Logo
news content
User
Kateqoriyalar

Xəbər

“İstəyənlər - cəbhəyə, istəməyənlər – prokurorun qəbuluna” - Səfərbər edilənlər necə həlak olurlar?


Rusiya generalları Luhansk cəbhəsindəki "dəlikləri" səfərbər edilənlərlə doldurur. Onları ön cəbhəyə fəaliyyət planı, komandir və əlaqə olmadan göndərirlər. BBC bunun necə baş verdiyini araşdırıb.





Gecələr Ukrayna artilleriyası, demək olar ki, tamamilə susur - dronlar irəliləyən rus əsgərlərini daha pis görür. Kənddə müdafiə mövqeyi tutmaq uğurlu fikir deyil, çünki günorta asan hədəfə çevriləcəksiniz. Ona görə də meşədə səngər qazmaq lazımdır. Çox vaxt səfərbər edilənlərə verilmiş xəritələrdə ələ keçirməli olduqları yaşayış məntəqələri qeyd olunmur - çünki bu xəritələr sovet dövründən qalıb. Telsizlər söndürülür - çünki onların batareyalarını sonuncu dəfə hələ Rusiyadaykən doldurublar, qənaət etmək lazım gəlir.





Bu, Rusiya ordusu üçün adi haldır. Noyabrın 1-dən 2-nə keçən gecə komandanlığın əmriylə Voronej, Sverdlovsk, Çelyabinsk vilayətlərindən səfərbər edilmiş dörd rota - ümumilikdə 500-ə yaxın adam Luhansk vilayətinin Makiivka istiqamətinə məhz bu şəraitdə yollanıb.





"Gecə maşınlarla bir meşə zolağından o birinə keçdik, bizə dedilər ki, üçüncü müdafiə xəttinə çıxacağıq" - 28 yaşlı Dmitri Slobodçikov BBC-yə belə deyib.





Silahdaşı Aleksey Aqafonov onun dediklərini təsdiqləyir: "Bizə lap əvvəldən heç bir tapşırıq verilməmişdi, çünki yol boyu rabitə əlaqəsi yox idi". Komandirlər əmin ediblər ki, onların taqımları cəbhədən 15 km aralıda, iki müdafiə xəttinin arxasında olacaq.





Meşə qurşağında hərbçilərə səngər qazmaq əmr edilib. Hər taqımda iki kürək (ortalama hər 10 nəfərə üç kürək) olub. Süngü-bıçaqlarla və ya əllə qazmalı olublar. Bunu sürətlə etmək lazım gəlib: səfərbər edilənləri mövqelərə səhər saat beşdə gətirmişdilər, az sonra hava işıqlanacaqdı. Səhər açılan kimi onların mövqeləri atəşə tutulub.




"Çox güclü atəşi idi. Başımızın üstündə helikopterlər uçurdu və onlar uzaqlaşan kimi atəş yağırdı" - Dmitri belə deyir.





Aleksey əmindir ki, Ukrayna hərbçiləri onları mühasirəyə almaq istəyiblər: "Həm sağdan, həm soldan atırdılar. Minomyotlardan, "qrad"lardan. Özünə öz əlinlə qazdığın məzarda 8 saat atəş altında uzanıb qalanda mərmilərin hansı tərəfdən uçduğunu başa düşürsən".





Səfərbər edilənləri Ukrayna ordusunun atəş altında saxladığı "üçüncü müdafiə xəttinə" Svatovodan 20 km cənubda yerləşən Krasnoreçenskoye kəndindən göndəriblər. Həmin vaxt kənd Rusiya qoşunlarının nəzarətində olub. Rusiyalı hərbçilərin ya hücum etdiyi, ya da qoruyub saxlamağa çalışdığı, nisbətən kiçik olan Ploşanka kəndi Makiivkaya gedən yolun üstündədir. Rabitə əlaqəsi olmadığı üçün onlara ancaq geri çəkilməmək və səngər qazmaq əmri verilmiş olub.




