Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Azərişıq”dan elektrik enerjisinin qiymətilə bağlı AÇIQLAMA

“Pandemiyaya görə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi iqtisadi aktivliyin sürətli canlanmasına səbəb olub. Bunun nəticəsində elektrik enerjisinə tələbat artıb. Odur ki, qeyri-əhali sektorunda da topdan satış qiymətinin artması nəticəsində ölkədə tarif tənzimlənməsi həyata keçirilib”.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.

O bildirib ki, tariflərin dəyişdirilməsi ilə qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığının tədricən azalması nəzərdə tutulub. Bununla da büdcə vəsaiti sosialyönümlü tədbirlərə yönləndiriləcək. Digər tərəfdən, tarif tənzimlənməsi Azərbaycanda alternativ enerji istehsalına əlverişli şərait yaradacaq. Bu sektorun inkişafı təbii qaz sərfiyyatının, qaz əsaslı enerji istehlakının azalmasına səbəb olar, iqtisadiyyatda yeni xidmət sahələri inkişaf etdikcə, daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər”.

“Azərenerji” ASC-yə verilən təbii qazın tariflərinin artırılması ilə əlaqədar elektrik enerjisi üçün topdan və pərakəndə tariflərin tənzimlənməsi zərurəti yaranıb. Elektrik enerjisinin topdan satışının tarifinin artırılması nəticəsində “Azərişıq” üzrə yaranan əlavə xərclər bütün istehlakçılar üzrə paylanıb. Yəni əhali, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət və xidmət üzrə bölüşdürülüb. Əvvəlki tarif əhali üçün güzəştli idi, yəni 300 kilovat/saata qədər 7 qəpik, 300 kilovat/saatdan yuxarı isə 11 qəpik təşkil edirdi. Diferensial tarif sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini hazırda da qoruyub saxlamış olur. Belə ki, istehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kilovat/saatdırsa, orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınanda güzəştli tariflər aylıq istehlakın 200 kilovat/saatına tətbiq ediləcək. Yəni, 200 kilovat/saata qədər yenə də güzəşt tətbiq olunur, 7 qəpikdən 8 qəpiyə qalxır, 200 kilovat/saatla 300 kilovat/saat arasında istifadə edən abonentlərin tarif qiyməti 9 qəpikdir, 300 kilovat/saatdan çox istifadə edən abonentlərin isə tarif qiyməti 1 kilovat/saat üçün 13 qəpik müəyyənləşib. Ayrıca qeyri-əhali abonentləri iki kateqoriyaya ayrılıb: ticarət, xidmət və digər. Ticarət və xidmət abonentlərinin tarifi 9 qəpikdən 11 qəpiyə, digər bütün qeyri-əhali abonentlərin tarifi isə bir qəpik artırılaraq 9 qəpikdən 10 qəpiyə qalxıb”.

V.Nəbibəyli qeyd edib ki, elektrik enerjisi üzrə mövcud tariflər 2016-cı il dekabrın 1-dən tətbiq olunub. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və abonentlərin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq məqsədilə enerjinin tarif tənzimlənməsi qaçınılmaz idi. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehlakı üçün istifadə olunan xammalın 50 faizdən çoxunu təbii qaz təşkil edir. Təbii qazın qiymətinin artmağı elektrik enerjisi üçün topdan satış qiymətinin də artırılmasına zərurət yaratdı. “Azərenerji” ASC-dən alınan topdan satış elektrik enerjisinin qiyməti 5,7 qəpikdən 6,6 qəpiyə artırılaraq belə bir müəyyənləşmə aparıldı.