Logo
news content
User
Kateqoriyalar

Xəbər

NASA və "Roskosmos" rəhbərləri 2018-ci ildən bəri ilk dəfə görüşəcəklər

"Roskosmos"un baş direktoru Dmitri Bakanov NASA rəhbərliyi ilə danışıqlar aparmaq üçün ABŞ-nin Hyuston şəhərinə gedib. Bu barədə Rusiya xəbər agentlikləri "Roskosmos"un mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bakanovun NASA administratoru vəzifəsini icra edən Şon Daffi ilə iyulun 31-nə planlaşdırılan görüşü iki ölkənin kosmik agentliklərinin rəhbərləri arasında 2018-ci ildən bəri ilk təkbətək görüş olacaq.

"İnterfaks"ın məlumatına görə, müzakirələrədə Beynəlxalq Kosmik Stansiyanın (ISS) istismar müddətinin uzadılması, qarşılıqlı uçuşların davam etdirilməsi və stansiyanın orbitdən çıxarılması prosesi müzakirə olunacaq.

Rusiya nümayəndə heyətinin Conson adına Kosmik Mərkəzə və "Boeing" şirkətinin istehsalat bölməsinə ziyarəti də nəzərdə tutulub.

Kosmik proqram ABŞ və Rusiya arasında hələ də sıx əməkdaşlığın davam etdiyi azsaylı beynəlxalq layihələrdən biridir. "Reuters" qeyd edir ki, digər sahələrdə iki ölkə arasındakı münasibətlər 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra demək olar ki, tamamilə dayandırılıb.

2025-ci ilin yanvarında ABŞ prezidenti postuna qayıtdıqdan sonra Donald Tramp administrasiyası Moskva ilə təmasları bərpa etmək yönündə addımlar atmağa başlayıb. Lakin sonradan Tramp Ukraynada atəşkəsin əldə olunması üçün real irəliləyiş olmadığına görə Rusiya və prezident Vladimir Putinə qarşı səbrinin tükəndiyini, məyusluq hiss etdiyini açıqlayıb.