Dmitri Slobodçikov yaralı həmkarını arxaya, Krasnoreçenskiyə kürəyində daşıyıb. Onun dizini qəlpə parçalayıbmış. Dmitri yaralını təhvil verəndən sonra komandirlər saat yarım müzakirə ediblər ki, bu "300 nömrəli yük"ü ( yaralıların daşınmasını ehtiva edən hərbi kod) xəstəxanaya göndərsinlər, yoxsa yox. Dmitri atəş altında qalan silahdaşlarını xilas etmək üçün geri qayıtmaq istəyib, amma polkovnik icazə verməyib, deyib ki, "Onsuz da onlar artıq ölüblər". Dmitri daha gənc komandirin - rota leytenantının yanına gedib. O, "İcazə verirəm, amma mən sənə heç nə deməmişəm, əmr verməmişəm", deyə cavab verib. Dmitri geri qayıdıb və taqımını hərəsi on nəfərdən ibarət üç qrupa bölərək silahdaşlarını ordan çıxarıb.





Aleksey iddia edir ki, 100 metrlik ərazini müdafiə edən iki taqımda təxminən 10 əsgər həlak olub. Noyabrın 2-də, səhər açılanda ətrafda çox sayda ölü görüblər. Başa düşüblər ki, ukraynalı hərbçilər əvvəllər də bu mövqeni vurublar və meyitləri götürən olmayıb. "Hərbi biletləri və şəxsi nömrəli jetonları olan əlsiz, ayaqsız, başsız meyitlər" - Aleksey gördüyü mənzərəni belə təsvir edir.





"Çoxlu "İki yüz" ["200 nömrəli yük" - həlak olanların daşınması üçün hərbi kod] vardı. Demək olar ki, onların üstüylə yeriyirdik. Onlarla deyildi sayları, xeyli çox idi" - Dmitri təsdiq edir.





Sağ qalan hərbçilər Krasnoreçenskoyeyə piyada qayıtmalı olublar. Kənddə hərbi polislər hərbçilərin məlumatlarını qeydə alıb, sonra onları KAMAZ maşınlarında Svatovoya qaytarıblar. Onlar deyirlər ki, sağ qalanların heç biri geri dönmək istəmir. Amma şəhərdə hərbi polislər hələ də səfərbər edilənləri yaxalayıb zorla ön cəbhəyə qaytarırlar. Tədricən Svatovo da cəbhə xəttinə çevrilir, çünki Ukrayna ordusu artıq şəhərin bir neçə kilometrliyinə gəlib çatıb.





Noyabrın 7-də axşam saatlarında Svatovodakı evlərin birində səfərbər edilmiş 29 nəfər, digərində isə 21 nəfər gizlənib. Dmitri deyir ki, "Hamısının tarixçəsi eynidir: ora gətiriliblər, atəşə tutulublar, komandirləri qaçıb". Həm o, həm də Aleksey iddia edir ki, Svatovoda onlara hər hansı əmri verə biləcək bir nəfər də olsun zabit qalmayıb. Aleksey və Dmitrinin taqım komandiri kontuziya alaraq xəstəxanaya aparılıb. Gizir itib.





Aleksey deyir ki, Svatovoya hücum olsa, sağ qalmış səfərbər edilənlər cavab atəşi açacaqlar. Onlar məskunlaşdıqları evin həyətində atəş nöqtələri hazırlayırlar.





Dmitri isə hərbi polislərə də atəş açacağını bildirir: "Bura soxulsalar, müqavimət göstərəcəyik. Cəbhəyə getmək istəmirik, gördüklərimiz bəs eləyər - qopmuş bağırsaqlar, ayaqlar…"






"Bizi xilas edin"





Voronej vilayətindən səfərbər edilənlərin Makiivka yaxınlığında atəşə tutulması və 500-nün həlak olması xəbərini ilk dəfə "Verstka" nəşri yayıb - Aleksey Aqafonova və Voronej vilayətindən olan digər hərbçilərin qohumlarına istinadən. Aqafonov BBC ilə söhbətində bildirib ki, Voronejdən Krasnoreçenskoye, ordan da Makiivka istiqamətinə həqiqətən də 500-dən çox adam göndərilib, amma o, əksəriyyətinin taleyindən xəbərsizdir, onların hamısının öldüyünə dair hər hansı sübutu yoxdur.





