Logo
news content
User
Kateqoriyalar

Xəbər

Limon bazarının "turş reallığı": Qazanc var, maraq yoxdur - Foto

Azərbaycanda limon yetişdirilsə də, ölkə bu məhsula olan tələbatını tamamilə yerli istehsal hesabına ödəyə bilmir. Bu ilin yanvar-iyul aylarında ölkəyə 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym idxal edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın dəyəri 4%, həcmi isə 10% azalıb. Buna baxmayaraq, xaricdən limon tədarükü davam edir.

Hesabat dövründə Azərbaycan Cənubi Afrikadan 5.6 milyon ABŞ dolları dəyərində 3 977 ton, Türkiyədən isə 5.5 milyon ABŞ dolları dəyərində 7 285 ton limon və laym alıb. Argentinadan 1.2 milyon dollar dəyərində 878 ton, İrandan 559 min dollar dəyərində 746 ton, Braziliyadan isə 123 min dollar dəyərində 60 ton məhsul idxal edilib.

2025-ci ildə Azərbaycana idxal olunan 20 939 ton limon və laymın 68%-i Türkiyənin payına düşüb. Bəs ölkədə yetişdirilən limon niyə daxili tələbatı tam qarşılamır?

İstehsal əsasən cənub bölgəsində cəmlənib

Limon bazarının turş reallığı: Qazanc var, maraq yoxdur - Foto

İqtisadçı-ekspert Rauf Qarayev bildirir ki, Azərbaycanda limon əsasən Lənkəran-Astara bölgəsində yetişdirilir və ölkə üzrə limon istehsalının təxminən 98%-i bu bölgənin payına düşür.

"Əkin sahələri əsasən Lənkəran, Astara və Masallı rayonlarında yerləşir. Təkcə Lənkəranda AMAL layihəsi və digər proqramlar çərçivəsində yüzlərlə hektar yeni salınmış və bərpa edilmiş limon bağları mövcuddur.

Naxçıvanda isə Ordubad limonu özünəməxsus xüsusiyyətləri ilə seçilir. Bu bölgədə limon əsasən istixanalarda, qapalı və ya yarımqapalı bağlarda, eləcə də dibçəklərdə yetişdirilir. Zərif qabığı, xüsusi ətri və şirinvari dadı ilə seçilən Ordubad limonu nadirliyinə və keyfiyyətinə görə daha baha qiymətə satılır.

Naxçıvan Muxtar Respublikasının limon istehsalındakı payı təxminən 1-1.5% təşkil edir. Abşeron yarımadası və digər subtropik zonaların payı isə 0.5%-dən azdır. Bununla yanaşı, qabaqcıl fermerlər Tovuz kimi qərb rayonlarında da uyğun şərait yaradaraq limon yetişdirirlər.

Azərbaycan bağlarında daha çox şaxtaya nisbətən davamlı və yerli iqlimə uyğunlaşmış Meyer, Yeni Gürcüstan, Lisbon, Villa-Franka və Udarnik sortlarına üstünlük verilir. Meyer ən çox yayılan sortlardan biridir", - ekspert bildirib.

Limon bazarının turş reallığı: Qazanc var, maraq yoxdur - Foto

Bir ağacdan 60 kiloqramadək məhsul götürmək mümkündür

R.Qarayevin sözlərinə görə, limon bitkisi düzgün aqrotexniki qulluq göstərildikdə uzunömürlü və yüksək məhsuldar olur.

"Bitkinin ömrü 30-40 ilə çata bilər. İlk kommersiya məhsulu üçüncü ildən etibarən götürülür, tam məhsuldarlığa isə beşinci və ya altıncı ildə çatılır.

Məhsuldarlığın ən yüksək olduğu dövrdə bir ağacdan orta hesabla 40-60 kiloqram, bir hektardan isə 30-40 ton məhsul götürmək mümkündür.

Azərbaycanda yerli limon istehsalı son illərdə dövlət subsidiyaları və intensiv sitrus bağlarının salınması sayəsində orta hesabla 5 000-6 500 ton arasında dəyişir. Yerli istehsal daxili tələbatın müəyyən hissəsini ödəsə də, ölkə hələ də əhəmiyyətli həcmdə limon idxal edir. İllik idxalın təxminən 15-20 min ton olduğu bildirilir.

