Logo
news content
User
Kateqoriyalar

Xəbər

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib.

O, bu barədə "X" sosial media hesabında yazıb.

C.Çiftçi paylaşımlarının Azərbaycan xalqında inciklik yaratdığına görə peşmanlığını ifadə edib:

"Etdiyim paylaşımların qardaş Azərbaycan xalqında inciklik və məyusluq yaratmasına görə peşmanam. İstifadə etdiyim ifadələrin məqsədimi aşmasına görə Azərbaycan dövlətindən və Azərbaycan xalqından açıq və səmimi şəkildə üzr istəyirəm. Səmimi üzrümün qəbul edilməsini hörmətlə xahiş edirəm.

Fikirlərimi çatdırarkən istifadə etdiyim dilin doğura biləcəyi nəticələri daha diqqətlə qiymətləndirməli, özümü daha aydın və ehtiyatlı şəkildə ifadə etməli idim.

Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsini və ya konstitusiya quruluşunun zor gücünə dəyişdirilməsini istəmək kimi bir məqsədim əsla olmayıb və ola da bilməz.

Azərbaycan qardaş dövlətdir, Azərbaycan xalqı bizim qardaşımızdır. Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmətim tamdır. Azərbaycanın gələcəyi ilə bağlı qərarların Azərbaycan xalqına və ölkənin öz konstitusion institutlarına aid olduğunu dərk edirəm".

Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Celal Çiftçi barəsində Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış etmək, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə cinayət işi açıb, onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan edilib.