Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Odun içindən güclə çıxdıq, xilas olduq, ancaq evlərdən bir çöp də qalmadı”, - Şabranda evi yanan Bayram Ağasıyev


"Ot tayası alışdı. Bir də gördüm, balkonumuzun üstünə od töküldü, balkon da alışdı. Çaşıb qaldıq. Nə pulumuzu götürə bildik, nə telefonlarımızı. ...İki malım yandı tövlədə, ikisini güclə çıxara bildim. Biz xilas olduq, ancaq evlərdən bir çöp də qalmadı, anam, bir çöp də qalmadı, hamısı kül oldu", - Şabranın Dağbilici kəndindəki yanğında evi yanan Bayram Ağasıyev BBC News Azərbaycancaya danışır.





Bazar ertəsi günü Azərbaycanın şimalındakı Şabranda, biçilmiş taxıl zəmisində yanğın başlayıb. Yanğın azı 6 kəndi əhatə edib.





500 hektara yaxın ərazidə olduğu deyilən yanğınlar orada yerləşən Dağbilici kəndinə də ciddi ziyan vurub - kəndin azı 15 ev təsərrüfatına irili-xırdalı zərər dəyib.





Bir ömür əmək qoyduğu evinin yerində "bir ovuc külün qalmasından" kədərlə bəhs edir 73 yaşlı Bayram Ağasıyev:


"Qədim evlərdir, müasir formada təmir etdirmişdik. Evin döşəməsi laminat idi. Özü də pensiyaya çıxdıqdan sonra düzəltdirmişdik. Evin divarları-zad lazım deyil, amma evin içindəki əşyalar, iki soyuducu, iki televizor, 6 super mikrofon, bütöv bir səsgücləndirici aparatlar - evdə nə ki, elektron cihazım var idi hamısı yandı".


https://www.youtube.com/watch?v=Z2Y0xPXE5I0

Dağbilici bələdiyyəsinin sədri Məhəmməd Ağarzayev BBC-yə bildirib ki, kənddə yanan evdən başqa, daha iki tikiliyə də zərər dəyib: "Bundan başqa, kənddə 8 üstüörtülmüş, 2 üstüaçıq ot tayası, təxminən 16 ədəd heyvan 6 inək, 10 ədəd keçi və qoyun yanaraq tələf olub".









Şabranda yanğın Bayram Ağasıyev








"Folklor qrupumuzun arxivi və tarlarım yandı"




Kənd sakini Bayram Ağasıyev deyir ki, evi dağın başında olduğu üçün əvvəlcə dərənin yandığını görüblər, ancaq evlərinin necə yanmağa başladığını onlara "qonşuları sonradan" danışıb.





"Evimiz dağın başındadır, dərənin içində, bir 400 metr aşağıda meşənin yandığını gördük. Sonra yanğın kəndə tərəf yaxınlaşdı, yol var qonşu kəndə gedir, o yoldan keçdi bizim tərəfə - qanqallığa. Qanqallıq da quru qanqallıqdır. Ora alışan kimi bizim evin üstünə od tökülməyə başlayıb. Həmin vaxt biz də gördük ki, evimizin üstünə od tökülür, ancaq bilmirdik ki, od haradan tökülür. Demə dərədən qalxan odlu yarpaqlar töküldü evə, həyətə", Bayram Ağasıyev telefonda bizə kədərlə danışır.









Şabranda yanğın dağbilici kəndi








Ev təsərrüfatının tamamilə yanmasının ona təxminən 50 min manatlıq zərər vurduğunu deyən Bayram Ağasıyevi "ən çox incidən" isə evindəki folklor arxivinin və tarlarının yanmasıdır.





