Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO sammiti: hərbi alyansın həll etməli olduğu beş problem


73 illik tarixə malik NATO-nun bu həftə Madriddə keçirilən sammiti kritik bir dövrə təsadüf edir. Rusiyanın Ukraynaya təcavüzü 11 sentyabr 2001-ci ildəki terror hadisəsindən sonra Qərbə vurulan ən böyük strateji zərbə kimi qiymətləndirilir. NATO Avropanı Rusiyanın sonrakı təcavüzündən qorumağa qadir olan yeganə hərbi ittifaqdır. Bəs, qurumun strategiyası necə, varmı?





Təxminən üç il əvvəl Fransa Prezidenti Macron NATO-nu “ölmüş beyin” adlandırmışdı. Ancaq Rusiya tankları Ukrayna sərhəddini keçdiyi andan etibarən Qərb buna vahid mövqedən, dərhal və sərt reaksiya verdi. Qurum sərhədləri möhkəmləndirmək və silahla təchiz etmək üçün aktiv fəaliyyətə keçdi.




Madrid sammiti ərəfəsində NATO-nun baş katibi Jens Stoltenberg “alyansın çəkindirmə və müdafiəsi siyasətində əsaslı dəyişiklik" edildiyini – qurumun şərq sərhədlərində müdafiənin gücləndiriləcəyini və çevik reaksiya qüvvələrinin sayının 300 min nəfərə çatdırılacağını açıqlayıb.





Hazırda alyans hibrid müharibədən tutmuş Balkanlarda sabitliyin pozulması, kiberhücumlar, kosmosun militarizasiyası və Çinin artan hərbi gücü kimi çox sayda problemlə üz-üzədir. Stoltenberg həmçinin bəyan edib ki, NATO sammitində ilk dəfə “Pekinin təhlükəsizliyimizə, maraqlarımıza və dəyərlərimizə qarşı yaratdığı təhlükələr” müzakirə olunacaq.





Tədbirdə diqqət mərkəzində olacağı gözlənilən məsələlərdən bəziləri bunlardır:





1.Ukraynada müharibənin eskalasiyasına imkan verməmək




NATO balans yaratmalıdır. Üçü (ABŞ, Böyük Britaniya və Fransa) nüvə silahına malik 30 ölkənin üzv olduğu bu ən güclü hərbi alyans Rusiyayla vuruşmaq istəmir. Prezident Putin dəfələrlə Qərbə xatırladıb ki, Rusiyanın nəhəng nüvə arsenalı var və hətta kiçik bir transsərhəd toqquşması belə vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara bilər.





Beləliklə, alyans üçün son dörd ayın ən böyük problemi özü müharibəyə qoşulmadan Ukraynaya bu əsassız hücumdan müdafiə olunmağa kömək etməkdir.










NATO Ukrayna Rusiya-Ukrayna müharibəsi NATO Alyansı





NATO üzvü olan ölkələr Ukraynaya ağır artilleriya göndərir






Rusiyanın təxmin edilən hərbi cinayətlərinin və vəhşiliklərinin peyk məlumatlarıyla da təsdiqlənən dəhşətli təfərrüatları Qərbin Moskvanı qıcıqlandırmamaq üçün Kiyevə ağır silahlar göndərməməklə bağlı əvvəlki qadağalarını aradan qaldırdı.





 Madrid sammiti NATO ölkələrinin Ukraynaya hərbi yardımının həcmini və dəstəyin nə qədər davam edəcəyini müəyyən etməli olacaq.





Hələlik Moskva böyük miqdarda canlı qüvvə itkisi və maddi ziyan bahasına olsa da, Ukraynanın şərqində - əsasən rusdilli bölgə olan Donbasda qalib gəlir. Gözlənən budur ki, 2014-cü ildə Krımı ilhaq etmiş Rusiya bu ərazini də eyni qaydada özündə saxlamağa çalışacaq.





 Sülh müqaviləsinin olmaması şəraitində NATO yeni dilemmayla üzləşəcək. Moskvanın artıq Rusiya Federasiyasının qanuni ərazisi hesab etdiyi torpaqları geri almağa çalışan ukraynalıları silahlandırmaqda davam edəcəkmi?