BBC Aqafonovun yüzlərlə ölü haqqında "Verstka"ya dediklərini təsdiqləyən başqa bir şəxslə - Nikolay Voroninlə də əlaqə saxlayıb. O, ölü sayının çox olduğunu bildirib, amma konkret rəqəm deyə bilməyib. Dirsək nahiyəsindən yaralanan Voronin hazırda Belqorod xəstəxanasında müalicə alır.










Мобилизованные у воронежского военкомата





Səfərbər edilənlər Voronej hərbi komissarlığının yanında




Noyabrın 1-dən 2-nə keçən gecə Makiivka bölgəsində atəş altına düşən, amma sağ qalan hərbçilərin həyat yoldaşları və ya anaları da BBC-yə eyni şeyləri danışıblar. Səfərbər edilənləri meşəyə aparıb səngər qazmağı əmr ediblər, sonra onlar Ukrayna hərbçiləri tərəfindən atəşə tutulub. Çox adam həlak olub, amma neçəsi - bəlli deyil.





Lyudmila Çernıx BBC-yə atəş altından sağ çıxa bilmiş, amma nə qədər ölmüş əsgər gördüyünü xatırlamayan əriylə telefon danışığını nəql edib: "O, çox çaşqın vəziyyətdəydi, sarsıntısı hələ keçməmişdi. Çox güman, onların heç nəyi yoxdur: nə yeməkləri, nə suları, nə də əlaqə vasitələri". Çernıx ərinin sözlərinə istinadən hazırda Svatovodakı evlərdən birində atəşdən qurtula bilmiş 30-a yaxın hərbçi olduğunu təsdiqləyir. Lyudmilanın 1998-ci ildə sürücü-mexanik kimi hərbi xidmət keçmiş əri səfərbərlikdən əvvəl cəmi bir neçə dəfə əlinə avtomat götürüb.





Voronej vilayətinin Kalaç şəhərindən səfərbər edilmiş Anton Dubininin anası Tatyana Dubinina da oğlunun danışdıqlarına istinadən eyni əhvalatı danışır: "Ora səngər qazmağa aparıblar, bombardman başlayıb, kim hara qaçıb, necə nəfər həlak olub - bunları bilmir. Duman çəkilməmiş harasa qaçıblar".





Tatyana başa düşə bilmir ki, niyə oğlunu və sağ qalan silahdaşlarını Svatovodan çıxarmağa cəhd edən yoxdur: "Bəlkə birdən kiməsə kömək lazım oldu? Bəlkə biri orda qanı axa-axa qalıb? Axı onları bombalayıblar. Bu necə ölkədir axı?"





Anton Dubinin 35 yaşı var, Sarovda rabitəçi kimi hərbi xidmət keçib. "İlahi, onun nə döyüş təcrübəsi ola bilər? Onları heç vaxt heç yerə toplamayıblar" - Tatyana Dubinina belə deyir.





Albina Dudkinanın əri Aleksandr Bobrovskix də səfərbər edilənlərdəndir. O da Svatovodan zəng edib, silahdaşlarıyla birlikdə bir evin zirzəmisində gizləndiyini deyib. Alesksandr da 2 noyabrda atəşə tutulub. "Onları bir tarlaya aparıblar, hansısa ağacların yanında səngər qazmağa məcbur ediblər, 10-15 nəfərə bir kürək [veriblər], sonra bombardman başlayıb. Bəziləri yarıya qədər, bəziləri daha dərin qaza bilib".





Albinanın sözlərinə görə, Aleksnadr atəş başlayanda komandirlərin qaçdığını, özü və 30 silahdaşının Svatovoya sığındıqlarını bildirib: "Dedi ki, xahiş edirəm, bizi xilas edin, çünki indi komandirlər gəlib bizi yenə cəbhə xəttinə göndərəcəklər".










