İran prezidentinin oğlu Azərbaycana qarşı əsassız ittihamların dayandırılmasına çağırıb
07 Avqust 2025
İran-Azərbaycan münasibətlərinəki radikal və məsuliyyətsiz ritorika yalnız regionda gərginliyin artmasına səbəb olur. Bu barədə İran prezidentinin oğlu Yusif Pezeşkian Telegram kanalında dərc etdiyi bəyanatında bildirib.
Onun sözlərinə görə, İranda Azərbaycanın guya İsrail ilə İran arasında 12 günlük müharibə zamanı İsraili dəstəklədiyi barədə əsassız ittihamlar yayılır. Lakin heç bir təhlükəsizlik xidməti belə bəyanatları təsdiqləməyib və rəsmi sübutlar yoxdur.
"Belə iddialar irəli sürməzdən əvvəl faktları diqqətlə yoxlamaq və bunun ölkəmizə nə fayda verəcəyini anlamaq lazımdır", - deyə o qeyd edib.
Pezeşkian münasibətlərin inkişafının üç ssenarisini vurğulayıb: hərbi qarşıdurma, nə sülh, nə müharibə vəziyyəti, həmçinin əməkdaşlıq və mehriban qonşuluq. O, məhz üçüncü yolun İranın və bütün regionun sabitlik maraqlarına cavab verdiyini vurğulayıb.