Logo
news content
User
Kateqoriyalar

Xəbər

Birgə bəyanat: "Qrenlandiya öz xalqına məxsusdur"

"Qrenlandiya öz xalqına məxsusdur. Danimarka və Qrenlandiya ilə bağlı məsələlərə yalnız Danimarka və Qrenlandiya qərar verməlidir". Yanvarın 6-da Qrenlandiya ilə bağlı birgə bəyanat yayılıb. Bəyanata Fransa prezidenti, Almaniya kansleri, İtaliya, Polşa, İspaniya, Böyük Britaniya və Danimarkanın baş nazirləri imza atıblar.

Bəyanatda deyilir ki, Arktikada təhlükəsizlik kollektiv şəkildə, ABŞ daxil NATO müttəfiqləri ilə birlikdə, BMT nizamnaməsinin prinsiplərinə əməl etməklə əldə olunmalıdır. Suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı bu prinsiplərə daxildir.

"Bunlar universal prinsiplərdir və onların müdafiəsindən vaz keçməyəcəyik", – sənəddə vurğulanır.

Donald Tusk Qrenlandiya məsələsində Danimarkanı dəstəkləyir

Polşanın baş naziri Donald Tusk yanvarın 6-da bildirib ki, Danimarka Qrenlandiya məsələsində bütün Avropanın dəstəyinə bel bağlaya bilər. Bu açıqlamadan öncə ABŞ prezidenti Donald Tramp Arktikada Danimarkaya məxsus Qrenlandiyanı ələ keçirmək istədiyini bir daha bildirib.

"Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) heç bir üzvü digər üzvünə hücum etməməli, onu hədələməməlidir. Alyans daxilində münaqişələr və ya qarşıdurmalar baş verərsə, NATO öz mənasını itirər", – Tusk vurğulayıb.

Qrenlandiya yanvarın 5-də ABŞ ilə əlaqələri gücləndirmək istədiyini bildirib. Bu açıqlama ilə baş nazir Yens-Frederik Nilsen çıxış edib.

Yanvarın 3-də ABŞ Venesuelada bir neçə saatlıq əməliyyatla ölkə lideri Nikolas Maduronu ələ keçirib və iki gün sonra o, Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıb.

"Biz elə bir durumda deyilik ki, ölkənin bir gecəyə ələ keçiriləcəyini düşünək. Qrenlandiyanı Venesuela ilə müqayisə edə bilməzsiniz. Biz demokratik ölkəyik", – Nilsen deyib.

"Bizə Qrenlandiya mütləq lazımdır. Müdafiə üçün lazımdır", – Tramp yanvarın 4-də "The Atlantic" dərgisinə deyib.

Nilsen isə bazar günü axşam Facebook-da yazıb ki, "Artıq yetər... İlhaqla bağlı illüziyalara son".

"Hər şey dayanar"

Danimarkanın baş naziri Mette Frederiksen də Trampın dediklərinə münasibət bildirib.

"Təəssüf ki, məncə, Amerika prezidenti Qrenlandiyanı istədiyini deyəndə bunu ciddi qəbul etmək lazımdır. Danimarka Krallığının mövqeyini çox açıq bildirmişəm və Qrenlandiya dəfələrlə ABŞ-nin bir hissəsi olmaq istəmədiyini deyib", – o, DR ictimai yayımçısına müsahibəsində deyib.

Qrenlandiya dünyanın ən böyük adasıdır, əhalisi 57 min nəfərdir. NATO-nun müstəqil üzvü deyil, alyansda Danimarkanın üzvlüyü çərçivəsində qorunur.

"Birləşmiş Ştatlar NATO-nun başqa bir ölkəsinə hücum edərsə, hər şey dayanacaq", –Frederiksen vurğulayıb.

Tramp ötən ay Luiziananın qubernatoru Cef Lendrini Qrenlandiya üzrə xüsusi elçi təyin edib. Lendri də Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinə dəstək bildirib.

Avropa ilə Şimali Amerikanın arasında yerləşən Qrenlandiyada ABŞ-nin ballistik raketlərdən müdafiə sistemi yerləşir.

Böyük Britaniya ilə Almaniya da Danimarka və Qrenlandiyaya dəstək bildiriblər.

ABŞ assosiasiya sazişi təklif edir

"The Economist" yazır ki, ABŞ Qrenlandiyaya azad assosiasiya sazişi təklif etmək istəyir

Vaşinqton Qrenlandiyaya Azad Assosiasiya Sazişi (COFA) bağlamağı təklif edir. ABŞ bənzər sazişləri Sakit okeandakı bir neçə kiçik dövlətlə imzalayıb. Bu razılaşmalar Amerika hərbçilərinə tərəfdaş ölkələrin ərazi suları və hava məkanına eksklüziv çıxış imkanı verir, digər ölkələri bu hüquqdan məhrum edir. Qarşılığında Birləşmiş Ştatlar iqtisadi və maliyyə yardımı göstərir.

Danimarka isə bildirir ki, adada artıq Amerika hərbi bazası yerləşir, Kopenhagenlə mövcud saziş isə ABŞ hərbçilərinin sayını məhdudlaşdırmır. Amma onların sayının əhəmiyyətli dərəcədə artırılması üçün Danimarka hakimiyyətinin razılığı tələb oluna bilər.

"The Economist"in məlumatına görə, amerikalı rəsmilər Qrenlandiya hökuməti ilə birbaşa danışıqlara başlamağa cəhd etsələr də, rədd cavabı alıblar.