Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstefada olan kontr-admiral: ABŞ Ukrayna cəbhəsindən dərs çıxarmadı

Rusiya, Çin, İran və Şimali Koreya müxtəlif cəbhələrdə Qərbə meydan oxumaq üçün hərbi, texnoloji və iqtisadi resurslarını getdikcə daha sıx əlaqələndirirlər. İstefada olan kontr-admiral Mark Montqomeri AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğluna müsahibəsində bu xəbərdarlığı səsləndirib.

Montqomeri ABŞ Hərbi Dəniz Qüvvələrində 32 il xidmət göstərib, 2017-ci ildə kontr-admiral rütbəsi ilə istefaya çıxıb. O, 2013-cü ilin yanvarından 2014-cü ilin oktyabrınadək "USS George Washington" aviadaşıyıcısının göyərtəsində ABŞ-nin 7-ci Donanmasının 5-ci aviadaşıyıcı zərbə qrupuna rəhbərlik edib.

Montqomeri hazırda Demokratiyaların Müdafiəsi Fondunun (FDD) Kibertəhlükəsizlik və Texnoloji İnnovasiyalar Mərkəzinin baş direktorudur. Ukrayna və Yaxın Şərqdən yenicə qayıdan mütəxəssisin fikrincə, Rusiya prezidenti Vladimir Putin anlayır ki, ABŞ hərbi əməliyyatları dayandırmaq naminə Ukraynanı ərazi güzəştlərinə razı salmaq üçün təzyiq göstərməyə çalışır.

Kiyev dörd ölkə ilə savaşır

O, Ukraynada "Starshield" sisteminin sürətinin qəsdən məhdudlaşdırıldığını, bunun prezident Volodimir Zelenskiyə təzyiq vasitəsi kimi ABŞ hökumətinin göstərişi ilə reallaşdırıldığını bildirir: "Putin bunu görür və anlayır ki, Avropanı Ukraynaya dəstək verməkdən və ərazi bütövlüyünü qorumağa təşviq etməkdən çəkindirmək üçün ona təzyiq göstərməlidir. Rusiyanın yeni nəsil hibrid müharibə strategiyasına kiberhücumlar, informasiya savaşı, dezinformasiya, iqtisadi zərbələr, dron hücumları və hətta fiziki təxribatlar daxildir. Məsələn, Estoniya və Polşadakı zavodlarda partlayışlar və yanğınlar törədilib. Rusiya bu addımlarla Şərqi Avropaya göstərmək istəyir ki, NATO etibarlı müdafiə vasitəsi deyil, alyans regiondakı müttəfiqlərinin yanında durmayacaq və buna görə də Ukraynaya görə savaşmaq səhvdir".

M.Montqomeri Kiyevin dörd ölkə – Rusiya, Çin, Şimali Koreya və İranla savaşdığını vurğulayır. O, həmmüəllifi olduğu "Aqressorlar Məhvəri" adlı kitabda bu ölkələr arasında hərbi, iqtisadi və ya texnoloji əməkdaşlığa dair azı 700 müxtəlif halın sənədləşdirildiyini deyir. Ən önəmlisi isə hər bir ölkənin Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi dəstəkdir. Belə ki, İran müharibənin əvvəlində Rusiyaya minlərlə "Şahed" dronu, savaş dövründə isə Rusiyadakı zavodlarda daha çox dron istehsalı üçün texniki çertyojlar ötürüb. Şimali Koreya Kursk əməliyyatı zamanı 12 min hərbçi göndərib. Çin isə bu müharibəyə iqtisadi dəstək verib.

ABŞ Ukraynanın təcrübəsindən öyrənsəydi...

Yaxın Şərqdəki müharibəyə gəlincə, istefada olan kontr-admiral ABŞ, onun ərəb tərəfdaşları və İsrailin İran, Rusiya, Çin və daha az dərəcədə Şimali Koreyaya qarşı döyüşdüyünü söyləyir.

O, İran rejiminin müəyyən dayanıqlılığa malik olduğunu deyir: "Məncə, onun ayaqda qalmasının səbəbi ABŞ-nin hərbi kampaniyaya yanlış strategiya ilə başlamasıdır. Vaşinqton quruda rejimə qarşı döyüşən silahlı qüvvə olmadan hakimiyyəti dəyişməyə çalışırdı. Təkcə hava qüvvələri ilə rejim dəyişikliyinə nail olmaq mümkün deyil. 1999-cu ildə Kosovoda və ya 2011-ci ildə Liviyada sınaqdan keçirdiyimiz kimi, quruda silahlı fəalların olması vacibdir".

AzadlıqRadiosunun müsahibi deyir ki, İran 60 kilometrdən 600 kilometrədək uzaq məsafə qət edən dronların effektivliyini yaxşı mənimsəyib və "Şahed" dronlarından uğurla yararlanıb. İndi isə həmin dronlar daha qısa məsafələrdə müvəffəqiyyətlə tətbiq olunur: "Onlar Bəhreyn, Küveyt, Qətər və Səudiyyə Ərəbistanının şərqinə qarşı hücumlarda çox təsirli olub. Çünki Ukrayna son iki il yarım ərzində qurudan buraxılan tutucu dronlardan istifadə edib və onları ABŞ-yə göstərib, amma Qərb bundan dərs çıxarmayıb".

M.Montqomeri xatırladır ki, Zelenski 2025-ci ilin yayında həmin dronları ABŞ-yə təklif etmiş, lakin ABŞ tərəfi bunlara ehtiyac duymadığını bildirmişdi.

"Hətta deyərdim ki, hava əməliyyatlarını 40 gündən sonra dayandırmağımızın səbəbi Fars körfəzi ölkələrinə – Bəhreyn, Küveyt, Qətər və Səudiyyə Ərəbistanının şərqinə yönələn dron təhdidini yetərincə dəf edə bilməməyimiz idi. Bu dronlar ABŞ obyektlərinə və tərəfdaşlarımızın infrastrukturuna ciddi ziyan vururdu. ABŞ ordusu son iki il yarım ərzində Ukrayna ordusunun təcrübəsindən yararlansaydı, bütün bunların qarşısını almaq, şübhəsiz, mümkün olardı", – müsahib fikrini tamamlayır.