İlham Əliyev Mərkəzi Asiya ölkələrini müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa çağırıb
09 Avqust 2024
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündə bildirib.
Dünyada artan təhdid və çağırışlar bu ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir.
Bu kontekstdə Əliyev ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulayıb.
Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir, o əlavə edib.
İqtisadi əməkdaşlığa toxunan Əliyev deyib ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır.
“Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.
Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır.
Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır”, -Əliyev deyib.
O, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələrinin həyata keçirildiyini qeyd edib. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb.
Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək.
Bundan əlavə, Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionda iqlim dəyişmələrilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələrilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Sonra İlham Əliyev bildirib ki, COP29-da iştirakla bağlı Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərib.