Logo
news content
User
Kateqoriyalar

Xəbər

Birincinin birinci ilə döyüşü - Onlar necə mübarizə aparır?

“Nyu-York Tayms” qəzetində “ABŞ Putinin ata biləcəyi addımları ifşa edə-edə onunla mübarizə aparır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri Culian E.Barns və Helen Kuperdir. Culian E.Barns “Nyu-York Tayms”ın milli təhlükəsizlik məsələləri üzrə müxbiridir, əsasən xüsusi xidmət orqanlarının fəaliyyətindən yazır. Helen Kuper isə qəzetin Pentaqondakı müxbiridir, əvvəllər Ağ Evdə müxbiri olub. “ABŞ Putinin ata biləcəyi addımları ifşa edə-edə onunla mübarizə aparır” məqaləsini diqqətinizə çatdırırıq.

Rusiya prezidenti Vladimir Putinin illər uzunu apardığı informasiya müharibəsini görüb-götürmüş ABŞ indi bu işin ustasını elə öz oyunundaca məğlub etməyə çalışır.

Son həftələr ABŞ prezidenti Cozef Baydenin administrasiyası Rusiya qüvvələrinin Ukrayna sərhədi yaxınlığındakı əməliyyat yerdəyişmələri haqda ətraflı məlumatlar yayıb, Rusiyanın hücuma bəhanə kimi düşündüyü videonun qurama olduğunu üzə çıxarıb, Moskvanın hərbi planlarını ifşa edib, Ukraynaya hərbi müdaxilənin minlərlə adamın ölümünə səbəb olacağı ehtimalını səsləndirib, rusiyalı zabitlərin Putinə şübhə ilə yanaşdığına dair eyhamlar vurub.

Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan isə fevralın 11-də Ağ evdə jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar Rusiyanın sərhəddə gərginliyi artırmaqda olduğunu görür, ona görə də hərbi əməliyyatın tezliklə başlanacağını real sayır.

Digər rəsmilər qeyd ediblər ki, Sallivanın dedikləri Rusiyanın fevralın 16-da Ukraynaya hücuma keçəcəyi haqda kəşfiyyatdan alınmış məlumatlara əsaslanıb.

İstər sabiq, istərsə də indiki rəsmilər bildirirlər ki, bütün bunlar əslində görünməmiş ifşa kampaniyasıdır və 1962-ci ildə SSRİ ilə yaşanmış “Kuba raket böhranı”ndan bəri ABŞ hələ heç vaxt kəşfiyyat sirlərini ictimaiyyətə bu dərəcədə sürətlə və gen-bol açmayıb.

Baydenin Amerika əsgərlərini Ukraynanın müdafiəsinə göndərməyəcəyini dəfələrlə vurğuladığını nəzərə alanda da kəşfiyyat məlumatlarının ildırım sürəti ilə ictimaiyyətə açıqlanması həqiqətən qeyri-adi və yeni üslub təəssüratı bağışlayır.

Prinsipcə, administrasiya dünyanı gözləyən təhdidlər barədə xəbərdarlıqları müharibəyə əsas yaratmaq üçün yox, onun qarşısını almaq üçün yayır.

Bu iş belə bir ümidlə edilir ki, Putinin planlarının ifşa olunması hücumu bu gündən sabaha keçirə-keçirə ləngidə, diplomatik səylər üçün əlavə vaxt qazandıra, yekunda isə ümumiyyətlə planı puça çıxara bilər. Yaxud da Putin hərbi müdaxilənin siyasi, iqtisadi zərərləri, bais olacağı insan itkiləri üzərində götür-qoy edib öz qərarına yenidən baxa bilər.

Amma Bayden administrasiyasının təmsilçiləri başqa şey də deyirlər. Onlar deyirlər ki, ifşaları ortaya qoymaqla daha konkret və daha real məqsəd güdürlər, istəyirlər Putin öz hücumuna bəhanə qondara bilməsin və həmləyə keçəndə dünyanın gözündə olan-qopan nüfuzunu da itirsin, ona sərt cavab verilməsini dəstəkləyənlərin isə sayı çoxalsın.

