Logo
news content
User
Kateqoriyalar

Xəbər

Örüş sahələrinin yarısını oliqarxlar mənimsəyib, böyük villalar tikilib

Prezident İlham Əliyev bu günlər (iyulun 30-da) Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu təsdiq etdi. Dəyişikliklərə görə, kənd təsərrüfatı təyinatlı torpaqlarda zəruri tikililərin inşasına icazə veriləcək.

İndi bəzi fermerlər düşünür ki, bu dəyişiklik kənd təsərrüfatı torpaqlarının azalmasına, aqrar məhsulların yetişdirilməsi və heyvandarlıq sahəsində şəraitlərin pisləşməsinə yol aça bilər. Onlar qanundan sui-istifadə edərək həmin torpaqlarda tikinti aparılacağından ehtiyatlanırlar.

Biləsuvar rayonunda heyvandarlıqla məşğul olan, amma adlarının çəkilməsini istəməyən fermerlər AzadlıqRadiosuna deyiblər ki, son illərdə örüş torpaqları azalıb: “Dövlət torpağıdır, örüş sahəsi idi, sonra bəzi adamlar tikinti aparıb, yekə təsərrüfatlar tikib. İndi qorxuruq ki, örüş üçün olan-qalan torpaqlarımız da əldən çıxacaq”.

Kənd Təsərrüfat Nazirliyindən isə Turan-a bildirilib ki, 5 hektardan böyük öz mülkiyyətində olan və bir vahid sərhəd massivində yerləşən torpaq sahəsinin yalnız 1 faizi həcmində hissəsində təyinatı dəyişdirmədən tikintiyə icazə veriləcək: “Bu tikintilər müvəqqəti olmalıdır. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, eyni zamanda bu məqsədlə həmin sahələrdə yerləşən işçilərin yaşaması üçün nəzərdə tutulmalıdır”.

Nazirlikdən qeyd olunub ki, işçilər üçün fərdi evlərin tikilməsi deyil, sadəcə, müvafiq kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan işçilərə zəruri yaşayış məkanı nəzərdə tutulur: “Yaşayış məqsədli fərdi ev tikməyə bu qanun icazə vermir. Bu, nəzarət altında olacaq. Ehtiyac meyarları qiymətləndiriləcək. Tikintiyə icazə verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və yerli icra hakimiyyəti orqanlarının rəyinə uyğun olaraq həyata keçiriləcək”.

Nazirliyindən vurğulanıb ki, dəyişikliklər müasir dövrün tələblərinə uyğun olaraq aqrar sektorun investisiya mühitinə adaptasiyası və uyğunlaşdırılma xarakteri daşıyır.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli də AzadlıqRadiosuna deyib ki, özü də vaxtı ikən bu təkliflərlə çıxış edib: “Təkliflər vermişdim ki, hansı pay torpaqlar ki, kənddən uzaq məsafədə yerləşir, ərazisi böyükdür və kəndlilər oraya gedib əkin, səpin, biçin işləri aparırlar, amma onların istirahət yerləri yoxdur, orada belə imkanın yaradılmasına qanun icazə verməlidir. İndi qanunla bu imkan tanınır”.

Onun sözlərinə görə, bu, vacibdir, amma həmin tikintilər müvəqqəti olmalıdır: “Hazırda torpaqlar var ki, ola bilsin, bir müddət sonra yenidən paylanmalı oldu. Çünki vaxtında bu torpaqların paylanması ədalətli aparılmayıb, ölçü düzgün həyata keçirilməyib. Bir müddət əvvəl Türkiyədən mütəxəssisləri dəvət etmişdilər, Azərbaycan hökuməti istəmişdi ki, bu torpaqların dəqiq ölçüsü aparılsın və sərhədləri müəyyən etsin. Bəlli oldu ki, ölçülər düz gəlmir. Burada ciddi məhkəmə mübahisələri var və ona görə də hər kəndlinin torpaq payının ölçüləri və sərhədləri dəqiq müəyyənləşdirilmədən qanunun icrası dayandırılmalıdır”.

V.Məhərrəmlinin fikrincə, tikintilərin müvəqqəti aparılmasına ciddi nəzarət edilməlidir ki, sui-istifadə halları olmasın, qonşu sahələrə ziyan dəyməsin. Amma o, qeyd edib ki, örüş sahələrində tikinti aparmaq olmaz: “Örüş torpaqları dövlətə məxsusdur. Orada bunu etmək olmaz. Lakin onu da deyim ki, artıq örüş sahələrinin tən yarısı oliqarx məmurlar tərəfindən mənimsənilib, orada böyük villalar tikilib və təəssüf ki, bu məsələ də özü həllini tapmır. Bizdə heyvandarlıq onsuz da sıradan çıxır”.

Ekspert hesab edir ki, bu dəyişikliklər, həmin torpaqlarda oliqarx məmurlara tikintilər aparmasına qanuni don geyindirməyə də yol aça, belə olan halda heyvandarlığa, aqrar sektora ciddi zərbə dəyə bilər.