Logo
news content
User
Kateqoriyalar

Xəbər

Jurnalistlər "Abzas Media" işi üzrə təqsirləndirilənlərin məhkəməsinə buraxılıblar

Mənbə: Turan

Dekabrın 28-də Abzas Media-nın işi üzrə prosesdə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını oxuyub.

Bakı Ağır Cinayətlər Məhkəməsində iclasın əvvəlində təqsirləndirilən şəxs - Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızı hakim heyətinə etiraz edib. O qeyd edib ki, bu hakim tərkibi işi obyektiv araşdıra bilməz, belə ki, üç hakimdən ikisi daha əvvəl siyasi məhbusların işləri üzrə qərar veriblər.

Xüsusən, sədrlik edən hakim Rasim Sadıxov hüquq müdafiəçisi İntiqam Əliyev barəsində ittiham hökmü çıxarıb, sonradan AİHM tərəfindən bu qərar qanunsuz hesab olunub. Digər hakim - Novruz Kərimov əvvəllər xüsusi xidmətlərdə işləyib və o da siyasi məhbuslar barəsində hökmlər çıxarması ilə məşhurdur, deyə Vaqifqızı qeyd edib.

"Bizi keçmişi təmiz olmayan şəxslərin mühakimə etməsini istəmirik", deyə o qeyd edib.

Təqsirləndirilən Fərid Mehralızadə bildirib ki, Azərbaycanın bütün məhkəmə sisteminə etiraz edir, çünki o, hakimiyyətin müstəqil qolu deyil. Digər təqsirləndirilən şəxslər etirazı dəstəkləyiblər.

Lakin etiraza baxılmayıb.

Daha sonra vəkil Şəhla Hümbətova jurnalistlərin iştirakının təmin edilməsi barədə vəsatət qaldırıb, lakin məhkəmə mühafizəçiləri zalda yer olmadığını bildiriblər. Buna cavab olaraq müttəhimlər yalançı şəxsləri çıxarmağı, onların yerini jurnalistlərə verməyi tələb ediblər.

Abzas Media-nın direktoru Ülvi Həsənli bildirib ki, jurnalistlər buraxılmasa, təqsirləndirilən şəxslər prosesdə iştirakdan imtina edəcəklər. Vəkillərin və həbs edilən şəxslərin qohumlarının israrlı tələblərindən sonra jurnalistlər zala buraxılıb.

Hafiz Babalı, Elnarə Qasımova və Məhəmməd Kekalovun vəkilləri onlar barəsində qətimkan tədbirlərinin dəyişdirilməsi və onların həbsdən azad edilməsi haqqında vəsatət qaldırıblar. Lakin vəsatətlər təmin edilməyib.

Nərgiz Absalamovanın vəkili Rövşanə Rəhimli müvəkkilinin məhkəmədə normal şəraitdə saxlanılması barədə vəsatət qaldırıb. Belə ki, qız siqaret tüstülü soyuq otağa aparılıb və iclas başlayana qədər orada saxlanılıb. Buna cavab olaraq hakim məsələni araşdıracağını vəd edib.

Daha sonra prokuror Rauf Alışov ittiham aktını oxuyub. İstintaqın məlumatına görə, Ülvi Həsənli 2016-cı ildə QHT-lər haqqında qanunu pozaraq, dövlət qeydiyyatı olmayan Abzas Media-nı yaradıb və özünü təsisçi və icraçı direktor kimi qələmə verib.

www.abzas.org saytını və Facebook, Twitter, YouTube, Instagram və TikTok-da hesablar açaraq, özlərini "qanuni əsaslarla fəaliyyət göstərən azad və peşəkar media orqanı" kimi tanıdıb.

Həsənli və işin digər fiqurantları "qeydiyyatsız müqavilələr əsasında xarici donorlardan qanunsuz olaraq böyük məbləğlər alıblar". Pulu "qaçaqmalçılıq" yolu ilə gömrük nəzarətindən kənar və bəyan etmədən ölkəyə gətiriblər, "qanunsuz sahibkarlıq fəaliyyəti" ilə məşğul olublar və "vergiləri ödəməkdən yayınıblar".

