GP Cotton Dayanıqlılıqla bağlı “Torpaq Sağlamlığı” adlı konfrans keçirib
22 Noyabr 2024
21 noyabr, 2024-cü il tarixində COP29 Beynəlxalq Konfransı çərçivəsində GP Cotton Holdings şirkəti pambıqçılıq sahəsi üçün mühüm olan "Torpaq Sağlamlığı" mövzusunda konfrans təşkil edib. Bu tədbir zamanı torpaq resurslarının qorunması və davamlı idarə olunması mövzusunda geniş müzakirələr aparılıb. Konfransda yerli və beynəlxalq ekspertlər, fermerlər, elmi araşdırma mərkəzlərinin nümayəndələri və hökumət rəsmiləri iştirak ediblər.
“Torpağın sağlamlığı” konfransında GP Cotton Holdings şirkətinin Direktoru Riçard Morqan, Prime Cotton şirkətinin Baş İcraçı Direktoru Rövşən Mahmudov, Emerging Ag şirkətinin Prezidenti Robynne Anderson, OCP Group şirkətinin Baş İnnovasiya Mütəxəssisi Dr. Leonardus Vergutz, CIFOR – ICRAF Torpaq və Ərazi Sağlamlığı üzrə Qlobal Tədqiqat təşkilatının rəhbəri Dr. Leigh Ann Winowiecki və FAO Avropa və Mərkəzi Asiya Regional Ofisinin Təbiət Resursları Mütəxəssisi Cermi Şlikkenrieder çıxış ediblər.
Konfransın əsas məqsədi torpağın sağlamlığının bərpası, məhsuldarlığın artırılması və ekoloji davamlılığın təmin edilməsi üçün ən yaxşı təcrübələrin müzakirəsi idi. Tədbirdə çıxış edən mütəxəssislər torpaq eroziyası, kimyəvi maddələrin həddindən artıq istifadəsi və qeyri-davamlı əkinçilik üsullarının mənfi təsirlərinə diqqət çəkdilər.
GP Cotton Holdings şirkətinin direktoru Riçard Morqan tədbirdə çıxış edərək qeyd etdi ki, "Pambıq istehsalında torpaq sağlamlığı çox önəmlidir, çünki bu, məhsuldarlığa böyük təsir göstərir. GP Cotton olaraq biz daim torpaq sağlamlığını düşünür və torpaqlarımızı sağlam saxlamaq üçün innovativ həll yolları axtarırıq."
Prime Cotton şirkətinin Baş İcraçı Direktoru Rövşən Mahmudov isə konfransda çıxış edərək Prime Cotton-da torpağın sağlamlığını qorumaq üçün innovativ həllər tətbiq edilir. “Biz torpaq sağlamlığı göstəricilərini monitorinq etməklə yanaşı, öz torpaqlarımızda və tərəfdaş fermerlərin sahələrində əkin rotasiyasını tətbiq edirik. Fermerlər üçün əkin rotasiyasını cəlbedici etmək məqsədilə hökumət və üçüncü tərəflərlə birlikdə rotasiya edilmiş məhsulların alınmasına dəstək göstəririk," deyə O, bildirib.
Konfrans çərçivəsində bir neçə panel müzakirəsi və təqdimat keçirildi. Xüsusilə, "Torpağın Reabilitasiyasında Yeni Texnologiyalar", "Dayanıqlı Əkinçilik Strategiyaları" və "İqlim Dəyişikliklərinin Torpağa Təsiri" kimi mövzular geniş maraq doğurdu. Tədbirdə həmçinin innovativ həllərin tətbiqi ilə bağlı uğurlu təcrübələr paylaşılaraq, yeni əməkdaşlıq imkanlarının yaradılması üçün zəmin yaradıldı.
Sonda iştirakçılar torpaq sağlamlığının bərpası və onun qorunması üçün ortaq səylərin vacibliyini vurğuladılar. Konfransın yekununda bu sahədə gələcək əməkdaşlıqları təşviq etmək üçün bir sıra tövsiyələr qəbul edildi.
