Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda qadınların geyim qaydalarına “nəzarət gücləndirilir”


İranda hökumət və ruhanilər hicabla bağlı qaydaları tətbiq etməkdə qərarlıdırlar, Tehranda cümə namazını keçirən ruhani Məhəmməd Cavad Həcıəliəkbəri deyib.





Bu həftə İran Prezidenti də baş örtüyü məsələsində daha qəti mübarizəyə çağırıb. İbrahim Rəisinin çıxışından sonra məsələ ilə bağlı əməli addımları görmək olar.





İranda 1400-dən çox filialı olan “Millət Bank” qadın işçilərinin dikdaban ayaqqabı və nazik corab geyinməsini qadağan edən göstəriş verib.





Bank həmçinin kişi menecerlərə qadın katibələrin təyin olunmasını  qadağan edib.




Mühafizəkar dini xadim ayətullah Əhməd Hatəmi baş örtüyü ilə bağlı artan tələbkarlığı müdafiə edib.





Cümə günü radioda canlı yayımlanan xütbələrdə o, hicab məsələsinin bütün dünyada “mərkəzi məsələyə” və “islama düşmənçiliyin” barometrinə çevrildiyini deyib.





Onun sözlərinə görə, hicab qaydalarına “yol hərəkəti qaydaları kimi” riayət edilməlidir.





İyunun 24-də hüquq-mühafizəçiləri cənubdakı Şiraz şəhərində hicaba əməl etməyən yeniyetmələrdən ibarət bir qrupu həbs ediblər.





Xəbərlərə əsasən, daha əvvəl onların toplantısını əks etdirən görüntülər sosial mediada yayılıb.





Sosial media istifadəçiləri iri şəhərlərdə “əxlaq polisinin” sayının artdığını deyirlər.





Tanınmış islahatçı səslər mühafizəkar hakimiyyət üzvlərinin son kampaniyasını tənqid ediblər.





Keçmiş prezident Həsən Ruhaninin mötədil islahatçı koalisiyasında nazir və hökumət sözçüsü olan Əli Rəbii siyasətin tətbiqində reallıqları nəzərə almağa çağırıb.





1979-cu ildəki İslam İnqilabından sonra yaşı doqquzdan yuxarı olan qızların ictimai yerlərdə hicab taxması icbari olub.





İranda dini geyimlərlə bağlı məsələ vaxtaşırı alovlanan mübahisələrə səbəb olur.