Ağ evin tövsiyəsi ilə xüsusi xidmət orqanları Konqresə verdikləri, Pentaqonda və Dövlət Departamentində müzakirə olunmuş informasiyanı jurnalistlər üçün açıqlayıblar.

Amma unutmayaq: tarixdə ifşanın ziyanına dəlillər də var. 2003-cü ildə ABŞ İraqa qoşun yeritmək ərəfəsindəykən prezident Corc Buşun administrasiyası bəzi kəşfiyyat məlumatlarını açmış, o cümlədən telefon danışıqlarının səs yazılarını və fotoşəkillər yaymışdı. Danışıqların iraqlı hərbçilərə aid olduğu, fotoların isə mobil bioloji silah laboratoriyalarını əks etdirdiyi bildirilirdi. Eyni zamanda kəşfiyyat məlumatlarında Bağdadın ABŞ-a kimyəvi hücum üçün pilotsuz uçuş aparatlarından ibarət bütöv bir dəstə formalaşdırdığı qeyd edilirdi. Rəsmi şəxslər bəyan edirdilər ki, bunlar qabaqlayıcı addımların atılmasına rəvac verir. Sonra bəlli oldu ki, bu materialların hamısı yanlış imiş, yalan məlumat ötürən mənbələrə, İraqın davranışı barədə səhv təhlillərə, yetərincə emal edilməmiş kəşfiyyat məlumatlarını oxuyanda olanı yox, görmək istədiyini görən yüksək rütbəli məmurlara istinad olunubmuş.

Amma amerikalı rəsmilər israr edirlər ki, indi situasiya tam fərqlidir. Vaşinqtonun rus qoşunlarının cəmlənməsi haqda bəyanatları özəl şirkətlərin süni peyk vasitəsilə çəkdiyi yüksək keyfiyyətli görüntülərlə təsdiqlənir, əvvəllər belə keyfiyyətli çəkiliş imkanları olmayıb. Moskvanın apardığı təbliğat kampaniyası ilə sosial şəbəkələrdə dövriyyəyə buraxdığı dezinformasiyaların (həmin dezinformasiyaları müstəqil tədqiqatçılar analiz ediblər) hədəfi üst-üstə düşür, yəni bunların hamısı məxfi qəsd planından xəbər verir.

Ən başlıcası isə, rəsmilərin dediyinə görə, 2003-cü ilin İraqı ilə 2022-ci ilin Ukraynası köklü şəkildə bir-birindən fərqlənir. “İraq kəşfiyyatı zamanı indi mənim Ağ evdə jurnalistlər qarşısında durduğum tribunadan müharibəyə başlamaq üçün istifadə edilmişdi. İndi isə biz bu tribunadan müharibəni dayandırmaq üçün istifadə edirik” – Ceyk Sallivan fevralın 11-də Ağ evdə jurnalistlərə belə deyib.

Rusiyanın Ukraynaya 2014-cü il hücumu zamanı kəşfiyyat nümayəndələri prezident Barak Obamanın administrasiyasına bildiklərini media ilə bölüşməyə icazə verməmişdi. Bayden administrasiyası o səhvdən nəticə çıxarıb.

Administrasiya təmsilçiləri bildirirlər ki, indiki ifşalar Rusiyanın planını pozmaq üçün məxfi məlumatları açmağa hazır olan Milli Kəşfiyyat İdarəsinin direktoru Avril D.Heynsin və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam C.Börnsün mövqeyini əks etdirir.

Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Emili C.Horn deyir: “Rusiya informasiya məkanına ümumən öz təhlükəsizlik sisteminin və hərbi sisteminin bir parçası kimi baxır, ondan elə bu cür də yararlanır. Biz bu haqda xüsusilə 2014-cü ildən bəri çox şey öyrənmişik. Eyni zamanda biz onları həmin məkanda təsir imkanlarından məhrum etməyin yollarını çox yaxşı mənimsəmişik”.

Amerika kəşfiyyatının bir nümayəndəsinin sözüdür, deyir informasiyanın necə əldə olunduğunu, onu kimin ötürdüyünü gizli saxlamaq mümkündürsə, onda kəşfiyyat orqanları dünyaya Rusiyanın əməllərini başa düşməkdə yardım edəcək məlumatları açsa yaxşıdır.

