Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Rusiyanın neft və yanacaq məlumatlarını məxfiləşdirdi

Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-də ölkənin yanacaq-energetika sahəsinə aid məlumatlara çıxışı məhdudlaşdıran fərman imzalayıb. Sənədə əsasən, neft emalı zavodlarında emal olunan xammalın və istehsal edilən yanacağın həcmi, benzin və dizelin satışı, onların daşınma marşrutları barədə məlumatlar məxfiləşdiriləcək.

Bu məlumatların mediada və internetdə açıq şəkildə yayılması qadağan edilir.

Məhdudiyyət şirkətlərin özlərinin yayımladığı hesabatlara şamil olunmur.

Fərmana görə, yanacaq sektoru ilə bağlı məlumatlara çıxış "ABŞ və ona qoşulmuş xarici dövlətlərin, habelə beynəlxalq təşkilatların qeyri-dost və beynəlxalq hüquqazidd hərəkətlərinə cavab olaraq" məhdudlaşdırılır. Xarici dövlətlərin konkret hansı addımlarının bu qərara səbəb olduğu açıqlanmır.

Ukrayna 2026-cı ildə Rusiyanın neft emalı infrastrukturuna dronlar ilə hücumlarını xeyli intensivləşdirib. "Reuters" Beynəlxalq Enerji Agentliyinə istinadən bildirir ki, ilin ilk səkkiz ayında Rusiyanın neft emalı zavodlarına orta hesabla hər üç gündən bir uğurlu zərbə endirilib. Nəticədə iyulda Rusiyada neft emalının həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz azalaraq 2004-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Benzin istehsalı isə 20 faiz azalıb.