Мобилизованные





Albina Dudkina əri ilə




BBC həmin gün Rusiya ordusunun 500 nəfər itki verdiyini təsdiqlən dəlilər əldə edə bilməyib. Atəş altında qalanlar həlak olanların sayını çətin ki, obyektiv qiymətləndirə biləydilər. Əksəriyyətinin nə döyüş təcrübəsi olub, nə də lazımi səviyyədə hazırlığı. Hərbçilərin və onların yaxınlarının verdiyi məlumata görə, təlim iki həftə davam edib. BBC-nin bütün həmsöhbətləri - həm səfərbər edilənlər, həm də onların qohumları iddia ediblər ki, orduda sadəcə çağırışçı kimi xidmət keşmiş, bəziləri əlinə heç vaxt avtomat götürməmiş kişiləri cəbhəyə göndərirlər.





Rusiyanın digər bölgələrində olduğu kimi, səfərbər edilən Voronej sakinləri də hərbi forma və ilk yardım çantalarını özləri almalı olublar. Çünki ordudan verilən "Yudaşkin kostyumlarının bütün tikişləri sökülürmüş".





Cəbhədəki "dəliklər"




Sentyabrın əvvəlində Xarkov vilayətindəki cəbhə xətti sürətlə dağıdılandan sonra Rusiya qoşunları qondarma "LXR"-in daha əvvəl ələ keçirilmiş sərhədlərinə çəkilib. Məlum olub ki, orda da heç bir hazırlanmış müdafiə xətti yoxdur. Diqqəti Xersona yönəlmiş komandanlıq və Moskva Dneprin sağ sahilində hansısa bir ərazini qoruyub saxlamağa çalışdıqları üçün Rusiya qoşunları Luhansk vilayətinin işğal olunmuş ərazilərini itirmək təhlükəsiylə üzləşiblər.










Украинские военные в Луганской области





Ukrayna hərbçiləri Luhansk vilayətində




Xarkov ətrafındakı qədər sürətli olmasa da, Ukrayna Silahlı Qüvvələri tədricən cəbhənin bu istiqamətində də irəliləyərək Svatovo, Kremennaya və sonra da Lisiçanskı geri almaqla, Rusiya ordusunun yayda böyük çətinliklər və itkilər hesabına işğal etdiyi Severodonetskə nəzarəti bərpa edə bilər.





Bu şəraitdə Rusiya komandanlığı çox da gözlənilən olmayan qərar verdi: Luhansk bölgəsində cəbhə xəttini səfərbər edilənlər hesabına qoruyub saxlamağa çalışmaq və hətta bəzi ərazilərdə tamamilə hazırlıqsız və təlimsiz insanlardan ibarət qüvvələrlə əks-hücuma keçmək. BBC bununla bağlı bir neçə tarixçə tapıb.





Komandanlıq insanları təlim, kəşfiyyat və texnika olmadan döyüşə göndərir




Səfərbərlik. İki günlük zəif hazırlıq. Sonra Svatovo. Meşədə yürüş günü. Gecələmə. Kəşfiyyatsız hücum. Pusqu. "Kapitanımız yaralandı. Başqası yoxu idi. Bölməylə əlaqə saxladıq, cavab verdilər ki, sizə kim demişdi ora gedin?"





Bu tipik hekayəni 35-ci motoatıcı briqadanın döyüşçüsü Vladimir (ad dəyişdirilib) danışır. O, xidmət etdiyi bölmənin tanınmamış "Luhansk Xalq Respublikası"nda keçdiyi yolu təsvir edir.





Səfərbər edilənləri cəbhə xəttinə rabitə, komandanlıq, artilleriya, kəşfiyyat və yemək olmadan aparıblar. Geri, Svatovoya çəkilmək qərarına gələnə qədər onlar bir neçə gün palçığın içində, yaş paltarda və ac qalmalı olublar. Ukrayna tankları hələ də öz mövqelərində qalanlara iki saat atəş açıb. Nə cavab verə, nə də atəş altından çıxa biliblər. Nəhayət, bir yük maşını görünüb, həmin maşında gələnlər yaralıları kuzova yükləyiblər. Hərbçilərdən biri maşına qoyulandan sonra ölüb, əsgərlər onu yerə atıb yollarına davam ediblər.