Təqsirləndirilən şəxslər maaşların ödənilməsi haqqında "saxta" müqavilələr tərtib ediblər. "Mütəşəkkil qrup" bu şəkildə ümumilikdə 545 278,46 manat məbləğində qanunsuz gəlir əldə edib.

Həbs edilən şəxslər bildiriblər ki, ittihamın mahiyyəti onlara aydın deyil və onlar ittihamı qəbul etmirlər. Həsənli onların həbsinin əsl səbəbinin Azərbaycanın yüksək eşelonlarında korrupsiyanı araşdırmaları olduğunu bildirib.

O, Abzas Media-nın ofisində "tapılmış" 40 min avronun təhlükəsilik qüvvələrinin özləri tərəfindən qoyulub. O, "50 dəfə sərhədi keçib" və bir dəfə belə "qaçaqmalla" saxlanılmayıb.

"Abzas Media, Toplum TV, Meydan TV-nin jurnalistləri qruplar şəklində "qaçaqmalçılıq" ittihamı ilə həbs olunublar. Gömrük necə işləyir ki, bu qədər "qaçaqmalçını" gözdən qaçırıb? Qoy Gömrük Komitəsinin sədri məhkəməyə gəlsin və suallara cavab versin", deyə öz növbəsində Vaqifqızı bildirib.

Elnarə Qasımlı bildirib ki, bu ittihamlar dövləti idarə edənlərə aiddir və bu, zalda alqışlara səbəb olub.

Hafiz Babalı deyib ki, o, jurnalistləri ittiham edənləri "təqsirləndirilən şəxs" hesab edir. "35 ildir jurnalistika ilə məşğul oluram. Mənim burada olmağım özü hakimiyyət üçün biabırçılıqdır", deyə Babalı bildirib.

"Biz cinayət törətməmişik, ölkədə qeyri-rəsmi cinayət məcəlləsi var ki, ona əsasən biz ağır cinayət törətmişik, o, ifadə azadlığı adlanır", deyə Fərid Mehralızadə bildirib.

Daha sonra Hafiz Babalı məhkəmənin onun ona böhtan atan Qafqaz.info portalına qarşı mülki iddiasına baxılmasını aylardır uzatmasına diqqət çəkib. "Linqvistik ekspertiza təyin edilməsindən üç ay keçib, nəticə isə hələ də yoxdur", deyə Babalı bildirib.

Proses yanvarın 21-də davam etdiriləcək. Prosesi ABŞ səfirliyinin nümayəndəsi müşahidə edib. Qeyd edək ki, jurnalistlər ruh yüksəkliyini qoruyub saxlayırlar və onlara qarşı cinayət işini saxtalaşdıranları ifşa etmək niyyətindədirlər.

*  2023-cü ilin noyabr - 2024-cü ilin yanvar aylarında Abzas Media-nın rəhbərləri və əməkdaşları - Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin araşdırmaçı jurnalist, Turan agentliyinin əməkdaşı Hafiz Babalı Həbs olunub. Mayda bu iş üzrə iqtisadçı və "Azadlıq Radiosu"nun əməkdaşı Fərid Mehralızadə də həbs olunub.

Əvvəlcə onların hamısına CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbit olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Lakin 16-19 avqust tarixlərində jurnalistlərə qarşı daha ağır ittihamlar - CM-in 192.3.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə eetməklə törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), 213.2.1 (vergilərdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.
Bu ittihamlara görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.Jurnalistlər bütün ittihamları rədd edir, hakimiyyətin yüksək eşelonlarında korrupsiya  faktlarını araşdırdıqlarına görə təqib olunduqlarını bildirirlər.

Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb. Bir çox beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları bu ittihamları uydurma hesab edib və dəfələrlə jurnalistləri azad etməyə çağırıb.