Kreml bəyan edib ki, Qərb silahlarından Rusiya ərazisinə zərbələr endirilməsi qırmızı xəttin keçilməsi deməkdir və bu, eskalasiya risklərini kəskin şəkildə artıracaq.





2. Ukraynayla birliyi qorumaq




Rusiya yalnız Donbasa girsəydi, Ukraynaya üç tərəfdən hücum etməsəydi, bəlkə də Qərbin buna reaksiyasında belə qeyri-adi birlik yaranmayacaqdı. Avropa İttifaqının 6 paketdən ibarət sanksiyaları Rusiya iqtisadiyyatına ağır zərbə vurur; üstəlik, Almaniya Rusiya qazını ölkənin şimalına gətirəcək milyardlarla dollarlıq “Şimal axını-2” layihəsindən də imtina edib.





 Ancaq alyansın daxilində Rusiyanın nə vaxta qədər cəzalandırılması və Qərb iqtisadiyyatının hara qədər dözə biləcəyilə bağlı fikir ayrılığı var. Böyük ehtimal, mövqelərdəki fərqlər Madrid sammitində də üzə çıxacaq. Almaniya vəd etdiyi silah tədarükünü gecikdirməkdə ittiham olunur, baş naziri Prezident Putinlə yaxın olan Macarıstansa Rusiya neftindən imtina etməklə bağlı tələbləri rədd edir. Spektrin digər ucundakı ölkələr – Moskvanın ən çox təhdid etdiyi Polşa, Litva, Latviya və Estoniya maksimum sərt xətt seçilməsini və öz sərhədlərində daha çox NATO qüvvəsinin toplanmasını istəyir.





3. Baltikyanı ölkələrin müdafiəsi









Madrid NATO NATO sammiti hərbi alyans Rusiya-Ukrayna münaqişəsi





Almaniya NATO-nun Litvadakı aktiv mövcudluğuna rəhbərlik edir






Potensial olaraq bu bölgə NATO ilə Rusiya arasındakı münaqişənin əsas mərkəzinə çevrilə bilər. Bu ay Litva Aİ-nin sanksiyaları altındakı bəzi malların öz ərazisindən Kalininqrada - Rusiyanın Baltikyanı eksklavına göndərilməsini əngəllədikdən sonra Rusiya “praktiki cavab tədbirləriylə” hədələyib.





 Estoniyanın baş naziri Kaja Kallassa NATO-nu tənqid edərək bildirib ki, alyans Rusiyanın sərhədi keçərək hücum etməsi vəziyyətinə hazır deyil. Mövcud strategiyaya görə, NATO yalnız Rusiya hücum etdəndən sonra Estoniya ərazisini geri almağa çalışmalıdır. "Onlar bizi yer üzündən silə bilərlər", – Kallas belə deyir.





 Estoniya, Latviya və Litva vaxtilə zorən Sovet İttifaqının tərkibində olublar, bu günsə müstəqil dövlətlərdir və hər üçü NATO üzvüdür. Polşa da daxil olmaqla, bu ölkələrdə genişləndirilmiş üstün mövcudluq çərçivəsində dörd çoxmillətli döyüş qrupu yerləşdirilib. Böyük Britaniya Estoniyada, ABŞ Polşada, Almaniya Litvada, Kanada isə Latviyada liderlik edir.





Bununla belə, NATO-nun planlaşdırma mütəxəssisləri çox yaxşı bilirlər ki, həmin döyüş qrupları Rusiyanın hücumuna qarşı yalnız “büdrətmə teli” rolunu oynaya bilər. Bunlar kiçik qruplardır və bərpa edilmiş Rusiya ordusunun qarşısını ala bilməzlər. Baltikyanı dövlətlərin liderləri əsas çəkindirici vasitə kimi öz ölkələrində NATO qüvvələrinin ən azı bir bölümünün yerləşdirilməsini istəyirlər. Çox güman ki, bu məsələ Madriddə qızğın müzakirələrə səbəb olacaq.





4. Finlandiya və İsveçin NATO üzvlüyünə razılıq verilməsi




Rusiyanın suveren ölkəyə genişmiqyaslı hücumundan ciddi dərəcədə narahat olan Finlandiya və İsveç indiyəqədərki neytral mövqelərindən imtina edərək NATO-ya üzv olmaq qərarına gəliblər. Alyans onlara böyük həvəslə qucaq açır.





