Logo
news content
User
Kateqoriyalar

Xəbər

Özbəkistanda korrupsiyaya görə məhkum olunanların reyestri yaradılır

Özbəkistanda korrupsiya cinayətlərinə görə məhkum olunan vətəndaşların qapalı reyestrinin yaradılması planlaşdırılır. Nazirlər Kabinetinin bununla bağlı qərar layihəsi ictimai müzakirəyə çıxarılıb. Sənədi Korrupsiyaya Qarşı Mübarizə Agentliyi hazırlayıb.

Layihə müəlliflərinin fikrincə, yeni reyestr dövlət qurumlarına işə qəbul və vəzifəyə təyinat zamanı namizədləri yoxlamağa kömək edəcək.

Layihəyə əsasən, qapalı reyestrdəki məlumatları yalnız dövlət orqanlarının səlahiyyətli əməkdaşları və daxili antikorrupsiya nəzarəti bölmələrinin nümayəndələri yoxlaya biləcəklər. Sıravi vətəndaşlar, jurnalistlər və potensial biznes tərəfdaşları hər hansı şəxsin korrupsiyaya görə məhkumluğunu müstəqil şəkildə öyrənə bilməyəcəklər.

"Azattyq Asia" yazır ki, layihə bazadakı fərdi məlumatların məxfiliyinin qorunmasını nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, məhkum olunmuş şəxsin razılığı olmadan bu məlumatların üçüncü tərəflərə ötürülməsi qadağan ediləcək. Layihədə ayrıca vurğulanır ki, şəxsin reyestrə salınması onun qohumlarının hüquqlarının məhdudlaşdırılmasına əsas verməməlidir.

Layihənin daha bir özəlliyi məlumatların saxlanma müddəti ilə bağlıdır. Reyestrə yalnız barələrində ittiham hökmü çıxarılmış və həmin hökmü qanuni qüvvəyə minmiş şəxslər daxil ediləcək. Məhkumluq ödənildikdən və ya götürüldükdən sonra həmin şəxs barədə məlumatlar bazadan silinəcək.

Reyestri Korrupsiyaya Qarşı Mübarizə Agentliyi və Daxili İşlər Nazirliyi idarə edəcək. Onun fəaliyyəti "E-Komplaens" proqram kompleksi vasitəsilə qurulacaq. Qərarın qəbulundan sonra proqram təminatının tam istifadəyə verilməsi və informasiya sistemlərinin inteqrasiyası üçün nazirliyə və agentliyə iki ay vaxt ayrılır.

Reyestrin yaradılması ilə bağlı qanun layihəsi 2022-ci ilin əvvəlində hazırlanıb, 2023-cü ildə nazirlik və idarələrlə razılaşdırılıb, bu il isə Prezident Administrasiyasına təqdim olunub. Administrasiya layihədə bir sıra çatışmazlıqları göstərib və beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsini tapşırıb.

İlkin olaraq reyestrin açıq olması planlaşdırılırdı.