Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qəbələdə gənc qadının qətli: dəhşətli motiv üzə çıxdı

Qəbələ şəhərində bir neçə gün əvvəl gənc qadının qətlə yetirilməsinin qorxunc motivi açıqlanıb. Məlum olub ki, 23 yaşlı Aytac Əliyevanın qətlə yetirilməsinin səbəbi onun ərinin başqa bir qadınla neçə vaxtdır davam edən münasibəti ilə bağlıdır.

Baş Prokurorluğun mətbuat xidmətindən yayılan məlumatda deyilir ki, Aytac Əliyevanın martın 5-də qəsdən öldürülməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılır.

İstintaq zamanı müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Rüfanə Nəbiyevanın zərərçəkmiş Aytac Əliyevanın əri ilə 6 ilə yaxın münasibətdə olub. A.Əliyevanın əri boşanaraq onunla evlənəcəyinə vəd verib, amma bu sözünə əməl etməyib. Nəticədə Rufanə Nəbiyeva onu boşatdırmaq üçün qorxunc plan qurub. Bu plana əsasən A.Əliyevanın ərinə xəyanət etdiyi və evdən qaçdığı görüntüsü yaradılmalıydı.



R.Nəbiyevanın qurduğu plana əsasən onun rəfiqəsi Kemale Maksumbekova 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə cinayət əlaqəsinə girib, A.Əliyevanı oğurlayaraq Şəki şəhərində yaşadıqları evə aparmaq qərarına gəliblər. Maksumbekova və oğlu gənc qadının yaşadığı evə daxil olaraq ona küt alətlə həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlamağa cəhd edib. Amma daha sonra Kemale Maksumbekovanın ümumi razılaşdırılmış niyyətdən kənara çıxaraq Aytac Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rüfanə Nəbiyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Kemale Maksumbekova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29, 144.2.4 (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. (Virtualaz)