Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Bu il Bakı ilə Yerevan arasında sülh möhkəmlənə bilərmi

Azərbaycanın "nə müharibə, nə də sülh" strategiyası Ermənistanla yaxınlaşmanı məhdudlaşdırır. Bunu "Carnegie Politika" nəşrində Bəşir Kitaçayev yazır. Müəllifin fikrincə, beynəlxalq miqyasda sülh istədiyini bəyan edən Azərbaycan hakimiyyəti ölkə içində dəstəyi səfərbər etmək üçün antierməni əhvalı təbliğ edir.

Məqalədə ötən il avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra atılan addımlardan, hər iki ölkədən ekspert qruplarının qarşılıqlı səfərlərindən, Azərbaycan ərazisindən Ermənistana tranzitin bərpasından, hətta Bakının Yerevana neft məhsulları göndərməsindən söz açılır. Bütün bunlar münaqişənin sona yaxınlaşması fikrini yaradıb. Amma həm prezidentin açıqlamalarında, həm də dövlət mediasında Azərbaycanın müharibəyə həmişə hazır olması ritorikası qalır, müasir Ermənistanda "tarixi Azərbaycan torpağı" haqda proqramlar hazırlanır. Müəllif bütün bunlara baxmayaraq, əməliyyatların bərpasını real saymır, prezident İlham Əliyevin daha bir silahlı münaqişənin beynəlxalq əlaqələrə, investisiyaya təhlükə yaratmasını istəmədiyini qeyd edir. Onun fikrincə, bu, məqsədli strategiyadır.

"Antierməni ritorikasından imtina iqtidara zərbə vura bilər. Ölkədə yaşayış səviyyəsi yerində sayır, iqtisadi problemlər var, sərhədlər bağlıdır, korrupsiya var, repressiyalar artır. Bu səbəblərdən Bakı iki paralel reallığı bir arada saxlamağa məcburdur: xaricdə sülhə dair siqnallar verir, daxildə isə revanşizm hayqırır. Bu durum o zaman dəyişər ki, Bakı bəzi praktik addımlar atsın, dövlət mediasının, dərsliklərin dili dəyişsin, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti təmsilçiləri maneəsiz əlaqə saxlaya bilsinlər. Mövcud rejimin media və vətəndaş cəmiyyətinə nə qədər sərt nəzarət etdiyini nəzərə alsaq, bu, yalnız Əliyevin şəxsi razılığı ilə reallaşa bilər", – məqalədə deyilir.

Sülhə əsas əngəllər

Ermənistan-Azərbaycan sülh prosesinə təkan lazımdır. Bunu isə Hadson İnstitutunun aparıcı tədqiqatçısı Lük Koffi "Eurasiareview" portalında yazır.

Müəllif xatırladır ki, Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə imzalanmış razılaşmada sülh sazişinin ratifikasiya olunması və əlaqələrin normallaşdırılması öhdəliyi götürülüb və ratifikasiya prosesi 12 ayın içində gözlənilirdi. Bu vaxtın təxminən yarısı arxada qalsa da, gözəgörünən proqresin miqyası kiçikdir, əsas məsələlər həllini tapmayıb.

Birinci məsələ Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi sabitliyidir. İyunda ölkədə parlament seçk2iləri keçiriləcək və millətçi qüvvələr həm onun rəhbərliyinə, həm də sülh prosesinin legitimliyinə meydan oxuyurlar. İkinci məsələ Ermənistanın konstitusiyasına Azərbaycanın tələb etdiyi dəyişiklikdir. Azərbaycan sənəddə özünə qarşı ərazi iddiasının yer aldığını deyir, çıxarılmasını tələb edir.

Dərhal irəliləyiş tələb olunan üçüncü məsələ "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur. Ermənistandan ərazisindən keçəcək "Tramp yolu" Azərbaycanın Naxçıvan eksklavı ilə quru əlaqəsini təmin edəcək.

Dördüncü əngəl isə Ermənistanda seçkilər öncəsi Rusiya və İranın təzyiqidir. Bu iki ölkə Cənubi Qafqazı özlərinin təsir dairəsi sayır, Vaşinqtonun sülh prosesində roluna isti yanaşmır.

"Bu çətinliklərə baxmayaraq, 2026-cı ildə Ermənistan və Azərbaycan arasında sülh, nəhayət, möhkəmlənə bilər. Bundan ötrü beynəlxalq ictimaiyyət prosesə davamlı cəlb olunmalı, hər iki tərəfə öhdəliklərinə əməl etmələri üçün təzyiq davam etdirilməlidir. Tramp razılaşmanın əldə olunmasında öz rolunu haqlı olaraq qeyd edir, indi isə onun simvolik qalmaması, dayanıqlı sülhə çevrilməsini təmin etmək üçün prosesi sona çatdırmalıdır", – Koffi yazır.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq.

Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.