Logo
news content
User
Kateqoriyalar

Xəbər

Misirdə İsrail və HAMAS arasında danışıqlar gedir, ABŞ vasitəçidir

Misirin Şarm əl-Şeyx şəhərində ABŞ-nin vasitəçiliyi ilə Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında danışıqlar başlayıb.

İsrail tərəfinə Ron Derman, HAMAS nümayəndə heyətinə isə Qəzzada qruplaşmanın rəhbəri Xalil əl-Hayya başçılıq edir. ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və iş adamı, keçmiş baş müşavir Cared Kuşner Misirdə keçirilən Yaxın Şərq üzrə texniki danışıqlarda Vaşinqtonu təmsil edirlər.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə təsdiq edib ki, Misirdə xüsusi elçi Uitkoff və Cared Kuşner, həmçinin müvafiq tərəflərin nümayəndələri arasında texniki danışıqlar keçirilir.

Onun sözlərinə görə, ABŞ HƏMAS və İsrail arasında münaqişənin həlli üçün aparılan danışıqların başa çatması ilə bağlı konkret vaxt məhdudiyyəti müəyyənləşdirmir, lakin prezident Tramp sülhün mümkün qədər tez əldə olunmasında maraqlıdır.

"Bu münaqişədə iştirak edən bütün tərəflər artıq müharibənin bitməli və prezident Trampın sülh planının qəbul edilməli olduğu barədə razılığa gəliblər. Administrasiya bu istiqamətdə tezliklə irəliləyiş əldə etmək üçün ciddi şəkildə çalışır. Prezident atəşkəsin bərqərar olmasını və girovların azad edilməsini istəyir. Hazırda texniki qruplar girovların azad olunması üçün ideal şəraitin yaradılması imkanlarını müzakirə edirlər", – Livitt vurğulayıb.

Ağ Ev rəsmisi əlavə edib ki, Tramp administrasiyasının regionda davamlı sülhün bərpası üçün əsas prioritetləri təhlükəsizliyin təmin edilməsi və Qəzza zolağında səmərəli idarəetmə sisteminin qurulmasıdır.

HƏMAS cümə günü ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Qəzza üzrə sülh planına cavabını təqdim edib. Qeyd olunası məqam odur ki, fələstinli qruplaşma Qəzza administrasiyasını bir qrup texnokratlara təhvil verməyə və fələstinli məhbusların qarşılığında bütün israilli məhbusları azad etməyə razılaşıb.

ABŞ Prezidenti bu cavabı alqışlayıb və İsraili bombardmanı dərhal dayandırmağa çağırıb. Bununla belə, agentliyin məlumatına görə, HƏMAS-ın cavabından sonra 72 saat ərzində İsrailin hücumları nəticəsində Qəzzada azı 130 fələstinli həlak olub.