Bəzi strateqlərin qənaətinə görə, əsl informasiya müharibəsi də elə budur.

Vaxtilə prezident Donald Trampı mütəmadi məlumatlandırmaqla məşğul olmuş yüksək rütbəli sabiq kəşfiyyat işçisi Bet Sanner deyir: “Məncə, bu, əla metoddur. İfşaların Kremli və Rusiyanın xüsusi xidmət orqanlarını təşvişə saldığına inanıram. Bundan da vacib olan odur ki, ifşalar Putinin imkanlarını daralda və onu dönə-dönə düşünməyə vadar edə bilər”.

Ukrayna hökuməti amerikalıların məxfi məlumatları yaymasından narahatlığını ifadə edib. Fevralın 12-də Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiyanın mümkün həmləsi barədə hədsiz informasiyalar yersiz qorxulara səbəb olur.

Bayden administrasiyası dezinformasiya qəsdlərini də üzə çıxardığını bildirib. Amma bütün ifşalara baxmayaraq administrasiya bu istiqamətdə heç bir dəlil ortaya qoymayıb. Kəşfiyyat nümayəndələrinin fikrincə, həmin detalların açıqlanması Rusiyanın duyuq düşüb “sızma mənbələrini” qapatmasına və informasiya müharibəsinin qızğın çağında yenidən təşkilatlanmasına, “silahlanmasına” gətirib çıxara bilər.

Bu ehtiyatkarlıqlar Rusiya kimi avtoritar dövlətlə ayaqlaşmağın demokratik ölkə üçün necə çətin olmasından xəbər verir. Kremldən ötrü doğruçuluq deyilən bir prinsip, həqiqət adlı bir çərçivə yoxdur, ona görə də o, bu cür qeyri-ənənəvi müharibənin öhdəsindən asanlıqla gələ bilir.

Mərkəzi Kəşfiyyat İdarəsinin Moskva rezidenturasının keçmiş rəhbəri Deniel Hoffman deyir: “Yaddan çıxarmayın, Vladimir Putin sovet KQB-sinin əməkdaşıdır. O, Bayden kimi düşünmür. Putin Marsdan, Bayden isə Veneradan gəlib. Putin öz oyununu oynayır və onun şahmat taxtasındakı gedişləri bizim bildiyimiz şahmat qaydalarından bir qədər fərqli ola bilər”.

Özünün bir çox son hərbi yürüşləri zamanı Putin atdığı addımlara şübhə ilə yanaşılmasına çalışıb və bu məqsədlə dezinformasiyalardan istifadə edib. Bu taktika beynəlxalq reaksiyanın gecikməsinə və Putinin istədiyini daha asan əldə etməsinə şərait yaratmış olub. 2014-cü ildə maskalı adamlar Krımda inzibati binaları zəbt etməyə başlayanda Moskva bunu oradakı Rusiya yönlü üsyanın tərkib hissəsi kimi qiymətləndirmişdi. Yalnız Krım işğal olunanda üzə çıxdı ki, “yaşıl adamlar” Rusiya Silahlı Qüvvələrinin üzvləri imiş.

Moskvanın informasiya müharibəsində arxayın davranışını Bayden administrasiyası nümayəndələrinin bu ay Konqresə etdiyi xəbərdarlıq pozdu. Administrasiya təmsilçiləri qanunvericilərin diqqətinə çatdırdılar ki, Putin genişmiqyaslı müdaxiləyə əl atsa, çox böyük sayda insan itkisi olacaq. Moskva buna dərhal reaksiya verdi. Fevralın 12-də Rusiyanın BMT-də daimi nümayəndəsinin müavini Dmitri Polyanski “Tvitter”də yazdı: “Düşüncəsizlik və təşviş davam edir. İndi necədir biz deyək ki, ABŞ Londonu bir həftəyə işğal edə və 300 min dinc adamın ölümünə səbəb ola bilər. Bu məlumatı biz kəşfiyyat mənbələrindən almışıq və mənbəmizi də açıqlaya bilmərik”.

