Logo
news content
User
Kateqoriyalar

Xəbər

Jurnalist təşkilatlarının rəhbərləri Daxili İşlər nazirinə müraciət ediblər

Bir sıra jurnalist təşkilatları və KİV rəhbərləri Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. Müraciətdə deyilir:

Hörmətli cənab nazir,

Aprelin 13-də Masallı rayonunda “Cənub.az” regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənov redaksiyanın ofisində saxlanılıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, Əmənov Masallı rayonu Sığdaş kənd ərazi nümayəndəsi İsrafil Əliyevin şikayəti əsasında saxlanılıb. Guya Əmənov onu gözdən salacaq materialın dərci ilə şantaj edib və həmin şəxsdən 1500 manat pul alarkən cinayət başında yaxalanıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.1 maddəsi üzrə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.

Biz onilliklərdir ki, Zahir Əmənovu Azərbaycanın aparıcı regional KİV-lərindən birinin rəhbəri, təcrübəli, alicənab jurnalist kimi tanıyırıq və onun pul tələb etməsinə inana bilmirik. Burada ən azı yanlışlıq olduğunu düşünürük.

Eyni zamanda sizi əmin edirik ki, Zahir Əminovun azadlıqda qalması istintaqın ədalətli və maneəsiz aparılması üçün heç bir problem yaratmayacaq və buna zəmanət verməyə hazırıq. Baş redaktor barədə istintaq müddətinə qətimkan tədbiri seçilərkən müraciətimizin, Əmənovun regional jurnalistikanın inkişafında rolunun, habelə yaşını n nəzərə alınacağına ümid edirik.

Hörmətlə,

Arif Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri;

Elçin Şıxlinski, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” nəşrinin baş redaktoru;

Mehman Əliyev, Turan İnformasiya Agentliyinin direktoru;

Qulu Məhərrəmli, Pressklub TV kanalının direktoru;

Əvəz Zeynallı, xural.com saytının baş redaktoru.