Hektardan orta məhsuldarlıq isə 240-250 sentner, yəni 24-25 ton təşkil edir", - R.Qarayev qeyd edib.

Limon bazarının turş reallığı: Qazanc var, maraq yoxdur - Foto

Limon hər yerdə yetişmir

İqtisadçı-ekspert limon istehsalını artırmaq üçün ölkənin digər ərazilərində də imkanların olduğunu bildirir. Bununla belə, onun sözlərinə görə, limon hər yerdə yetişdirilə bilən məhsul deyil.

"Əgər təbii şərait və əkin sahələri kifayət etmirsə, istehsalı artırmaq üçün parniklərdən istifadə etmək mümkündür. Məhsulun təbii şəraitdə və əlavə istixana sistemi ilə yetişdirilməsi arasında xərc baxımından fərq var. Bu halda məhsulun maya dəyəri yüksəlir və nəticədə yerli limon daha baha başa gələ bilər.

Limonun topdansatış qiyməti mövsümdən asılı olaraq bir kiloqram üçün orta hesabla 1.20-1.80 manat arasında dəyişir. 35 ton məhsuldan əldə olunan illik ümumi gəlir təxminən 42 000-63 000 manat təşkil edir.

Hər il gübrə, dərman, suvarma və işçi qüvvəsi üçün bir hektara təxminən 4 000-6 000 manat xərc tələb olunur. Tam məhsuldarlıq dövründə illik xalis mənfəətin hektar üzrə 35 000-50 000 manat səviyyəsində ola biləcəyi bildirilir.

Dövlətin verdiyi 11 600 manatlıq ilkin subsidiya və üçüncü ildən başlayan gəlirlər sayəsində qoyulan investisiyanın dördüncü ilin sonunda tamamilə amortizasiya olunduğu, beşinci ildən etibarən isə bağın xalis mənfəətlə işlədiyi bildirilir", - ekspert deyib.

Limon bazarının turş reallığı: Qazanc var, maraq yoxdur - Foto

Ucuz idxal yerli məhsulu sıxışdırır

R.Qarayev bildirir ki, xaricdən gətirilən limonların daha ucuz olması yerli istehsalın artırılmasını bir çox fermer üçün sərfəsiz edə bilər.

"Belə olduğu halda bazarda xaricdən gətirilən məhsul yenə də üstünlük təşkil edəcək. Üstəlik, yerli limon bazara çıxarılarkən həm keyfiyyət göstəricilərinə görə idxal məhsullarından üstün olmalı, həm də qiymət baxımından rəqabətədavamlı olmalıdır.

Hazırda limonun hər yerdə yetişdirilməsinin mümkün olmaması və bəzi ərazilərdə bunun üçün əlavə şərait yaradılmasının xərcləri artırması ölkənin digər dövlətlərdən limon idxalını davam etdirməsinə səbəb olur", - iqtisadçı-ekspert vurğulayıb.

Limon bazarının turş reallığı: Qazanc var, maraq yoxdur - Foto

Fermerlər limon əkməyə niyə maraq göstərmirlər?

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının direktoru Fərman Abdullayevin sözlərinə görə, Azərbaycanda limon plantasiyalarının sayı azdır.

"Xaricdən limon idxalı yerli fermerlərin bu məhsulun istehsalına marağını azaldır. Buna görə də yeni əkin sahələri salınmır və genişmiqyaslı limon əkini aparılmır. Limon əsasən fərdi həyətyanı təsərrüfatlarda yetişdirilir. Böyük fermer təsərrüfatları yoxdur, yəni limon geniş miqyasda becərilmir", - F.Abdullayev bildirib.

O qeyd edib ki, limonçuluğun inkişafına mane olan amillərdən biri də bu sahənin xərc və zəhmət tələb etməsidir.

"Limon ağacları qışda örtülməlidir və bu da əlavə zəhmət tələb edir. Eyni zamanda, məhsul bazarda yaxşı qiymətə satılmır. Xaricdən idxal çox olduğu üçün yerli limonun qiyməti aşağı düşür", - F.Abdullayev əlavə edib. (Kaspi)