Logo
news content
User
Kateqoriyalar

Xəbər

Minab faciəsi: Yüzdən çox uşağın öldüyü zərbə barədə nə məlumdur?

İranın cənubundakı Minab şəhərində yerləşən məktəbə endirilən zərbə nəticəsində 150-dən çox insan həlak olub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) binalar kompleksindən cəmi bir neçə yüz metr aralıda yerləşən təhsil müəssisəsinə hücum ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin ən faciəli epizodlarından birinə çevrilib.

İndiyədək heç kim hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. ABŞ və İsrail baş verən olayla bağlı araşdırma aparıldığını bildiriblər. ABŞ tərəfi mülki obyektlərə zərbə endirmədiyini vurğulayır, İsrailin BMT-dəki səfiri isə zərbənin İran hərbçiləri tərəfindən endirilə biləcəyini iddia edib.

ABŞ-ın müdafiə naziri Pit Heqset çərşənbə günü bəyan edib ki, Minabda yerləşən məktəbə zərbə ilə bağlı hadisə araşdırılır.

BBC-nin ABŞ Dövlət Departamentindəki müxbiri Tom Beytman brifinq zamanı Hegsethə müraciət edərək, çoxlu sayda uşağın həyatını itirdiyi bombardman barədə əlavə məlumat verib-verə bilməyəcəyini soruşub.

“Deyə biləcəyim yeganə şey odur ki, biz bunu araşdırırıq, – Heqset cavab verib. – Əlbəttə, biz heç vaxt mülki hədəflərə zərbə endirmirik, lakin bu məsələni araşdırırıq”.

Beytmanın mərmilərin kimə məxsus olması ilə bağlı aydınlıq olub-olmadığı barədə sualına isə Heqset yenidən qısa cavab verib: “Biz bunu araşdırırıq”.

Həmin gün BBC-nin Vaşinqtondakı müxbiri Daniel Buş da brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Livitə oxşar suallar ünvanlayıb.

Livit də öz növbəsində bildirib ki, Pentaqon məsələni “araşdırır” və bir daha vurğulayıb ki, ABŞ hərbçiləri mülki əhaliyə zərbə endirmir.

Nə baş verib

İranın cənubundakı Minab şəhərində yerləşən “Şadjare Tayebe” ibtidai məktəbi fevralın 28-də ABŞ və İsrailin başladığı əməliyyatın ilk günündə raket atəşinə məruz qalıb. Mülki əhali arasında ölənlərin sayına görə bu hadisə müharibə başlanandan bəri ən dəhşətli insident hesab olunur.

Raket məktəbə səhər dərsləri zamanı düşüb. İranda məktəb həftəsi şənbə günündən cümə axşamına qədər davam edir. ABŞ və İsrailin ölkəyə zərbələr endirməyə başladığı fevralın 28-də məktəbdə dərslər gedirmiş. İran hakimiyyəti zərbələrin başlanmasından az sonra – şənbə günü səhər saat 9:40-da məktəblərin bağlanması barədə göstəriş verib.

Lakin məktəbin həmin qərardan əvvəl, yoxsa sonra vurulduğu hələ də aydın deyil. Bu da valideynlərin göstərişə reaksiya vermək üçün vaxtının olmaması ehtimalını yaradır. Hücum nəticəsində övladını itirən qadın NBC News-a bildirib ki, ona məktəbdən zəng edərək “Müharibə başlayıb, uşağınızı götürüb evə aparın” deyiblər. O məktəbə çatanda isə bina artıq dağıntıya çevrilibmiş.

Yerli vaxtla təxminən saat 10:00–10:45 arasında məktəbə düşdüyü güman edilən raket iki mərtəbəli beton binanın azı yarısını dağıdıb. Nəticədə yeddi yaşdan on iki yaşa qədər onlarla məktəbli qız da daxil olmaqla çox sayda insan həlak olub. İran mediası şənbə günü hücum barədə ilk məlumatlarda onlarla ölən olduğunu bildirib, daha sonra bu rəqəm artıb.

Çərşənbə axşamı yerli prokuror məktəbdə 168 nəfərin öldüyünü, 96 nəfərin yaralandığını açıqlayıb. Çərşənbə gününə olan məlumata görə isə səhiyyə qurumlarının nümayəndələri və İran dövlət mediası ölənlərin sayının 175 nəfərə çatdığını bildirib. Qurbanların əksəriyyətinin uşaqlar olduğu ehtimal edilir.

