Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan Bişkekdə Putinlə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün səfərdə olduğu Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Bu barədə Türkiyə Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Görüş zamanı gündəlikdə olan məsələlər müzakirə olunub.

Rusiya və Türkiyə hər kəsə məlum olan "Akkuyu" atom elektrik stansiyası (AES) və digər elektrik stansiyaları da daxil olmaqla, irimiqyaslı birgə layihələrin həyata keçirilməsini davam etdirir.

Bunu ölkə Prezidenti Vladimir Putin Bişkekdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.

"İrimiqyaslı birgə layihələr davam edir. Onlardan biri hamıya yaxşı məlumdur - bu, "Akkuyu" atom elektrik stansiyasıdır", - Putin qeyd edib.

Putin vurğulayıb ki, Türkiyə həm xarici siyasət, həm də iqtisadi sahələrdə Rusiya Federasiyasının imtiyazlı tərəfdaşlarından biridir.

Ərdoğan bildirib ki, hazırda iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir. O, həmçinin "Akkuyu" AES-in inşasının yekun mərhələdə olduğunu qeyd edərək, Putinə stansiyanı birlikdə istismara verməyi təklif edib. Putin "Rosatom" dövlət korporasiyasının 2026-cı ildə AES-in ilk blokunu istifadəyə verəcəyinə əminliyini bildirib.

"Bu obyektin açılışı ilə yanaşı, biz yeni stansiyaların açılması istiqamətində də birgə addımlar atacağıq. Bu sahədə hazırlıq işləri aparırıq", - Türkiyə Prezidenti layihələrin detallarını açıqlamadan əlavə edib.

Qeyd edək ki, region ölkələrinin liderləri Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Qırğızıstandadırlar.