Bakıda torpaq 40 faiz bahalaşıb
05 Dekabr 2025
Bu ilin noyabrında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Bu barədə "Trend"ə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib. Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb: "Həmin rayonda bir sot torpağın orta qiyməti 425 min 2 manat təşkil edib ki, bu da ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə 41.1 faiz çoxdur".
"Paytaxtın Yasamal rayonunda da torpaq bazarında yüksək artım müşahidə olunub. Bu rayonda iyulda torpağın orta qiyməti 209 min 258 manata bərabər olub (+38.6 faiz)", - V.Oruc əlavə edib.
Nərimanovda orta qiymət 302 min 671 manat (+14 faiz), Nəsimidə isə 298 min 28 manat (+21 faiz) təşkil edib.
Səbəb
Ekspertlər Bakıda torpağın son bir ildə kəskin bahalaşmasını müxtəlif səbəblərlə izah edirlər. Onlardan bəziləri deyir ki, bunun başlıca səbəbi paytaxtda əhalinin artımı və ümumu iqtisadi yüksəlişdir.
Amma bir qisim iqtisadçılar da vurğulayırlar ki, son bir ildə ölkədə iqtisadi artım cüzi, təqribən 1 faiz olub. Onlar hesab edirlər ki, Bakıda tikinti məqsədli torpaqların azalması və ölkədə korrupsiyanın tüğyanı belə bahalaşmanı doğuran başlıca səbəblərdir.
"İqtisadi artımla birbaşa əlaqəsi yoxdur"
İqtisadçı Zöhrab İsmayıl deyir ki, bu məsələnin iqtisadi artımla birbaşa əlaqəsi yoxdur: "Ümumiyyətlə, dünyada da daşınmaz əmlakın qiyməti qalxır. Ölkədə pul var, insanların hamısında olmasa da, bəlli kəsimində pul var. Üstəlik, işləyənlər üçün ipoteka imkanı var. Bir də Rusiya faktoru".
O xatırladır ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra həmin ölkəyə Qərbin sanksiyası genişlənib, bu da Rusiyada iqtisadi vəziyyətə təsir göstərib: "Ona görə də Rusiyadakı azərbaycanlılar Azərbaycanda kütləvi sürətdə əmlak almağa başlayıblar. Xüsusən də ötən ildən etibarən orada azərbaycanlılara, azərbaycanlı iş adamlarına qarşı kampaniya var".
İqtisadçının sözlərinə görə, seçim fərqlidir, kimisi ev alır, kimisi torpaq: "İstənilən halda torpaq daha çox bahalaşır. Yeni bina tikilir, amma yeni torpaq yoxdur. Torpaq sahələri məhduddur, həmişə bahalaşacaq. Yalnız böhran olarsa, torpağın qiyməti müvəqqəti düşə bilər. Qalan hallarda torpaq həmişə bahalaşır".