində 4 batalyon-taktiki qruplaşması var, Kiyev istiqamətində isə 9 batalyon-taktiki qruplaşması cəmləşdirilib.

Xatırladaq ki, daha əvvəl ABŞ kəşfiyyatı hücumun fevralın 16-da başlayacağını bildirirdi. Lakin bu proqnoz gerçəkləşmədi, bununla belə ABŞ rəhbərliyi hücumun “istənilən vaxt”, o cümlədən hazırkı həftə ərzində başlaya biləcəyini bildirir. (Virtualaz)