Geri qayıdanda müqaviləli əsgərlərin dayandığı postlardan keçiblər, onlar çiyinlərini çəkərək deyiblər ki, "Sizi niyə ora atdıqlarını başa düşə bilmirik". 20 kilometr piyada yol gediblər. Hərbi polislərlə qarşılaşıblar. "Briqada komandiri polkovnik-leytenant Andrey Matişevski bütün şikayətlərimizi yazıb getdi. Bir gün sonra qayıdıb dedi ki, "İstəyənlər - ön cəbhəyə, istəməyənlər - prokurorun qəbuluna" -Svatovoya geri çəkiləndən sonra onun və yoldaşlarının başına gələnlər haqqında danışan Vladimir belə deyir.





O və döyüşçüləri hələ də ordadırlar. "Bizim taqımın itkiləri kapitanla birlikdə dörd yaralıdır. Müdafiədə olanda mərmi bir oğlanı parçaladı, qonşu taqımdakıların üçdə birini çıxarmaq mümkün olmadı. Amma burda heç kim itkilərin hesabını aparmır, ölüləri heç götürmürlər də. Hətta yaralıları da hər deyən cəbhə bölgəsindən çıxarmırlar, texnika yoxdur. Burda, Svatovo xəstəxanasında qalırlar".





Cəbhənin Svatovo hissəsini qorumaq üçün göndərilmiş 35-ci və 55-ci motoatıcı briqadalarında xidmət edən hərbçilərin yaxınları da BBC-yə oxşar tarixçələrdən bəhs ediblər.





General onları fərari adlandırıb və deyib ki, cəbhəyə qayıtsınlar




Müxtəlif hərbi hissələrdən olan döyüşçülərin və onların qohumlarının oxşar açıqlamalarına əsasən, komandirlər səfərbər edilənləri tez-tez cəbhə xəttində atıb gedirlər. Müharibəyə Voronejdən aparılmış Vyaçeslav təxminən 20 günlük "hazırlıqdan" sonra ön xətdə olub. Həyat yoldaşı Tatyana BBC-yə bildirib ki, bu müddət ərzində onlar cəmi iki dəfə atəş açmağı məşq ediblər. Oktyabrın 11-də bu yeni batalyon Luhansk vilayətindəki Kremennaya rayonuna göndərilib - onlara nəzarət-keçid məntəqələrini gücləndirmək üçün aparıldıqlarını deyiblər, amma son ünvan ikinci müdafiə xətti olub.





Komandirləri gedəndən sonra ukraynalı hərbçilər atəş açmağa başlayıblar. Çoxları həlak olub, sağ qalanlar geri çəkilmək məcburiyyətində qalıblar. Tatyana deyir ki, "Onların heç nələri olmayıb, telsizləri də olmayıb, ancaq bir avtomat və altı qumbara veriblər. Hərəsi bir tərəfə dağılışıb".





O, Rusiya qoşunlarının Makiivkayadakı qərargahına cəmi 12 nəfərin qayıtdığını, daha əvvəl bölmədə 128 döyüşçü olduğunu deyir. Dörd gündən sonra qərargaha bir general gəlib, əsgərləri fərari adlandırıb, deyib ki, hamısı döyüşə qayıtmalıdırlar.





Oktyabrın sonunda Vyaçeslav, komandir və daha bir hərbçi kontuziya alıblar - yanlarında mina partlayıb. Hər üçü səhra xəstəxanasına göndərilib. İndi Vyaçeslav Luhansk vilayətindədir və döyüşə qayıtmağa hazırlaşır.









Сватово








Yekaterinburqdan səfərbər edilmiş bir nəfərin həyat yoldaşı deyir ki, komandirlər ərinin Svatovo yaxınlığındakı meşədə qalmış taqımını sadəcə unudublar.





"Onlara bildiriblər ki, əvvəlcə təlimdə olacaqlar, sonra ikinci və ya üçüncü müdafiə xəttində duracaqlar, əslində isə birbaşa ön cəbhəyə aparıblar" - Yelena Saprunova BBC-yə belə deyib. Əri onunla bir neçə həftə əlaqə saxlamayıb və ancaq oktyabrın 27-də zəng vura bilib, hansısa meşədə olduqlarını, yanlarındakı yeganə zabitin ağır yaralandığını söyləyib.





