Türkiyədə erkən seçki təklifi gündəmə gəlir
17 Oktyabr 2026
Türkiyədə 2028-ci il seçkilərinin daha tez keçirilməsi ehtimalı yüksəkdir. Prezidentin müşaviri oktyabrın 15-də bildirib ki, bu halda prezident Rəcəb Tayyib Ərdoğan konstitusiya məhdudiyyətlərindən yan keçərək yenidən prezidentliyə namizədliyini irəli sürə bilər.
Növbəti prezident və parlament seçkilərinin 2028-ci ilin mayında keçirilməsi planlaşdırılır.
"Artıq 2028-ci il seçkilərinin mart və ya apreldə keçiriləcəyi aydındır", – Ərdoğanın müşaviri Mehmet Uçum Ankarada jurnalistlərə bildirib.
Uçum prezidentin gələcək planlarının nədən ibarət olduğunu açıqlamayıb. Bu təklifi daha əvvəl Ərdoğanın müttəfiqləri də irəli sürüb. "Reuters" agentliyi yazır ki, ilk dəfədir yüksəkvəzifəli bir rəsmi erkən seçki təklifinə dəstək bildirir.
Ərdoğan təxminən 23 ildir Türkiyəyə rəhbərlik edir. O, əvvəlcə baş nazir, daha sonra isə prezident vəzifəsini tutub.
2017-ci il referendumundan sonra Türkiyədə yeni prezident idarəetmə sistemi tətbiq edilib və eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət qoyulub. Ərdoğan 2018-ci və 2023-cü illərdə daha iki dəfə prezident seçilib. Lakin konstitusiyaya görə, parlament prezidentin sonuncu beşillik səlahiyyət müddəti başa çatmamış erkən seçki təyin edərsə, o, yenidən namizədliyini irəli sürə bilər.
Türkiyə müxalifəti də erkən seçki tələb edir. Onlar bildirirlər ki, məqsəd Ərdoğana yenidən namizəd olmaq imkanı yaratmaq deyil, onun iqtisadi siyasətinə qarşı mübarizə aparmaq fürsəti qazanmaqdır.
Ərdoğanın müttəfiqi olan millətçi MHP-nin lideri Dövlət Baxçalı da ötən həftə parlamenti "uyğun vaxtda" erkən seçki təyin etməyə çağırıb. Onun sözlərinə görə, bu addım prezident Ərdoğanın yenidən seçilmək üçün namizədliyini irəli sürməsinə imkan yaradacaq.
Erkən seçki təyin etmək üçün parlament üzvlərinin 3/5-nün - 600 deputatdan 360-nın dəstəyi tələb olunur.
Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) və onun müttəfiqlərinin parlamentdə 331 mandatı var. Digər partiyalardan daha 29 deputatın səsini qazanmaq isə çətin ola bilər.