Ceyk Sallivanın 11 fevral çıxışından sonra Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı “koordinasiya edilmiş informasiya həmləsində” qınadı. Nazirliyin bəyanatına görə, bu həmlədə məqsəd ”Rusiyanın təhlükəsizliklə bağlı haqlı tələblərini gözdən salıb aradan qaldırmaq və Qərbin geosiyasi cəhdlərinə, Ukrayna ərazisindəki hərbi fəaliyyətinə bəraət qazandırmaqdır”.

Ötən ildən Kreml təkcə Rusiyada yox, Ukraynanın şərqində separatçıların nəzarət etdiyi bölgələrdə, hətta paytaxt Kiyevdə də total təşviqat aparır. Moskva Ukraynanı etnik ruslara qarşı soyqırımı hazırlamaqda, ukraynalıları isə alman faşistlərinə canıyananlıqda günahlandırıb. Eyni zamanda Rusiyanın rəsmi şəxsləri Ukraynanı və Birləşmiş Ştatları separatçıların nəzarət etdiyi bölgələri ələ keçirmək üçün gizli plan hazırlamaqda ittiham edib.

ABŞ Rusiya hərbçilərinin Ukrayna sərhədi yaxınlığındakı manevrlərini ötən ilin dekabrından, Ukraynaya hücum üçün sərhəddə 175 minlik rus qoşunu toplana biləcəyi barədə kəşfiyyat məlumatını mediaya açıqlayandan ifşa etməyə başlayıb.

Elə həmin ay Rusiya öz ittihamları ilə cavab zərbəsi endirib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən il dekabrın 21-də bəyan edib ki, ABŞ-ın 120-yə yaxın hərbi podratçısı Ukraynanın şərqinə – rusdilli əhalinin sıx yaşadığı bölgəyə təxribat məqsədilə naməlum kimyəvi maddələr daşıyıb. Nazirin açıqlaması sosial şəbəkədə və Moskvaya bağlı xəbər saytlarında geniş tirajlanıb.

Rusiya qoşunlarının Ukrayna yaxınlığında cəmlənməsi barədə ABŞ-ın səsləndirdiyi bəyanatlar özəl şirkətlərin süni peykdən çəkdiyi görüntülərlə təsdiqlənsə də, Rusiya öz dediklərini təsdiqləyəcək heç bir sübut təqdim etməyib. Amerikalı rəsmilər Şoyqunun açıqlamasını ağ yalan adlandırıblar.

Hələ ABŞ Rusiyanın hərbi qəsd planını ictimaiyyətə açıqlamazdan qabaq Milli Kəşfiyyat İdarəsinin direktoru Avril D.Heyns kəşfiyyat məlumatlarını müttəfiqlərlə bölüşmək qərarına gəlmişdi və bu niyyətlə ötən il noyabrın 17-si Brüsselə səfər etmişdi.

Bayden administrasiyası qəti şəkildə bu mövqedədir ki, 2014-cü ildəki vəziyyətin təkrarlanmasına yol vermək olmaz. O vaxt NATO Rusiyanın planlarından xəbərsiz olmuşdu, rus qoşunu Ukraynanın Krım yarımadasını faktiki müqavimətsiz zəbt edəndə isə sadəcə fakt qarşısında qalmışdı.

Obama administrasiyasının yüksək vəzifəli məmurları o günlər xüsusi xidmət orqanlarının Ağ evə nəinki cəmiyyətə, hətta NATO-ya da Rusiyanın planları haqda bildiklərini deməyə icazə verməməsinin necə dərin bir peşmanlıq doğurduğunu yaxşı xatırlayırlar.

Krımın ilhaq olunduğu dövrdə ABŞ-ın Rusiyada səfiri işləmiş Maykl A.Makfol deyir: “Biz eləcə bildiklərimizi dünyaya danışsaq, bu bizim maraqlarımıza daha uyğun olardı. Mən onda belə düşünürdüm. İndi hər dəfə o günlərə qayıdanda bunu yana-yana xatırlayıram”.

