Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda doğulan beşəmlərlə bağlı YENİ XƏBƏR




Avqustun 11-də Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə dünyaya gələn beşəm TƏBİB-in tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər.

4-ü oğlan, 1-i qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməzlik əlamətləri qeyd olunub.

Körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan “Curosurf” preparatı yeridilib.

Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə “Cross-match” uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb.

İnstitutda körpələrə bütün zəruri kliniki, laborator müayinələr aparılıb. Müayinəyə uyğun olaraq onların müalicəsinə davam edilir.

Hazırda süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabildir.

Qeyd edək ki, körpələr - 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar.

Hazırda ana özəl tibb müəssisəsində müalicə alır. Vəziyyəti stabildir.
***

“Dünən dünyaya gələn beşəmlərin vəziyyəti normaldır. Uşaqlar hazırda müşahidə altındadır ana isə evə buraxılıb”.

Bunu açıqlamasında ginekoloq həkim Sevinc Qarayeva bildirib.

O qeyd edib ki, ana 33 həftəlik hamiləlik diaqnozu ilə keysəriyyə əməliyyatı edilib. Əməliyyat 20 dəqiqə çəkib:

“Qanama və digər problemlərlə üzləşmədik. Körpələr 4 oğlan, bir qız olmaqla çəkiləri 1 kq 100 qramla 1 kq 800 qram arasındadır. Yenidoğulmuşların inkişafı və səhhəti ilə bağlı hər şey norma daxilindədir. Əməliyyat İcbari Tibbi Sığorta çərçivəsində özəl klinikalardan birində həyata keçirilib”.

Ginekoloq əlavə edib ki, yenidoğulmuşlar Elmi Tədqiqat Pediatriya İnstitutunda müşahidə altındadır:

"Körpələrdən 3-ü adi tənəffüsdədir, ikisinin isə tənəffüsü dəstəklənir. Ümumilikdə uşaqların vəziyyəti normaldır”.(APA)