Putinlə Uitkoff arasında 5 saatlıq görüş nəticəsiz qalıb
03 Dekabr 2025
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner arasında Ukrayna ilə bağlı görüş keçirilib.
İlkin məlumata görə, görüş 5 saat davam edib və ciddi nəticə olmadan yekunlaşıb. Danışıqlardan sonra Uitkoff Kremli tərk edərək ABŞ səfirliyinə gedib.
Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev "X" hesabında görüşün məhsuldar keçdiyini yazıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Ukraynada sülh planının bir neçə variantının müzakirə olunduğunu qeyd edib. Onun sözlərinə görə, hələlik kompromis planı yoxdur; Amerikanın bəzi təklifləri Rusiya üçün məqbuldur, bəziləri isə yox.
"Söhbət çox faydalı, konstruktiv və çox məzmunlu olub", - Rusiya prezidentinin köməkçisi bildirib.
O qeyd edib ki, görüşdə ərazi məsələsi müzakirə olunub: "Putinlə Uitkoffun görüşündə ABŞ-nin sülh planının konkret formaları müzakirə olunmayıb; mahiyyətindən danışıblar".
Uşakov vurğulayıb ki, tərəflər Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün birgə işi davam etdirməyə hazır olduqlarını bildiriblər.