Rusiya Krım yarımadasına və Donbas bölgəsinə soxulanda NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinə komandanlıq etmiş general Filip M.Bridlav bu günlərdə verdiyi müsahibəsində deyib ki, həmin hadisələr baş qaldıranda o məsələni özü araşdırmaqla məşğul imiş: “Krıma və Donbasa müdaxilələr zamanı mən nə baş verdiyini aydınlaşdırmaq üçün özəl şirkətlərin süni peyklər vasitəsilə çəkdiyi görüntülərdən əlim çatanı-ünüm yetəni tapıb təhlil edirdim”.

Keçmiş rəsmilər deyirlər ki, bundan da ibrətamiz hadisə var: Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsi. Tənqidçilər, o cümlədən Obama administrasiyasında çalışmış adamlar vurğulayırlar ki, ABŞ Rusiyanın ictimai rəyə təsir göstərmək üçün apardığı əməliyyatlara çox passiv münasibət bəsləyib.

Keçmiş daxili təhlükəsizlik naziri Cei K.Conson deyir: “Bayden administrasiyası son ifşalarla çalışır ki, köhnə səhvlər təkrarlanmasın. Administrasiya bu ifşalarla Putinə belə bir ismarış yollayır: Amerika sizin nə etdiyinizi yaxşı bilir, biz sizin küçə biznesinizi dalana dirəyəcək, kompromat əməliyyatlarınızı puça çıxaracağıq. 2016-cı ilin qisasıdır bu”.

Texnologiyalar qəsd nəzəriyyələrinin həmişəkindən daha tez və daha geniş yayılmasına münbit şərait yaradıb və bu, informasiya döyüşlərini yeni mərhələyə çıxarıb. Eyni zamanda Amerikada hökumətə inam daha əvvəlki dövrlərdə olduğu kimi deyil, inam çox sarsılıb. Bu isə o deməkdir ki, Rusiyanın informasiya əməliyyatlarını qabaqlamaq cəhdlərinin bir çoxu dərin inamsızlıqla kəllə-kəlləyə gəlir.

Vaxtilə Milli Təhlükəsizlik Agentliyində baş hüquq məsləhətçisi işləmiş Qlenn S.Gerstell bildirir: “Əgər ABŞ hökuməti eləcə çıxıb “yox” desə, alınmayacaq, çünki adamlar sübut istəyəcəklər, “videosunu göstər, səs yazısını ortaya qoy” deyəcəklər. Bu, qaçılmazdır. İfşa yolunu tutmusunuzsa, ortaya dəlil qoymağa məhkumsunuz. Ona görə bu yolu seçməyin təhlükəli cəhəti ondadır ki, siz özünüz də bilməyə-bilməyə prosesin gedişində mənbələrinizi və metodlarınızı da ifşa edə bilərsiniz”.

Doğrudan da belə situasiyada kəşfiyyat məlumatlarının əldə olunması metodlarının büruzə verilməsi real təhlükədir. Kreml o metodları bilib hücumun düz astanasında kommunikasiyaları bloklaya bilər.

“Bu strategiya risklərdən xali deyil, – Bet Sanner deyir. – Ruslar mənbələri üzə çıxara bilsələr, onda ya əlaqə tərzini dəyişəcəklər, ya da tam qapanmaya gedəcəklər, bu isə bizi ən həlledici məqamda müəyyən qədər məlumatsız vəziyyətdə qoya bilər”.

Başqa strateqlər hesab edirlər ki, ABŞ-ın indikindən də sərt davranması mümkündür. ABŞ və ya onun müttəfiqləri, məsələn, Putinin köməkçiləri, yaxud onu dəstəkləyən oliqarxlar haqda sirləri aça bilər. Bu, həmin adamların sədaqətinin şübhə altına düşməsinə, varidatları haqda həqiqətlərin üzə çıxmasına gətirə bilər.

Atlantik Şuranın baş elmi işçisi, müharibələrin təbiətindəki dəyişikliklər haqda kitab yazmış Şon Makfeyt deyir: “Yeni müharibə üsulları avtokratiyalar üçün əlverişlidir, çünki onlar gizli və çirkin mübarizə aparmağı yaxşı bacarırlar. Onda biz bir demokratik ölkə kimi eyni üsulla mübarizə aparmaqla riskə getmirikmi? Demokratiya öz demokratik ruhunu itirmədən gizli müharibə apara bilərmi? Bu suallara cavab tapılmalıdır”. (Novator)