"Evimiz folklor evi idi. ...5 ədəd tarım, 15 ədəd tar üçün hazırlıq gördüyüm materiallarım, bütün elektron avadanlıqlarım yandı. Mən tar ustasıyam, tar müəllimiyəm, bütün musiqi əsərlərim, bütün televiziya kanallarındakı çıxışlarımız, filmlərə çəkilmişdik, bizim xor kollektivi ilə, onun lent yazıları, diskləri, hamısı-hamısı yandı. Heç nə qalmadı. Məhv oldu 73 illik zəhmət! Hədər oldu...", - deyə tar ustası ah-nalə edir.





"Mədəniyyət Evi qəza vəziyyətində olduğu üçün biz ev-eşiyimizi folklora həsr etdik. 30 il bütün tədbirləri, festivalları evimizdə keçirdik. Respublikanın bütün azsaylı xalqlarının festivallarının açılışlarında biz olmuşuq. Mədəniyyət Nazirliyi ad verməli idi bizə. Ad lazım deyil, bu folklor evinə, mütəxəssislərin musiqi tarixi muzeyi adlandırdıqları bu evə diqqət ayırmalı idi", - Bayram Ağasıyev vurğulayır.











Şabranda yanğın Bayram Ağasıyev





 





"Arxivin qorunması ilə bağlı müraciət etməyib"





"Xınayaxdı" Folklor Xalq Kollektivinin ictimai əsaslarla 40 ildir ki, rəhbəri olduğunu deyən Bayram Ağasıyev təəssüflənir ki, Mədəniyyət Nazirliyi vaxtında onlara kömək etsəydi, kollektivin arxivini qorumaq mümkün olardı.





Ancaq Azərbaycan Mədəniyyət Nazirliyindən BBC-yə Bayram Ağasıyevin quruma "Xınayaxdı" Xalq Folklor Qrupunun "arxivinin qorunması ilə bağlı müraciət etmədiyini" bildiriblər. Belə bir arxivin varlığından xəbərdar olub-olmaması barədə sualımıza isə nazirlik heç bir cavab verməyib.





Şabran Rayon İcra Hakimiyyətinin Dağbilici icra nümayəndəsi Xosrov Cavadov BBC-yə deyib ki, yanğınlar davam etdiyi üçün dəymiş zərəri hələlik tam müəyyənləşdirmək mümkün olmayıb:





"Hələlik yanğınlar davam edir. Hazırda yanğın yerindəyik. Yanğınlar bir az səngiyən kimi zərərçəkən şəxslərə dəymiş bütün zərər hesablanacaq".





Dağbilici bələdiyyəsinin sədri Məhəmməd Ağarzayev bildirib ki, Ağasıyevin "evinin sığortası olmayıb, lakin qurum ona qismən yardım edəcək".









Şabranda yanğın Dağbilici kəndi








"Fövqəladə vəziyyət elan olunub"





Fövqəladə Hallar Nazirliyi çərşənbə axşamı günü bildirib ki, sutka ərzində qurum tərəfindən ölkə ərazisində 109 yanğına çıxış hadisəsi qeydə alınıb, yanğınlardan 47-si ölkənin şimal regionunda baş verib.





"Yanğın nəticəsində, təxminən 500 hektara yaxın biçilmiş taxıl, quru ot, kol-kos sahələri və meşə massivləri kimi ərazilər üstünlük təşkil edir", qurumun məlumatında deyilir.





Azəriqaz İB çərşənbə axşamı günü yaydığı məlumatda bildirib ki, "Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub".





"Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb", qurumun məlumatında deyilir.





Yanğın zamanı kənd sakinlərindən xəsarət alanların olmadığı bildirilir.





Azərtac agentliyi məlumat yayıb ki, Şabrandakı yanğınlarla bağlı Şabran Rayon Mərkəzi Xəstəxanasına "5 nəfər" daxil olub.





"Müraciət edənlərdən ikisi yanıq xəsarətləri alıb. Daha üç nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib", xəbərdə deyilir.





Rəsmilər ölkənin şimal bölgəsində yanğınların davam etdiyini bildirir.