Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qeyri-neft ixracında 184 faizlik artım nəyin hesabınadır?

2026-cı ilin ilk 7 ayında ölkənin qeyri-neft ixracında ciddi artım qeydə alınıb. Rəsmi açıqlamalara görə, 2025-ci ilin yanvar-iyul aylarında 2,09 milyard dollar təşkil edən qeyri-neft ixracı bu ilin eyni dövründə 5,93 milyard dollara yüksəlib. Bu, illik müqayisədə 184 faizlik artım deməkdir.

Eyni zamanda, ümumi ixracda qeyri-neft sektorunun payı 13,7 faizdən 30,7 faizə çatıb.

Son illər Azərbaycanda hökumət rəsmiləri tez-tez qeyri-neft sektorunun inkişafından bəhs edirlər. Hələ 2015-ci ildə dünyada neft kəskin ucuzlaşanda hökumət iqtisadi şaxələnməni və ixracda qeyri-neft sektorunun payının artırılmasını qarşıya məqsəd kimi qoyduğunu açıqlayıb.

Son vaxtlar bəyan edilən ixrac statistikasında bununla bağlı müsbət dinamika müşahidə edilir. Amma müstəqil iqtisadçıların təhlilləri qeyri-neft sektoruna dair “uğur hekayəsini” bir xeyli dəyişir.

Qızılın qeyri-neft ixracındakı payı

Bir çox müstəqil iqtisadçılar hesab edirlər ki, son rəsmi göstəricini ölkənin ixrac potensialının təxminən 3 dəfə artması kimi qiymətləndirmək doğru deyil.

İqtisadçı Natiq Cəfərli də facebook səhifəsində vurğulayıb ki, Azərbaycan bu ilin 7 ayında 19 milyard 335 milyon dollarlıq mal-məhsul ixrac edib. Bu məbləğın 13 milyard 402 milyon dolları neft-qaz, neft məhsullarıdır. Hökumətin təsnifatında qeyri-neft sektoru kimi qeyd olunan sahənin ixracı 5 milyard 933 milyon dollar olub:

“Amma təsnifatda qeyri-neft ixracı kimi qeyd olunan məhsulların siyahısında ən yüksək paya 7108 kodu ilə, “işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində qızıl (platindən qalvanik örtüklü qızıl daxil olmaqla)” adlı məhsul yer alır. 2026-cı ilin ilk 7 ayında bu kodla ixrac 3 milyard 707 milyon dollar olub – bu da, qeyri-neft ixracımızın 62 faizindən çoxdur. Beləliklə, qeyri-neft ixracı adlanan rəqəmlərdən qızılı çıxsaq, yerdə cəmi 2 mlrd. 226 mln. dollar qalır”.

İqtisadçının fikrincə, “neft-qaz və qeyri-neft sektoru” təsnifatı yanlışdır, mənzərəni tam əks etdirmir.

''Qara qızıl" da, “sarı qızıl” da təbii resursdur

N.Cəfərli hesab edir ki, ixracda bölgü, “resurs və qeyri-resurs” sektoru olmalıdır.

İqtisadçı vurğulayır ki, “qara qızıl” da, “sarı qızıl” da “təbii resursdur, heç bir fərqi yoxdur:

“Əgər təsnifatı belə aparsaq, bu ilin ilk 7 ayında qeyri-resurs ixracımız cəmi 2,2 mlrd dollar olub”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”na əsasən, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artaraq 2.09 milyard ABŞ dolları təşkil etmişdi. Həmin dövrdə də qeyr-neft sektoru ixracında qızıl birinci olub. Amma onda bu rəqəm builkindən az (178,8 milyon ABŞ dolları) idi.