Logo
news content
User
Kateqoriyalar

Xəbər

Reportaj

Məktəbdə faciə: İsrail kommandosunun ən uğursuz əməliyyatı

İsrailin “Mossad”  kəşfiyyat xidməti və xüsusi təyinatlıları uğurlu antiterror əməliyyatları ilə məşhurdur. Belə əməliyyatlardan mətbuatda çox bəhs edilib. Amma bütün bənzər qurumlar kimi, onlar da fəaliyyətləri dövründə ciddi uğursuzluqlardan yayına bilməyiblər. Belələri arasında Maalot faciəsi xüsusi yer tutur.

*** 

1974-cü il aprelin 11-də Fələstin Xalq Qurtuluş Cəbhəsi – Baş Komandanlıq təşkilatının üç üzvü gecə ikən Livan-İsrail sərhədini keçərək, Kıryat-Şmona adlı yaşayış məntəqəsində çoxmənzilli binaya daxil oldular və burada səkkizi uşaq olmaqla, 16 nəfər dinc sakini öldürdülər. Hadisə yerinə gələn hərbçilərlə atışma zamanı iki hərbçi və hər üç terrorçu öldürüldü.

Buna görə də bir ay sonra, mayın 13-də səhər İsrail sərhədçiləri növbəti sərhəd pozucularının izlərini aşkar edəndə dərhal həyəcan qaldıraraq, polisə və orduya xəbər verdilər. Amma axtarışlar bir nəticə vermədi. Həmin gün və sabahısı bir hadisə baş verməyəndə isə polis də, hərbçilər də bir qədər arxayınlaşdılar, sərhəd pozucularının adi qaçaqmalçılar ola biləcəyini düşündülər.  

Amma onlar qaçaqmalçı deyildilər, başqa bir Fələstin təşkilatının - marksist-leninçi Fələstin Demokratik Qurtuluş Cəbhəsi (FDQC) adlı təşkilatın üzvləri idilər. Üç nəfərlik qrupa Ziyad Rahim adlı gənc rəhbərlik edirdi. Onların sonrakı iki sutkanı harada keçirdiyi məlum deyil. Yəqin ki, haradasa gizlənərək, axtarışların səngiməsini gözlədilər və mayın 14-də axşam saatlarında hərəkətə keçdilər. 

Maskalanmaq üçün İsrail ordusunun formasını geyinmiş ərəblər əvvəlcə bir sərnişin avtobusunu atəşə tutdular. Bir qadın, 27 yaşlı xristian ərəb Hasiba Şahala həlak oldu, daha bir neçə nəfər isə yaralandı. Sürücü də yaralanmışdı, ancaq avtobusu geriyə sürüb, hadisə yerindən uzaqlaşa bildi. 

Bundan sonra terrorçular Livan sərhədindən təxminən 10 km məsafədə yerləşən  Maalot-Tarşiha qəsəbəsinə üz tutdular və mayın 15-də təxminən saat 03.30-da yəhudi Koen ailəsinin evinə daxil oldular. Kişini və yeddi aylıq hamilə qadını, 4 yaşlı oğlanı öldürdülər, 5 yaşlı qızı isə yaraladılar. Yalnız 16 aylıq daha bir oğlanı görmədiklərindən toxunmadılar.

Üçlük qəsəbədəki Netiv Meir məktəbinə getməyi planlaşdırırdı. Yolda rast gəldikləri Yakov Kadoş adlı birisindən məktəbin yolunu soruşdular, cavab aldıqdan sonra onu da güllələdilər. Yaralanan Kadoş özünü ölülüyə vurdu və bu yolla xilas ola bildi.

Terrorçular Netiv Meir məktəbinə daxil olmağı və səhər dərsə gələn məktəbliləri girov götürməyi planlaşdırırdılar. Amma onlar gözləmədikləri hadisə ilə rastlaşdılar: gecə vaxtı məktəbdə yüzdən çox uşaq vardı.

Onlar bu məktəbin şagirdləri deyildilər, səhər tezdən başlayacaq “Gadna” adlı hərbi-vətənpərvərlik proqramında iştirak etmək üçün qonşuluqda yerləşən Safed şəhərindən gəlmişdilər. İddialara görə, sərhədi qanunsuz keçənlər barədə eşidən məktəb rəhbərliyi polislə əlaqə saxlayaraq, səfərin nə qədər təhlükəsiz olması ilə maraqlanmış, polis də onlara sadəcə əsas yollarla hərəkət etməyi məsləhət görmüşdü.

*** 

Məktəbə yaxınlaşan FDQC üzvləri əvvəlcə çöldə avtobusda gecələyən silahlı mühafizəçini əsir aldılar və onunla birlikdə məktəbə daxil oldular. Məktəbdə olan 102 uşaq və 10 böyükdən bəziləri silahlı adamları görən kimi pəncərədən atılıb qaça bildi. Terrorçuların əlində 85-i uşaq olmaqla, 89 nəfər girov qaldı. Onların hamısını ikinci mərtəbədə bir otağa yığdılar.

Məktəbdən qaça bilənlər sayəsində İsrail hökuməti və güc strukturları tezliklə hadisədən xəbər tutdular. Səhər açılanda İsrailin müdafiə naziri Moşe Dayan və Baş qərargah rəisi Mordexay Qur artıq Maalotda idilər. Məktəb İsrail ordusunun xüsusi təyinatlı “Sayeret Matkal” qüvvələri tərəfindən mühasirəyə alındı.



