Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pezeşkian İsrailə hücuma mane olmağa çalışır – “The Telegraph”

İranın yeni prezidenti Məsud Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və Ayətullah Xameneyini İsrailə birbaşa hücum etməkdən çəkinməyə inandırmağa çalışır . O hesab edir, İsrailin cavabı və beynəlxalq reaksiya o qədər dağıdıcı olacaq ki, İran rejiminin varlığını təhdid edəcək.

Pezeşkian İsrail hüdudlarından kənarda “gizli Mossad hədəflərinə” məhdud zərbələr endirməyə çağırır, amma İİKK rəhbərliyi isə İsrailin ölkənin mərkəzində, ilk növbədə Tel-Əvivdəki hərbi bazalarına zərbələr endirmək istəyir. Bu barədə Britaniyanın “The Telegraph” qəzeti avqustun 8-də məlumat yayıb.

Cənab Pezeşkian qorxur ki, İsrailə hər hansı birbaşa hücum ciddi nəticələrə səbəb ola bilər, deyə prezidentin yaxın köməkçisi bildirib. Onun fikrincə, bizim bəxtimiz gətirdi ki, İran keçən dəfə İsraillə genişmiqyaslı müharibəyə getmədi və bəlkə də, bu dəfə də müharibəyə getməyəcək.

Tehrandan “The Telegraph” qəzetinə danışan prezidentin köməkçisinin sözlərinə görə, “İİKK-nın İsrailə qarşı israrlı olması onların məruz qaldıqları alçaltmanı ört-basdır etməkdən daha çox onun prezidentliyinə zərbə vurmaq məqsədi daşıyır”.

Onun sözlərinə görə, “siz Azərbaycanda və ya Kürdüstanda İsraillə əlaqəli obyektləri hədəfə ala bilərsiniz” və ya “Hizbullah”a İsraillə müharibə üçün müasir silahlar verə və bununla da Tehranın alçaldılmasını kompensasiya edə bilərsiniz.

Pezeşkiyanın yaxın adamı əlavə edib ki, o, “Haniyanın qətlinin onun andiçməsindən bir neçə saat sonra baş verməsi faktına görə alçaldılmış hiss etmir”.

İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətl edilməsinə necə reaksiya verəcəyi barədə qərar verməyib. Bu məsələ ilə bağlı yekun qərarı əvvəllər İsraili “ağır cəza” ilə hədələyən Ayətullah Xamenei verməlidir.

Bəzi hesablamalara görə, xüsusən də Haniyənin qətlində iştirak etdiyi iddia edilən İİKK nümayəndələrinin daxili xəyanət şübhələri fonunda İran hakimiyyətinin İsrailə qarşı əvvəlki qəzəbi getdikcə şiddətini itirir. 

Bundan əlavə, İran nüvə layihəsinin münaqişənin böyük regional müharibəyə çevriləcəyi təqdirdə İsrail və beynəlxalq koalisiyanın cavab zərbəsinin hədəfinə çevrilə biləcəyindən qorxur.