İsrail "Sumud" humanitar flotiliyasını "darmadağın" etdi, 9 gəmi və 70 nəfər saxlanılıb
02 Oktyabr 2025
İsrail Hərbi Dəniz Qüvvələri "Sumud" humanitar flotiliya ilə əlaqə saxlayaraq istiqaməti dəyişməyi xahiş edib, çünki onun gəmiləri döyüş zonasına yaxınlaşır və Qəzza sektoruna dəniz blokadasını pozur.
Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Əgər siz Qəzzaya yardım çatdırmaq istəyirsinizsə, bunu müəyyən edilmiş kanallar vasitəsilə edə bilərsiniz. Xahiş olunur, Ashdod limanına doğru istiqaməti dəyişin, burada yardım təhlükəsizlik yoxlamasından keçiriləcək və sonra Qəzza sektoruna göndəriləcək", – İsrail Hərbi Dəniz Qüvvələrinin leytenantı gəmilərin ekipajına müraciət edib.
Bundan sonra İsrail hərbçiləri fələstinlilərə humanitar yardımla Qəzza sahillərinə doğru irəliləyən "Sumud" flotiliyasının doqquz gəmisini ələ keçiriblər.
Bu barədə beynəlxalq missiyanın məlumat komitəsinin açıqlamasını Livanın "Al Mayadeen" telekanalı yayıb.
Qeyd olunub ki, İsrail hərbçiləri gəmilərə qarşı güc tətbiq edib, qəsdən toqquşmalar törədib, su toplarından istifadə edib və saxlanılan aktivistlərlə qəddar davranıblar.
Daha əvvəl Qətərin "Al Jazeera" telekanalı dörd gəminin ələ keçirildiyi və təxminən 70 aktivistin saxlanıldığı barədə məlumat vermişdi. Saxlanılanlar arasında ən azı 25 Türkiyə vətəndaşının olduğu da bildirilir.
Xatırladaq ki, daha əvvəl Qəzzaya humanitar yardım daşıyan flotiliyanın hərəkətinə İsrail tərəfindən icazə verilməyib.