Terrorçular girovlardan birini buraxaraq, onun vasitəsilə öz tələblərini çatdırdılar: İsrail həbsxanalarında saxlanılan 23 ərəb və daha 3 əcnəbi silahdaşları azad edilərək Dəməşqə göndərilməlidir, əgər Qolda Meir hökuməti saat 18:00-a kimi bunu etməzsə, girovlar öldürüləcək.

Adətən belə hallarda terrorçuları uzun-uzadı danışıqlarla yormaq, onların sayıqlığını azaltmaq, girovların bir hissəsini danışıqlar yolu ilə azad edərək, sayı azaltmaq taktikası həyata keçirilir. Bu məqsədlə hətta radio ilə yayımlanan saat 14.00 xəbərlərində terrorçuların tələbinin qəbul edildiyi, dustaqların azad ediləcəyi elan olundu. Qrup üzvləri bunu sevinclə qarşılasalar da, hər hansı güzəştə getməkdən boyun qaçırırdılar. Onlar girovlar üçün yemək və su qəbul etmir, təyin etdikləri vaxtın son möhlət olduğunu vurğulayırdılar. Bircə irəliləyiş o idi ki, terrorçuların tələbini gətirən adamdan onların sayını öyrənmək mümkün olmuşdu. 

Hələ danışıqların davam etdiyi zaman məktəbdən açılan atəş nəticəsində daha bir nəfər öldürüldü. Bəzi mənbələrdə həmin adamın hadisə yerini mühasirəyə alan hərbçilərdən olduğu yazılır, digərlərində isə məzuniyyət verildiyi üçün Maalota evinə gələn və sadəcə hadisələri müşahidə edən əsgər olduğu yazılır. 

Fələstinlilərin güzəştə getmədiklərini görən hökumət xilasetmə əməliyyatı haqqında qərar qəbul etdi. Hazırlanan plana görə, “Sayeret Matkal”ın həyata keçirəcəyi əməliyyatın başlama əmri verilən kimi snayper atəş açaraq terrorçuların başçısını zərərsizləşdiməli idi. Üç qrup eyni zamanda məktəbə hücum edəcəkdi, onların ikisi əsas girişdən, biri isə nərdivanla girovların saxlanıldığı otağın pəncərəsindən içəri daxil olacaqdı. Amma hər şey əvvəldən baş-ayaq getdi.

Əməliyyata başlamaq barədə əmrin verilib-verilməməsi mübahisə mövzusudur. Amma saat 17:25-də snayper atəş açdı və əsas girişdən iki qrup hücuma keçdi. Üçüncü qrup isə əmr almadığından yerindən tərpənmədi. Üstəlik, snayper atəşi də uğursuz oldu, Ziyad Rahim yüngül yaralandı.



Hücuma keçən qruplardan birincisi pilləkəndə terrorçularun atəşi ilə üzləşdi. Bu zaman hərbçilərdən biri görünüşü əngəlləmək üçün öz təşəbbüsü ilə tüstü qumbarası atdı.  Bu isə ikinci qrupu çaşdırdı və onlar mərtəbəni səhv salaraq, bir mərtəbə yuxarı qalxdılar və bir neçə saniyə sonra geri qayıtdılar. Bütün bunlar bir dəqiqədən az çəkdi. Amma hər şeyi saniyələrin həll etdiyi antiterror əməliyyatı üçün bu, həddən artıq çox idi.

Bu müddət ərzində terrorçular girovlara atəş açmağa, əl qumbarası atmağa başladılar. Xüsusi təyinatlılar sinfə daxil olub onları öldürənə qədər 21 şagird (17 qız və 4 oğlan) öldürüldü, 60-dan çox girov yaralandı. Daha bir qız 10 gündən sonra öldü. Ağır yaralanan bir hərbçi 4 ildən sonra vəfat etdi və beləcə, daha əvvəl öldürülən Hasiba Şahala, Koen ailəsi və bir əsgər ilə birlikdə qurbanların sayı 28 nəfər oldu.

Hadisənin ertəsi gün İsrail aviasiyası Fələstin Xalq Qurtuluş Cəbhəsi və Fələstin Demokratik Qurtuluş Cəbhəsinin Livandakı təlim bazalarını bombaladı. Nəticədə 27 nəfər öldü və 138 nəfər yaralandı. Onların hamısının bu iki təşkilatın üzvləri olub-olmamasını aydınlaşdıra bilmədim. 

*** 

Maaolot faciəsinin səbəbləri xüsusi komissiya tərəfindən araşdırıldı və nəticələr çıxarıldı. Analoji hallarda cəlb edilmək üçün polis xüsusi təyinatlılarının yaradılması qərara alındı. Tezliklə qısa adı YAMAM (Yeḥida Merkazit Meyuḥedet) olan qurum təsis olundu.

İsrail Təhsil nazirliyi daxilində mühafizə idarəsi yaradıldı və məktəblərin mühafizəsi gücləndirildi. Mühafizəçilərdən əlavə, müəllimlərə də silah gəzdirmək icazəsi verildi. Məktəbin həyətinə daxil olmaq imkanı valideynlər üçün belə xeyli məhdudlaşdırıldı. Bir qədər kənarda yerləşən məktəblərdə hətta avtomat silahların saxlanıldığı otaqlar təşkil edilmişdi...