Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakının iki rayonu və Kürdəmirə yeni icra başçısı təyin edilib - Bioqrafiya

Prezident İlham Əliyev Bakının Nizami və Nərimanov rayonlarına, eləcə də Kürdəmir rayonuna yeni icra başçısı təyin edib.

Prezidentin müvafiq sərəncamları ilə Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



Qeyd edək ki, Elgin Həbibullayev 7 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. Eləcə də Harvard Biznes Məktəbinin idarəetmə proqramını bitirib.

Elgin Həbibullayev son təyinatadək Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsində çalışıb.

Daha öncə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində və icra hakimiyyəti strukturlarında müxtəlif məsul vəzifələrdə çalışıb.

Ailəlidir, iki övladı var.



Coşqun Cəbrayılov bu vəzifəyə təyin olunan qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.

Coşqun Cəbrayılov daha əvvəl isə Səbail Rayon İcra Hakimiyyətində və Sumqayıt Şəhər İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.


Elxan İbrahimov yeni təyinatadək Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı.



O daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələr tutub.

Məlumata görə, Elxan İbrahimov Azərbaycan Kooperasiya Universitetinin məzunudur. O, sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib. Rus və ingilis dillərində sərbəst danışır.

Ailəlidir, 3 övladı var.


Elxan İbrahimov əslən şamaxılı, sovetlər dövründə tanınmış katiblərdən olan, o cümlədən Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.