Bu tədbir Azərbaycan və beynəlxalq ictimaiyyət arasında torpaq resurslarının qorunması ilə bağlı yeni perspektivlər açmaqla yanaşı, dayanıqlı gələcəyin qurulmasına mühüm töhfə verdi.
Redaktorlar üçün qeyd:
Emerging Ag qlobal səviyyədə strateji məsləhət xidmətləri təqdim edən bir şirkətdir. Əsas fəaliyyət istiqamətləri kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və dayanıqlı inkişaf sahələrində innovativ həllər yaratmaq və təşviq etməkdir. Şirkət hökumətlər, QHT-lər, özəl sektor və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək qlobal qida sistemlərinin inkişafına dəstək göstərir. Emerging Ag, fərdiləşdirilmiş yanaşmalar və çoxşaxəli əməkdaşlıq modelləri ilə dayanıqlı və təsirli layihələrin həyata keçirilməsini təmin edir.
"Prime Cotton" MMC, Azərbaycanın pambıq sənayesində 25 ildən artıq təcrübəyə malik bir şirkətdir. Şirkət, pambıq əkini, tədarükü və emalı sahələrində fəaliyyət göstərərək, hər il 160.000 ton xam pambıq, 65.000 ton mahlıc, 5.000 ton pambıq yağı və 30.000 ton pambıq cecəsi istehsal edir. "Prime Cotton" məhsulları Türkiyə, Rusiya, MDB ölkələri, Avropa və Yaxın Şərqə ixrac olunur. Şirkət, dayanıqlı inkişaf və istehsalın izlənilə bilməsi prinsiplərinə sadiq qalaraq, yerli və beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.
GP Cotton Holdings, Azərbaycanın ən böyük pambıq istehsalçısı və tekstil şirkəti olaraq, pambıq yetişdirilməsindən başlayaraq müxtəlif geyimlərin istehsalına qədər bütün təchizat zəncirini əhatə edən şaquli inteqrasiya olunmuş bir qrupdur. Şirkət, torpağın hazırlanması, əkin, yığım, emal və istehsal mərhələlərini tam nəzarətdə saxlayaraq, dünya miqyasında müştərilərinə yüksək keyfiyyətli məhsullar təqdim edir. GP Cotton, Azərbaycanın tekstil sənayesinin inkişafında öncül rol oynayır və davamlılıq prinsiplərinə sadiq qalaraq, ətraf mühitə və yerli icmalara müsbət təsir göstərən təşəbbüsləri dəstəkləyir.
Azərbaycanın ən iri pambıq istehsalçısı Prime Cotton və eləcə də ölkənin ən iri tekstil istehsalçısı GiLTEX şirkətləri GP Cotton Holdings-in tərkibinə daxildir.
OCP Group 1920-ci ildən fəaliyyət göstərən və dünya miqyasında fosfat və fosfat əsaslı məhsulların aparıcı istehsalçısıdır. Qlobal kənd təsərrüfatı sektorunda mühüm rol oynayan OCP, gübrə və digər fosfat əsaslı məhsulların istehsalında yüksək standartlara malikdir. Davamlılıq və innovasiyaya önəm verən şirkət, dünyadakı ərzaq təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməyi qarşısına məqsəd qoyub. OCP Group müxtəlif cəmiyyətlərdə sosial-iqtisadi inkişafa dəstək verən layihələri ilə də seçilir.
Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumudur. 1945-ci ildə təsis edilən FAO qlobal ərzaq təhlükəsizliyinin təmin olunması, aclığın aradan qaldırılması və davamlı kənd təsərrüfatı metodlarının təşviqinə yönəlmiş fəaliyyətləri ilə tanınır. FAO üzv dövlətləri ilə birlikdə innovativ həllər və strategiyalar həyata keçirərək kənd təsərrüfatının inkişafı və ərzaq istehsalında effektivliyi artırmaq üçün çalışır.