Qeyri neft-qaz sektorunda vergi 90 milyon manata yaxın artıb. Səbəblər...
13 Fevral 2026
Azərbaycanda qeyri neft-qaz sektorunda Vergilər Xidmətindən daxilolmalar 90 milyon manata yaxın artıb.Lakin artım, ümumi daxilolmalara aid deyil.
Maliyyə Nazirliyi fevralın 12-də bildirib ki, dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 50.3 milyon manat təşkil edərək proqnozdan 50.3 milyon manat və ya 2.5 faiz çox icra olunub.Amma ötən ilin yanvar ayında bu rəqəm təqribən 2 milyard 259,9 milyon manat olub.
Əvəzində ayrıca neft-qaz sektorunda vergi daxilolmalarında artım müşahidə edilir.
Xidmət özü də vurğulayıb ki, bu ilin yanvarında qeyri-neft-qaz sektorundan daxilolmalar 1 milyard 467,1 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 42,1 milyon manat vəsait ödənilib: "2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 88,9 milyon manat və ya 6,5 faiz artıb"
Ödənilən vergilərin 71,6 faizi qeyri-neft-qaz sektorunun, 28,4 faizi isə neft-qaz sektorunun payına düşüb.
Ötən il isə bu nisbət fərqli idi. Ödənilən vergilərin 61 faizi qeyri-neft-qaz sektorunun, 39 faizi isə neft-qaz sektorunun payına düşürdü.Hərçənd, vergilər Xidməti bildirmişdi ki, ötən ilin yanvarında da 2023-cü illə müqayisədə qeyri neft-qaz sektorundan vergi daxilolmalarında artım var.
Xatırlatma
Son illər Azərbaycanda bir sıra sahələrdə vergi və rüsumlar artırılıb. Üstəlik, bu ildən etibarən 7 illik güzəşt ləğv edilərək özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunublar.
Ekspertlər bunun biznes və vətəndaşların güzəranına mümkün mənfi təsirlərindən narahatdırlar. Onlar deyir ki, bu il maaş və pensiyalarda artım vergi, rüsum, cərimə artımlarına adekvat deyil.