Moldovadakı parlament seçkilərində prezident Maya Sandunun partiyası qalib gəlib
29 Sentyabr 2025
Moldovada keçirilən parlament seçkilərində protokolların 99,95%-nin hesablanmasından sonra Moldova Prezidenti Maya Sandu tərəfindən təsis edilən Fəaliyyət və Həmrəylik Partiyası 44,13% səs toplayıb.
Bu barədə Moldova MSK xəbər verir.
İkinci yerdə 28,26% səslə Sosialist Partiyası ətrafında formalaşdırılan "Vətənpərvər blok" qərarlaşıb. Sıralamada daha sonra avropayönümlü partiyaların "Alternativ" bloku (9,21%) və Renato Usatının "Bizim Partiya"sı (6,35%) gəlir. "Demokratiya evdədir" Partiyası isə 5,73%-ni qazanıb.
MSK-nın məlumatına görə, seçici fəallığı 52% təşkil edib.
"Vətənpərvər blok"a Moldova Respublikasının keçmiş prezidenti İqor Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyası, ölkənin sabiq lideri Vladimir Voroninin rəhbərlik etdiyi Moldova Kommunistlər Partiyası və keçmiş baş nazir Vasili Tarlevin "Moldovanın Gələcəyi" Partiyası daxildir.
"Alternativ" bloka Kişinyov meri İon Çebanın Milli Alternativ Hərəkatı, keçmiş baş nazir İon Kikunun rəhbərlik etdiyi Moldova İnkişaf və Birləşmə Partiyası, eləcə də Mark Tkaçukun "Vətəndaş Konqresi" Partiyası daxildir.