
Putin Pasxa atəşkəsini elan edib, Ukrayna hərbçilərinə də atəşi dayandırmaq əmri verilib
20 Aprel 2025
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə Pasxa atəşkəsini elan edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Humanitar mülahizələrə əsaslanaraq, bu gün saat 18:00-dan bazar günündən bazar ertəsinə keçən gecə saat 00:00-a qədər Rusiya tərəfi Pasxa atəşkəsini elan edir. Bu müddət ərzində bütün döyüş əməliyyatlarını dayandırmağı əmr edirəm. Ukrayna tərəfinin bizim nümunəmizi izləyəcəyini düşünürük. Eyni zamanda, qoşunlarımız atəşkəsin mümkün pozuntularına və düşmən tərəfindən təxribatlara, onun hər hansı təcavüzkar hərəkətlərinə qarşı cavab verməyə hazır olmalıdır”, – Putinin bəyanatında deyilib.
Prezident Vladimir Putinin elan etdiyi "Pasxa atəşkəsi"nin başlamasından cəmi bir neçə dəqiqə sonra Ukrayna hərbçilərinə Rusiya mövqelərinə atəşi dayandırmaq əmri verilib.
Bu barədə "BBC" yüksək rütbəli ukraynalı zabitə istinadən məlumat yayıb.
Məlumata görə, Ukraynanın Müdafiə Qüvvələrinin bölmələrinə Rusiya tərəfinin atəşkəsi pozmasını sübut edən foto və video materialları qeydə almaq tapşırılıb.
Ehtiyac yaranacağı təqdirdə isə cavab atəşi açmağa icazə verilib.
Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb ki, Rusiya cəbhədə tam sükuta hazır olsa, Ukrayna eyni şəkildə hərəkət edəcək.
"Əgər, həqiqətən də, tam sükut hökm sürürsə, Ukrayna bunu Pasxa günündən sonra da davam etdirməyi təklif edir", – o bildirib.
Zelenski əlavə edib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin baş komandanının məruzəsinə əsasən, Rusiya cəbhənin bəzi bölgələrində hücum əməliyyatlarını davam etdirir: "Ukrayna Müdafiə Qüvvələri rasional hərəkət edəcək, eyni şəkildə cavab verəcək. Rusiyanın hər bir hücumuna cavab veriləcək", – Ukrayna lideri vurğulayıb.