Dövlət Departamenti Kurska hücum barədə: Ukrayna müstəqil hərəkət edir - VİDEO
08 Avqust 2024
Birləşmiş Ştatlar bəyan edib ki, ukraynalılar bir gün əvvəl Rusiyanın Kursk bölgəsinə daxil olarkən Amerika silahlarının istifadəsi ilə bağlı razılaşmanı pozmayıblar.
Məlumata görə, Ukrayna ordusu Kursk bölgəsinə qəfil müdaxilə edərək Moskvada çaxnaşma yaradıb və onu ora əlavə qoşun yeritməyə məcbur edib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə TURANın suallarını cavablandırarkən deyib: “Hərbi əməliyyatların necə aparılması ilə bağlı qərarlar Ukraynanın özünün verdiyi qərarlardır”.
Moskva çərşənbə günü səhər saatlarında Ukraynanın bir neçə kəndi ələ keçirməsi və iki istiqamətdə bir neçə kilometr irəliləməsindən sonra Kurskda təhlükəsizliyi gücləndirdiyini bildirib. Vladimir Putin bu müdaxilə “genişmiqyaslı təxribat” adlandırıb.
“Mən Rusiya hökumətinin bəyanatlarını görmüşəm, onlar bunu təxribat adlandırırlar, lakin onlar özləri Ukrayna ərazisini işğal edirlər...” Miller TURANın müxbirinə bildirib.
“Siyasətimizdə heç nə dəyişməyib və ukraynalıların bugünkü hərəkətləri bizim siyasətimizi pozmur”, o vurğulayıb.
Miller əlavə edib ki, Kiyev Kursk bölgəsinə müdaxiləsi ilə bağlı Vaşinqtonu əvvəlcədən xəbərdar etməyib. “Çox vaxt ukraynalılar öz hərəkətləri barədə bizə məlumat vermirlər, bu, onların apardıqları müharibədir və bu, onların qərarlarıdır”.
Vaşinqtonda yerləşən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) tədqiqat qrupu hesab edir ki, Ukrayna qüvvələri Kursk bölgəsinə doğru 10 kilometrə qədər irəliləyib.
Ukraynalılar Suca keçid məntəqəsində 40-dan çox hərbçini əsir götürüb.