Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əli Kərimliyə qarşı yeni cinayət işi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin barəsində xüsusi  ittiham qaydasında şikayət verilib.

Avqustun 13-də Bakının Nəsimi Rayon Məhkəməsində bu iş üzrə hazırlıq iclası təyin edilib, Kərimli Facebook səhifəsində yazıb.

Turan-a Nəsimi Rayon Məhkəməsindən bildirilib ki, məhkəmə iclası Babək Pənahovun sədrliyi ilə təyin edilib.

Sadəcə, qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb. Cinayət Məcəlləsinin bu bölümündə siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri də var.

Kərimli Turan-ın müxbirilə söhbətində bildirib ki, heç kimi təhqir etməyib və böhtan atmayıb.

«Bu, repressiya maşınının növbəti saxtakarlığıdır. Onu deyim ki, heç bir cinayət işi, həbs təhlükəsi, hətta real həbs bizim azadlıq və ədalət uğrunda mübarizəmizi dayandırmayacaq", - Kərimli qeyd edib.

"Elektron məhkəmə" portalında yazılıb ki, Kərimliyə qarşı şikayət Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə verilib ki, bu da pul cəriməsindən tutmuş 6 ayadək azadlıqdan məhrumetməyə qədər müxtəlif növ cəzanı nəzərdə tutur.

Əvvəllər də Kərimlini cinayət məsuliyyətinə cəlb etmək cəhdləri olub. 1994-cü ildə onu qanunsuz silah-sursat daşımaqda ittiham etməyə cəhd etmişdilər, 2006-cı ildən isə ona xarici  pasport vermirlər.

Avropa məhkəməsi Əli Kərimlinin xarici pasportdan məhrum edilməsini qanunsuz sayıb. Lakin Azərbaycan hakimiyyəti indiyədək bu qərara məhəl qoymur.