Bu ölkələrin quruma qəbul edilməsi Baltik dənizini faktiki olaraq “NATO gölü”nə çevririr – hansı ki, vahid hava hücumundan müdafiə və  raket sistemləri olan səkkiz üzv dövlətlə həmsərhəd olacaq.





Sonrakı mərhələdə NATO nə vaxtsa Gürcüstan və Moldova kimi ölkələri qəbul etmək niyyətində olub-olmadığına qərar verməlidir – bununla bağlı bütün riskləri və onsuz da paranoid olan Kremlin təhrik olunacağını nəzərə alaraq.





5. Müdafiə xərclərində təcili artım




Hazırda NATO üzvləri illik ÜDM-in 2 faizini müdafiə xərclərinə yönəltməyə borcludurlar, amma bu göstərici ölkələr üzrə dəyişir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son məlumatlarına görə, ABŞ müdafiəyə 3,5 faiz, Britaniya 2,2 faiz, Almaniya 1,3 faiz, İtaliya, Kanada, İspaniya və Hollandiya isə 2 faizdən xeyli az vəsait xərcləyirlər. Rusiyada bu göstərici 4,1 faiz təşkil edir.





Məlum olduğu kimi, Donald Tramp ABŞ Prezidenti olanda bildirmişdi ki, digər üzv dövlətlər səy göstərməsələr, Amerikanı alyansdan çıxaracaq. Onda bu təhdidin müəyyən təsiri olmuşdu, amma Rusiyanın Ukraynaya hücumu daha böyük effekt verdi. Müharibə başladıqdan cəmi üç gün sonra Almaniya müdafiə üçün əlavə 100 milyard avro ayıracağını və nəhayət, alyansdakı kvotasını 2 faizdən yuxarı qaldıracağını açıqladı.





NATO rəhbəri isə bu həftə bildirdi ki, 30 üzv ölkədən 9-u 2 faizlik hədəf göstəricisini yerinə yetirib və ya keçib, 19-u isə onları 2024-cü ilə qədər bu göstəriciyə çatdıracaq  dəqiq plana malikdir. Jens Stoltenberg-in fikrincə, 2 faizlik nəticə “son yox, minimum hədd olmalıdır”.










Madrid NATO NATO sammiti hərbi alyans Britaniya Britaniya hərbçiləri





Britaniya əsgərləri NATO-nun hərbi təlimlərində iştirak edirlər






Qərb hərbi qurumlarının rəhbərləri və qərbli analitiklər Rusiyanın aqressiyasının davam edəcəyi təqdirdə müdafiə xərclərini təcili surətdə artırmağa çağırırlar. Ancaq son onilliklərdə bu xərclərin davamlı şəkildə azaldılması Rusiyanın gələcək təcavüzünün  qarşısını almaq üçün NATO-nun hələ də kifayət qədər güclü olmasıyla bağlı suallar yaradıb.





Son vaxtlar Britaniyanın müdafiə xərcləri artırılsa da, satınalmalarda böyük itkilər qeydə alınıb. Təlimlərdə olanlar da daxil olmaqla, Britaniya ordusunda hazırkı canlı qüvvə sayı 82 min əsgərdir, amma ixtisarlardan sonra bu say 72 min 500 nəfərə düşəcək. Daha çox narahat edən məqamsa odur ki, həm Rusiya, həm də Çin səs sürətindən beş dəfə sürətli olan və təxminedilməz trayektoriyalarla uça bilən hipersəs raketlərinin hazırlanmasında Qərbi qabaqlayırlar.





Bütün bunlar dünyada ərzaq və yanacaq qiymətlərinin artdığı bir vaxtda, pandemiyanın vurduğu zərərlər fonunda baş verir, ona görə də büdcə imkanları artıq xeyli məhduddur. Aktual və təxirəsalınmaz digər dövlət xərcləri varkən müdafiəyə daha çox pul ayrılması ölkə daxilində rəğbətlə qarşılanmaya bilər.





 Ancaq yüksək çinli hərbçilər xəbərdarlıq edirlər ki, indi NATO öz təhlükəsizliyini gücləndirməsə, Rusiyanın növbəti təcavüzünün qiyməti ölçülməz dərəcədə baha olacaq. (BBC)