Qərb mediası: Paşinyanın zəif qələbəsi sülh sazişini sual altına qoyur
13 İyun 2026
Ermənistanda 7 iyun parlament seçkilərində baş nazir Nikol Paşinyan qələbə qazansa da, qanunverici orqanda üçdə iki səs çoxluğunu əldə edə bilməyib. Qərb mediası yazır ki, bu nəticə Azərbaycanla sülh sazişinin yekunlaşdırılması üçün tələb olunan konstitusiya dəyişikliklərinin həyata keçirilməsini çətinləşdirəcək.
Karneqi Fondundan Alper Coşkun və Qaro Paylan qeyd edirlər ki, tərəflərdən heç biri mövcud vəziyyətdən bəhanə kimi istifadə etməməlidir. Çünki sülh prosesi yubanarsa, prosesi pozmaq istəyən qüvvələr üstünlüyü ələ keçirəcək, Ermənistan cəmiyyəti isə münasibətlərin normallaşmasına birtərəfli güzəşt kimi baxmağa meyllənəcək.
Müəlliflər iyulda NATO-nun Ankarada keçiriləcək sammitinin mühüm bir diplomatik fürsət olduğunu vurğulayırlar. Onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sammit çərçivəsində ABŞ prezidenti Donald Tramp, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş təşkil etməsinin vacibliyini vurğulayırlar.
Daha sonra Türkiyə–Ermənistan sərhədi birbaşa ticarət və üçüncü ölkə vətəndaşları üçün açıla bilər. Müəlliflərin fikrincə, bu addım təkcə ikitərəfli jest olmaqla qalmayacaq, həm də Ermənistanın çətin strateji reoriyentasiya prosesinin konkret iqtisadi reallıqlara söykənməsinə kömək edəcək. Eyni zamanda, Ermənistanla normallaşma Ankaranın da çoxdankı strateji hədəflərini irəli apara, onun Orta Dəhlizlə bağlı ambisiyalarını dəstəkləyə, Cənubi Qafqazda nüfuzunu genişləndirə və Vaşinqtonla Brüssel ilə müsbət gündəm yarada bilər.
Sülhə doğru kiçik addımlara fokuslanmalı
"Bu seçki paradoksal olaraq həm sülh gündəliyini təsdiqlədi – çünki Paşinyan qalib gəldi və kifayət qədər yaxşı çoxluq əldə etdi, digər tərəfdən isə sülh prosesinin mövcud formatda gələcəyini sual altına qoydu". Bunu isə Londonda yerləşən "Chatham House" analitik mərkəzinin Qafqaz üzrə eksperti Lourens Broers "Eurasianet" portalına açıqlamasında deyib.
Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası seçkilərdə səslərin 50 faizindən bir qədər azını toplayıb və 105 yerlik parlamentdə təxminən 64 mandat qazanacağı gözlənilir. Müqayisə üçün, bu partiya 2021-ci ilin növbədənkənar seçkilərində 53 faiz səs və 71 mandat qazanmışdı. Rusiyayönlü "Güclü Ermənistan" partiyası və "Ermənistan" Alyansı isə, uyğun olaraq, 29 və 12 mandat əldə ediblər.
Rəsmi Bakı Ermənistan konstitusiyasının dəyişdirilməsini və Dağlıq Qarabağa dair hər hansı ərazi iddiasının oradan çıxarılmasını tələb edir. Ermənistanın mövcud konstitusiyasında 1991-ci ilin Müstəqillik Bəyannaməsinə istinad var ki, orada da Qarabağ Ermənistanın tarixi hissəsi adlandırılır.
Yazının müəllifi Aleksandr Tomson qeyd edir ki, "Vətəndaş Müqaviləsi" partiyası referendum keçirməyin və ya konstitusiyanı dəyişdirməyin başqa bir hüquqi yolunu tapsa belə, Müstəqillik Bəyannaməsinə edilən istinadın konstitusiyadan çıxarılmasını erməni seçicilərinin əksəriyyətinin dəstəkləyib-dəstəkləməyəcəyi qeyri-müəyyən olaraq qalır.
Broersin fikrincə, konstitusiya referendumu məsələsinin çıxılmaz vəziyyətə düşdüyü bir şəraitdə Ermənistan və Azərbaycan davamlı sülhə doğru daha kiçik addımlara diqqət yetirməli olacaqlar. Bura "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə işlərin davam etdirilməsi də daxildir. Ekspertin fikrincə, mövcud vəziyyət regional proseslərdə yaxından iştirakını qoruyub saxlaması üçün ABŞ-yə həm yeni imkanlar açır, həm də üzərinə müəyyən məsuliyyət qoyur.
Azərbaycan və Ermənistan 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişini paraflayıblar. Həmin sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan edir, qarşılıqlı ərazi iddialarının dayandırılmasını vacib sayırlar.