Logo
news content
User
Kateqoriyalar

Xəbər

Makron Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Prezidenti Emmanuel Makron ilə görüşü olub.

Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə dövlətimizin başçısını təbrik edib.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlətimizin başçısı hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd edib.

Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Emmanuel Makron azərbaycanlı jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir.

"Bu gün səhər Baş nazir Paşinyanla (Ermənistanın Baş naziri Nikol Paşinyanla), günorta isə Prezident Əliyevlə (Azərbaycan Prezidenti İlham Əliyevlə) görüşdüm. Ümid edirik ki, paraflanmadan sonra sülh sazişinin tam şəkildə imzalanması baş tutacaq və region ölkələri ilə münasibətlərin tam normallaşması üçün bütün zəruri addımlar atılacaq", - o qeyd edib.