Ermənistan iqtisadiyyat naziri: Rusiyanın TRIPP layihəsində iştirakı nəzərdə tutulmur
09 Fevral 2026
Rusiyanın "Tramp Marşrutu" (TRIPP) layihəsində iştirakı nəzərdə tutulmayıb.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan fevralın 9-da bildirib.
"Layihədə iki tərəf - ABŞ və Ermənistan iştirak edir", - nazir Rusiyanın mümkün qoşulması barədə sualı cavablandırarkən vurğulayıb.
TRIPP ilə bağlı işlərdən danışarkən Papoyan bildirib ki, layihə işə salınıb və onu dayandırmaq artıq mümkün deyil.
Nazir həmçinin Ermənistan üçün aktual olan mövzuya, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İrəvana gözlənilən səfərinə də toxunub.
Bundan əlavə, o vurğulayıb ki, Vensin səfəri zamanı ABŞ Prezidenti Donald Trampın İranla ticarət edən bütün ölkələrə qarşı gömrük rüsumlarının mümkün tətbiqi barədə daha əvvəl imzaladığı fərman məsələsi qaldırılacaq.
"Ötən il bizim ABŞ-yə ixracımız təxminən 50 milyon dollar təşkil edib və gömrük rüsumu 10%-dən 25%-ə qalxarsa, bu məhsullar rəqabət qabiliyyətini itirəcək. Lakin mən bunu mətbuatdan öyrənmişəm, İqtisadiyyat Nazirliyi ABŞ-dən məlumat almayıb. Bütün məsələlər Venslə müzakirə olunacaq. Əmin edirəm ki, gündəlikdə daha vacib və maraqlı məsələlər var", - Papoyan qeyd edib.
O həmçinin deyib ki, Vensin səfərinin gündəliyində İrana qarşı heç bir məsələ yoxdur.