"Yeməkləri yoxdur, köhnə pulemyotlarla silahlanıblar, texnikanın yarısı yolda xarab olub, harda olduqlarını anlamırlar. Geri çəkilmək istəyəndə özlərininkilər tərəfindən atəşə tutulurlar. Meşədə çoxlu meyit var, onları heç kim götürmür".





"Düşdü, həm də necə düşdü"




Pavlovsk sakini Anna Burmistrovanın səfərbərliyə cəlb edilən ərinə bildiriblər ki, onun batalyonu "geri alınmış əraziləri qorumağa" göndəriləcək. Amma onları Belqorod yaxınlığındakı Valuykidən Luhansk vilayətindəki Makiivkayaya aparıblar.





Deyiblər, qazın və narahat olmayın, o tərəfdən atırlar, siz tərəfə mərmi düşməyəcək. "Amma noyabrın 3-də səhər 11-də düşüb, həm də necə düşüb. Rotada neçə nəfər olduğunu bilmirəm, amma bilirəm ki, oğlanların çoxu artıq yoxdur" - Burmistrova "VKontakte"də belə yazıb. Onun sözlərinə görə, əri hər iki dizindən və qolundan yaralanaraq xəstəxanaya yerləşdirilib.





Annanın haqqında yazdığı voronejli hərbçinin qohumu BBC-yə onun xəstəxanada olduğunu təsdiqləyib. Qadın "informasiyanın qohumu üçün pis nəticələnəcəyindən" ehtiyat edərək baş verənlər haqqında ətraflı danışmaq istəməyib.





Problemlər olacağını təbliğatçılar da yazıb




Son həftələrdə Rusiya komandanlığı Luhansk vilayətində hər hansı problem olması barədə məlumat verməyib. Müdafiə Nazirliyi mütəmadi olaraq öz hesabatlarında Ukraynanın Svatov istiqamətindəki hücumlarının guya uğurla dəf edilməsindən və ərazinin USQ tərəfindən atəşə tutulmasından bəhs edir. Qurum noyabrın 2-dən etibarən Ploşanka rayonu da daxil olmaqla, hər gün düşmənin hücumlarının dəf edilməsi barədə məlumat yayır. Halbuki səfərbər edilənlərdən ibarət batalyon noyabrın 2-nə keçən gecə məhz orda atəşə tutulub.





BBC bununla bağlı Müdafiə Nazirliyinə sorğu göndərib və cavab gözləyir.





Hökumətyönlü müharibə müxbirləri və bloggerlər cəbhənin bu hissəsində baş verənləri tamam fərqli təsvir edirlər, səfərbərlik başlayandan qısa müddət sonra Svatovo vilayətində səfərbər edilənlər arasındakı itkilər olduğunu yazırlar.





Məsələn, oktyabrın 14-də "Komsomolskaya Pravda"nın əməkdaşı Aleksandr Kots "Səfərbər edilmişlərdən ibarət 27-ci briqadayla bağlı Svatovo yaxınlığında baş verən hadisənin" bəzi detallarından danışıb. Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin keçmiş köməkçisi Anastasiya Kaşevarova isə ertəsi gün deyib ki, hərbi prokurorluq "tərk edilmiş hərbçilərlə bağlı situasiyanı" araşdıracaq (Prokurorluq bu mövzuda rəsmi açıqlama verməyib) .





Kaşevarova belə bir epizodu da qeyd edib: guya "hansısa general hansısa leytenantın başına silah dayayıb və tələb edib ki, Svatovodan geri çəkilənləri yenidən cəbhə xəttinə göndərsin". "Mediazona" həmin generalın Mərkəzi Hərbi Dairənin komandiri Aleksandr Lapin olduğunu yazıb. Növbəti qalmaqaldan sonra Rusiya qoşunlarının "Mərkəz" qrupuna müvəqqəti olaraq yeni komandir təyin edilib. İndi Lapinin harda olduğu məlum deyil.





Digər bloqçular (o cümlədən, Rusiya yönümlü "Starşe Eddı" kanalı) iddia ediblər ki, problem sistematik deyil - oktyabrın əvvəlində ukraynalılar "Svatovoya can atırdılar" və "bir az çaşqınlıq vardı", amma ayın sonunda səfərbərliyə cəlb edilənlərə təlim keçilməsi məsələsində vəziyyət yaxşılaşıb.