The New York Times də bu rəqəmi təqdim edir. Lakin BBC bildirir ki, ölənlərin sayını müstəqil şəkildə təsdiqləyə bilmir. Çünki beynəlxalq media nümayəndələrinə İrana getmək üçün viza verilməsindən tez-tez imtina olunur, bu isə ölkədə məlumat toplamaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bundan əlavə, ölkənin böyük hissəsində rabitə və elektrik enerjisi ilə bağlı fasilələr hələ də davam edir.

Həlak olanların sayı ilə bağlı məlumatlar fərqlidir. İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, məktəbə endirilən zərbə nəticəsində “təxminən 180 azyaşlı uşaq” həyatını itirib. Qətərin Al Jazeera peyk televiziya kanalı onun sözlərindən sitat gətirib.

İran hakimiyyətinə yaxın olan Mehr News Agency isə 168 məktəbli qızın öldüyünü bildirib və qeyd edib ki, onların yalnız 99-nun şəxsiyyəti müəyyənləşdirilib.

BBC internetdə zərbənin nəticələrinin əks olunduğu videoları yoxlayaraq onların yerini müəyyənləşdirə bilib. Kadrlarda məktəb binasının dağıntıları üzərindən tüstü qalxdığı, yaxınlıqda insanların toplaşdığı, onların panika içində qışqırıq səslərinin eşidildiyi görünür.

Müstəqil OSINT araşdırmaçıları da dağıdılmış məktəb və dağıntıların təmizlənməsi ilə bağlı İran mediasında yayımlanan videoların yerini geolokasiya üsulu ilə müəyyən ediblər.

Başqa bir videonun həqiqiliyini isə The Washington Post təsdiqləyib. Həmin görüntülərdə Minab sakinlərinin zərbədən sonra məktəbdən qalan xarabalıqlara doğru qaçdıqları görünür.

Farsdilli Factnameh faktçekinq xidməti internetdə yayılan hücum görüntülərini məktəbin ərazisində daha əvvəl çəkilmiş digər kadrlarla müqayisə edərək onların autentik olduğunu təsdiqləyib.

Həmçinin Reuters də zərbənin nəticələrini əks etdirən videonun həqiqətən məktəbin yaxınlığında çəkildiyini təsdiqləyib.

The Guardian hadisə yerindən yayılan foto və videoları yoxlayaraq onların həqiqiliyini təsdiqləyib. Həmin kadrlarda qismən dağıntılar altında qalmış uşaqların cəsədləri görünür. Videolardan birində dağıntılar arasından azyaşlı uşağa məxsus qopmuş qolun çıxarıldığı əks olunur; xarabalıqların arasında qan və toz içində qalmış parlaq rəngli məktəb çantaları görünür.

Digər görüntülərdə cib və yaxasında xanalı əlavələri olan yaşıl rəngli paltar geyinmiş qızın cəsədi görünür; bədəninin bir hissəsi qara torba ilə örtülüb, arxa planda isə qışqırıq səsləri eşidilir. Başqa bir videoda isə bir kişi dağıdılmış məktəbin xarabalıqları arasında dayanaraq dərslikləri və iş dəftərlərini havada yelləyir, xilasedicilər isə bu vaxt dağıntıları əl ilə təmizləməyə çalışırlar.

“Bunlar bu xarabalıqların, bu dağıntıların altında qalmış uşaqların məktəb dərslikləridir, – o qışqırır. – Bu kitablardakı uşaqların qanını görürsünüz. Bunlar hərbçilər deyil, mülki insanlardır. Bu məktəb idi, onlar oxumağa gəlmişdilər”.

Zərbə nəticəsində övladını itirmiş Minaab sakini NBC News kanalına bildirib: “Biz hadisə yerinə çatanda məktəb artıq tamamilə uşaqların üzərinə uçmuşdu”. O, jurnalistlərlə anonimlik şərti ilə danışıb: “İnsanlar dağıntılar altından uşaqların qollarını və ayaqlarını çıxarırdılar. Qopmuş başları çıxarırdılar”.

Dağıntılar altından sağ qalanların axtarışı bazar günü başa çatdırılıb. Bu barədə İran dövlət mediası Minaab şəhərinin qubernatoru Məhəmməd Rədmehrə istinadən məlumat yayıb.

