Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ötən il dünyada silah satışından 679 milyard dollar gəlir əldə olunub

Ötən il dünyada ən böyük 100 silah istehsalçısının silah və hərbi xidmət satışından gəlirləri 5.9 faiz artaraq rekord 679 milyard dollara çatıb. Dekabrın 1-də Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) bu barədə hesabat açıqlayıb.

Ötən il qlobal silah gəlirlərinin kəskin artmasına Ukrayna və Qəzzadakı müharibələr, qlobal və regional geosiyasi gərginliklər, hərbi xərclərin yüksəlməsi səbəb olub. 2018-ci ildən bəri ilk dəfə olaraq ən böyük beş silah şirkətinin gəlirləri artıb.

Bu yüksəlişin əsas hissəsi Avropa və Birləşmiş Ştatlardakı şirkətlərin payına düşür. Amma ümumilikdə ilk 100-lükdə olan şirkətlərin illik gəliri artıb. Asiya və Okeaniya istisnadır, Çinin silah sənayesindəki problemlər regional statistikaya təsirini göstərib.

SIPRI-nın tədqiqatçısı Lorentso Skaratsato deyir ki, şirkətlərin istehsal gücünü artırmasına baxmayaraq, xərclərə, çatdırılma qrafikinə təsir göstərə biləcək bir sıra problemləri var.

2024-cü ildə "Top 100"dəki ABŞ silah şirkətlərinin gəliri 3.8 faiz artaraq 334 milyard dollara çatıb. Siyahıya "Lockheed Martin", "Northrop Grumman", "General Dynamics" kimi şirkətlər daxildir.

İlk 100 şirkətdən 26-sı Avropada (Rusiyanı çıxmaqla) yerləşir, onlardan 23-nün gəlirləri artıb. Bu artım Ukraynadakı müharibədən, Rusiyadan gözlənən təhdiddən qaynaqlanır.

SIPRI bildirir ki, sanksiyalara, işçi çatışmazlığına baxmayaraq, Rusiyanın silah gəlirləri də yüksəlir. İlk 100-lükdə "Rostec" və Birləşmiş Gəmiqayırma Korporasiyası yer alıb. Onların ümumi silah gəlirləri 23 faiz artaraq 31.2 milyard dollar çatıb.