Amma belə görünür ki, Luhansk vilayətində problemlər hələ də qalmaqdadır. "Artıq Lapinin bu istiqamətiylə siz məşğul olun - 55-ci motoatıcı briqada hardadır, 27-ci briqada hardadır. Krasnıy Liman, Svatovo, Yampolovka. Əsgərlər başsız qalıblar; hansı bölməyə, hansı briqadaya aid olduqlarını, komandirlərinin kim olduğunu bilmirlər. Bir hissəsi nə baş verdiyini anlamadan bir çöldə toplaşıb, bir hissəsi komendaturada oturub gözləyir ki, gəlib aparsınlar", deyə Kaşevarova 30 oktyabr tarixli paylaşımında şikayətlənib.





Noyabrın 8-nə kimi "Mediazona" və könüllülər komandasıyla birlikdə BBC səfərbərliyə cəlb edilənlər arasında 161 nəfərin həlak olduğunu müəyyən edə bilib. Məmurlar adlarını açıqlamadıqları daha 14 rusiyalının cəbhəyə göndərilməzdən əvvəl öldüyünü təsdiqləyiblər. Döyüş bölgəsinə aparılmadan ölənlərin ümumi sayı 35 nəfərdir (əsasən ürək xəstəliklərindən, qəzaya və ya spirtli içkilərdən sui-istifadəyə görə).





BBC yalnız açıq məlumatlara və təsdiqlənmiş ölüm hallarına əsaslandığı üçün topladığımız məlumatlar səfərbər edilənlər arasında itkilərin real səviyyəsini əks etdirmir, amma qoşunlarda baş verənlər haqqında müəyyən təsəvvür yaradır.





"O bizdən belə ayrıla bilməzdi"




Svatovo vilayətində səfərbərliyə cəlb edilənlərin yaxınlarına ölüm haqqında bildirişlər hələ oktyabr ayında gəlib. İndi bu adamlar sosial şəbəkələrdə doğmalarının silahdaşlarını axtarırlar ki, heç olmasa, onların necə həlak olduqlarının təfərrüatlarını öyrənsinlər. BBC belə ailələrdən ikisi haqqında məlumata malikdir.





"Onunla Luhanskda (Svatovo yaxınlığında) olanlar, ya da ora getmiş və indi əlaqə saxlaya bilən qohumlar, dostlar, tanışlar, xahiş edirəm, mənə yazın. Bəlkə o sizdən bizə nəsə çatdırmağı xahiş edib. O, bizdən belə ayrıla bilməzdi, bizi sözsüz-vidasız qoyub gedə bilməzdi..." - oktyabrın sonunda Qubkin sakini Yuliya Kolesnikova "VKontakte"dəki səhifəsində belə yazıb. Onun 22 sentyabrıda səfərbər edilmiş qardaşı 17 oktyabrda həlak olub.





Voronej vilayətindən səfərbər olunub oktyabrın 8-də Ukraynaya göndərilmiş Sergey də oktyabrın 18-də elə həmin yerdə - Svatovoda həlak olub. Sergeyin dostu Anastasiya sosial şəbəkədə suallar verir: "Biz çox istəyirik bilək - həqiqətdə nə baş verib? Necə baş verib? Niyə onları poliqona göndərdiklərini deyirlər, amma uşaqlar ön xəttində ölürlər?!"





Anastasiya BBC-yə bildirib ki, onun müraciətinə digər bölmələrdən olan əsgərlər də hay verib: "Təəssüf ki, dedikləri ayrı-ayrı fraqmentlərdir, bölmələrin sayı çox olub və hər birinin fərqli hekayəsi var. Biz hissənin nömrəsini dəqiq bilmirik, ona görə də qardaşımın başına nə gəldiyini ancaq təxmin edirik. Amma hamısının dediyi budur ki, baş komandanlıq onları atıb, geri çəkilməyə icazə verməyib. Hərçənd başqa variantları da olmayıb. Tərk edilmiş halda səngərlərdə qalıblar".