Çərşənbə axşamı həlak olanların bir hissəsinin dəfn mərasimi keçirilib. Fəhlələr ağır texnikanın köməyi ilə məktəbdən təxminən səkkiz kilometr aralıdakı qəbiristanlıqda beş sıra qəbir qazıblar – ümumilikdə 100 məzar. Yüzlərlə insan qurbanları son mənzilə yola salmaq üçün küçələrə axışıb. Dəfn mərasimi İran dövlət televiziyası ilə yayımlanıb.

İslam Respublikasının bayrağına bürünmüş tabutlar izdiham arasından keçirilərkən, kadrarxası səs övladlarını itirmiş anaların və ataların dərdindən bəhs edib.

Məktəb və onun yerləşdiyi yer haqqında nə məlumdur

Minaab şəhəri İranın cənub-şərqində yerləşən Hormozqan vilayətində yerləşir. Bu region İran üçün strateji əhəmiyyət daşıyır, çünki onu Hörmüz boğazı və Fars körfəzinin suları əhatə edir. Şəhər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələrinin əməliyyatları üçün əsas mərkəzlərdən biri hesab olunur. Bu səbəbdən də şəhər ABŞ və İsrailin hücumlarının hədəflərindən birinə çevrilib. Bu barədə Al Jazeera məlumat yayıb.

“Şadjare Tayebe” məktəbi SEPAH-ın Hərbi-Dəniz Qüvvələrinə məxsus “Səyyid əl-Şühəda” hərbi bazasından təxminən 600 metr məsafədə yerləşir. Həmin kompleksə SEPAH Hərbi-Dəniz Qüvvələrinin əsas zərbə bölmələrindən biri sayılan “Asif” raket briqadasının qərargahı da daxildir.

Məktəbin SEPAH bazasının yaxınlığında yerləşməsi təsadüfi deyil. O, struktur və inzibati baxımdan SEPAH Hərbi-Dəniz Qüvvələri ilə bağlı olan geniş təhsil müəssisələri şəbəkəsinin bir hissəsi sayılır. Bu məktəblər rəsmi olaraq qeyri-kommersiya təhsil müəssisələri kimi təsnif edilir və əsasən SEPAH hərbçilərinin oğul və qızlarına təhsil vermək üçün nəzərdə tutulub.

Bununla belə, məktəbə, xəstəxanaya və ya digər mülki obyektə qəsdən zərbə endirilməsi beynəlxalq hüquqa görə hərbi cinayət hesab olunur. Həmçinin xüsusi hazırlanmadan hücumlar da beynəlxalq hüququ pozur.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, məktəblər hərbi məqsədlərlə istifadə olunsa belə, beynəlxalq hüquq münaqişə tərəflərini mülki şəxslərə və infrastruktur obyektlərinə zərərin qarşısını almağa və ya onu minimuma endirməyə məcbur edir. Lakin praktikada müharibələr zamanı mülki obyektlər mütəmadi olaraq zərbələrə məruz qalır.

Peyk görüntüləri göstərir ki, hələ 2013-cü ildə məktəbin binası ilə SEPAH-ın Hərbi-Dəniz Qüvvələrinə məxsus baza eyni əraziyə daxil olub və onları bir-biri ilə eyni yollar birləşdirib.

Lakin daha sonrakı peyk şəkillərinə əsasən məlum olur ki, artıq 2016-cı ilin sentyabrına qədər məktəbin ətrafı divarla hasarlanıb və beləliklə o, hərbi bazanın ərazisindən ayrılıb. Sonrakı dövrdə isə burada üç ayrıca sektor formalaşıb:

  • məktəb (2016-cı ildən etibarən öz divarları və giriş qapıları ilə),
  • ixtisaslaşmış “Şəhid Absalan” klinikası (2025-ci ilin əvvəlində ayrıca mülki girişlə ayrılıb),
  • “Səyyid əl-Şühəda” hərbi kompleksi.

Peyk görüntülərindəki bu dəyişikliklərə ilk diqqət çəkənlərdən biri The New York Times olub. BBC də Google Earth xidməti vasitəsilə peyk şəkillərini araşdıraraq fərqləri təhlil edib və ən azı 2016-cı ildən etibarən məktəbin hərbi kompleksin və klinikanın ərazisindən ayrıldığını təsdiqləyib.

Klinikanın binasını Google Maps xəritə xidmətində də tapmaq mümkündür. Onun yaxınlığında SEPAH-a məxsus “Səyyid əl-Şühəda” mədəniyyət kompleksi də yerləşir.