İnsan-kiborq erası başlayır: "Neuralink"in ikinci uğurlu sınağı
05 Avqust 2024
İnsan beyni üçün çip implantasiyası ikinci dəfə də uğurla tamamlanıb və çox yaxşı işləyir.
TASS xəbər verir ki, bu barədə "Neuralink" sahibi İlon Mask xəbər verib.
"Göz dəyməsin, amma görünür ki, ikinci implantla hər şey çox yaxşı keçdi. O, çox yaxşı işləyir", - deyə Mask vurğulayıb.
Qeyd edək ki, insan beyninə yerləşdirilə biləcək çiplərin hazırlanması ilə məşğul olan "Neuralink" startapı 2016-cı ilin iyul ayında İlon Mask tərəfindən yaradılıb. Amerikalı milyarder hesab edir ki, bu cür neyro-interfeyslər insanın kiborqa çevrilməsinə, süni intellektə qarşı dura bilməsinə, eləcə də insanların birbaşa fikir gücü ilə kompüteri idarə etməyi öyrənməsinə kömək edəcək.
Xatırladaq ki, yanvarın sonunda "Neuralink" ilk dəfə olaraq insan beyninə implant yerləşdirdi. Mayın ortalarında isə Mask neyrotexnoloji şirkətinin beyin implantının yerləşdirilməsi üzrə ikinci pasiyent kimi klinik sınaqda iştirak etmək üçün müraciətləri qəbul etməyə başladığını bildirib. (Oxu.az)