Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Maduronun taleyi İran üçün nə deməkdir

Nikolas Maduronu Venesuelanın lideri postundan uzaqlaşdırandan bir neçə gün sonra ABŞ prezidenti Donald Tramp ölkəsinin digər düşmənlərini də hərbi əməliyyatla hədələyib. Maduronun yanvarın 3-də ABŞ-nin reydi zamanı ələ keçirilməsi onun yaxın müttəfiqi Tehranı silkələyib.

AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi Vaşinqtonun İranda oxşar əməliyyatının real görünmədiyini yazır. Amma Venesuelaya qaba hücum Tehrana aydın siqnaldır ki, Birləşmiş Ştatlar düşmənlərini aradan götürmək üçün gücə əl atacaq, - bunu ekspertlər deyirlər.

Tramp elə ötən həftə xəbərdarlıq edib ki, İranda davam edən etirazlarda "dinc etirazçılar" öldürülərsə, Vaşinqton müdaxiləyə hazırdır. Artıq İran təhlükəsizlik qüvvələrinin azı 19 etirazçını öldürdüyü xəbər verilir.

"Xamenei də hədəf alına bilər"

Ekspertlərin fikrincə, Birləşmiş Ştatların Venesuela əməliyyatını İranda təkrarlayaraq 1989-cu ildən vəzifədə olan ali dini lideri Əli Xameneini kənarlaşdırması real görünmür.

Almaniyada yaşayan siyasi təhlilçi Həbib Hüseynifərd deyir ki, Venesuela ABŞ-nin strateji "arxa bağça"sıdır, İran isə min kilometrlərlə uzaqda, Yaxın Şərqdə yerləşir. Bundan başqa, islam respublikasının hərbi qüdrəti, siyasi sistemi daha güclüdür.

Amma bəzi ekspertlər ABŞ-nin Maduronu ələ keçirməsində Tehran üçün narahatedici siqnal görürlər.

Haaqa Tətbiqi Elmlər Universitetindən Deymon Qolriz deyir ki, baş verənlər Vaşinqtonun hökumətlərə təzyiqdən individual liderləri hədəf almağa keçdiyini göstərir.

"Öncəkindən fərqli olaraq, bu dəfə Xamenei özü hədəf götürülə bilər", – Qolriz AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) deyib.

İyunda İsraillə 12 günlük müharibədə İsrail Xameneini öldürmək üçün axtarırmış. Müdafiə naziri İsrael Kats demişdi ki, əməliyyat baxımından onu hədəf almaq real olmayıb, çünki "yerin altında çox dərində gizlənib".

"İndi liderə yaxın olmaq onunla məsafə saxlamaqdan baha başa gəlir. Liderin toxunulmazlığı tabusu artıq qırılıb", – bunu isə Corc Vaşinqton Universitetində mühazirəçi Məhəmməd Qaedi "Radio Fərda"ya söyləyib.

Venesuelanın dərsləri

Maduronun hakimiyyətdən kənarlaşdırılması İranda müzakirələri qızışdırıb – Venesuelanın başına gələnlərdən nə kimi dərs çıxarmalı.

Mühafizəkar media yazır ki, "İran Venesuela deyil", ölkənin hərbi gücünü, regiondakı müttəfiqlərini vurğulayır.

Xameneinin müşaviri Əli Şəmxaniyə yaxın "Nour News" Venesuelanı "ucuz hədəf" kimi təsvir edib, İranın "yüksək riskli ssenari" olacağını qeyd edir.

Sərt xətt tərəfdarı media qurumları da oxşar mesaj verirlər. İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Cavan" qəzeti İranı Venesuelaya bənzətməyi "vaxt itkisi" sayır. Bildirilir ki, Birləşmiş Ştatlar Venesueladakı hərbi əməliyyatı İranda təkrarlamağa "cəhd edib, amma alınmayıb".

Daha mötədil səslər isə ehtiyatlı paralellər aparırlar. Hər iki ölkə avtoritardır, narazılar zorakılıqla sıxışdırılır. Hər iki ölkə ABŞ sanksiyaları altındadır, böyük mineral ehtiyatlarına baxmayaraq, iqtisadi çöküş yaşayır.

Tehranda yaşayan jurnalist Əmir-Hüseyn Mosalla deyir ki, Maduro xalqın etirazlarını gözardı etdi, islahatlardan imtina etdi və "bütün diktatorların taleyi ilə üzləşdi".

Tehrandakı Şərif Texnologiya Universitetinin akademiki Əli Şərifi Zarçi deyir ki, "Maduro nəhəng neft rezervləri üstündə olmağına rəğmən, xalqını yoxsulluq içində saxlayandan sonra tarixin zibilliyinə gömülən daha bir diktatordur".